Çimərlik mövsümünün faciələri- Elmar Nurəliyev

Dənizdə boğulmaların sayı niyə artır?

Yayda havalar istiləşməyə başladıqda hər kəs səbirsizliklə çimərlik mövsümünün açılmasını gözləyir. Mövsümə hazırlıqla əlaqədar hər il aidiyyəti qurumlar tərəfindən dəniz suyunun monitorinqi aparılır, ictimai çimərliklərdə təmizlik işləri görülür, təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırıcı lövhələr yerləşdirilir. Hansı çimərliklərin yararlı, hansıların əhali üçün uyğun olmaması barədə xəbərdarlıq edilir.

Ötən ayın əvvəlində bildirilmişdi ki, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsindədir. Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən isə istifadə etməmək tövsiyə olundu.

Təəssüflər olsun ki, bir çoxları məsuliyyətsizlik edərək, mütəxəssislərin və qurumların göstərişlərinə məhəl qoymayaraq, tövsiyə olunmayan, yararsız və nəzarətsiz çimərliklərdən istifadə edirlər. Nəticədə dənizdə batma halları artır, bu barədə statistika hər gün yenilənir.

Axına düşən təcrübəli üzgüçülər belə ondan qurtula bilmirlər

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri Rza Mahmudov deyib ki, dünyanın istənilən dəniz ölkəsində boğulma hadisələri həmişə müşahidə edilir. Əsas səbəb insanların məsuliyyətsizliyi, təhlükəsizliyə diqqət yetirməmələridir. Boğulmaya səbəb olan dəniz sularında təhlükə yaradan təbiət hadisələrindən biri "rip" axınlarıdır. Bu  axınlar okeanlarda, dənizlərdə, Aralıq dənizi, cənub-şərqi Asiya ölkələrində, Avstraliyada müşahidə olunur. Xəzər dənizi də sürətli, nazik, dərin axınlara malikdir. Bunlara əks axınlar da deyilir. Dənizdə dalğaların sınan vaxtı sahildən dənizə doğru əks axınlar başlayır. Bu axınlara düşən təcrübəli üzgüçülər belə ondan qurtula bilmirlər. Ölkəmizdə "rip" axınları daha çox Abşeron yarımadasının şimal, şimal-şərq hissəsi olan çimərliklərdə müşahidə olunur: "Bu gün Xəzər dənizinin səviyyəsinin dəyişməsi onun  hidrometeoroloji şəraitinə, sahil zonalarına, o cümlədən dalğa rejiminə, rip axınlarına öz təsirini göstərir. Belə axınlardan olduqca ehtiyatlı olmaq lazımdır".

Xəzərdə suyun səviyyəsinin dəyişməsi qlobal iqlim amilləri ilə bağlıdır

R.Mahmudovun sözlərinə görə, son illərdə Xəzər dənizinin səviyyəsinin kəskin, təxminən 1,7-1,8 metrə qədər aşağı düşməsi təbiidir və bu, sahilin geomorfoloji quruluşunda, çimərliklərin formasında böyük dəyişikliklərə səbəb olub. Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi qlobal iqlim amilləri ilə bağlıdır. Bu da sahil zonalarına və çimərliklərin formasına təsir göstərir.

"Qlobal iqlim dəyişmələri Xəzərin balans elementlərinin dəyişməsinə səbəb olur. Balans elementləri dedikdə, əsasən, su səthində gedən buxarlanma, suya düşən yağıntılar və dənizə tökülən çay suları nəzərdə tutulur. Çayların illik axımlarının azalması Xəzərə tökülən çayların axınının azalması, dənizin səthində gedən buxarlanmanın artması, yağıntının azalması birbaşa onun səviyyəsinin aşağı düşməsinə səbəb olur. Məlumdur ki, Xəzərə tökülən çayların illik axımı  artanda suyun səviyyəsi də artır. Xəzərin Volqa, Kür kimi nəhəng sutoplayıcı hövzələri də var. Volqanın orta illik su sərfi saniyədə 230-250 kubmetr olarsa, Xəzərdə suyun səviyyəsi stabil qalır. Bəzən Volqadan illik axım saniyədə 330-350 kubmetr olduqda, dənizdə artım baş verir. Bəzən isə də illik axım saniyədə 130-150 kubmetr azalır. O zaman mənzərə indiki kimi olur. Yəni Xəzərdə su səviyyəsi aşağı düşür, dəniz sahilində relyefin dəyişkənliyinə səbəb olur. Bu,  dayaz bölgələrdə özünü daha çox büruzə verir", - deyə hidroloq qeyd edib.

Duzluluq az olan dənizlərdə batma ehtimalı daha çoxdur

R.Mahmudov vurğulayıb ki, Xəzər həm daxili göl olduğu, həm də ona çoxsaylı çay suları töküldüyü üçün okeanlara və açıq dənizlərə nisbətən onda duzluluğun səviyyəsi aşağıdır:

"Duzluluq az olan dənizlərdə də batma ehtimalı daha çoxdur. Amma bu dənizdə boğulmaların dinamikasının artmasının göstəricisi kimi sayıla bilməz. Xəzərdə, həmçinin sualtı burulğanlara da çox rast gəlinir. Bunun nəticəsində dənizin aşağı hissəsindəki soyuq sular səthə çıxır. Dənizdə gedən bu dəyişiklikləri nəzərə alaraq, dəniz səviyyəsinin azalmasına uyğun çimərliklərin maqnetik göstəriciləri yenidən işlənməlidir".

Xəzərdə boğulmaların artması ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, bəzi insanlar həyatlarına biganə yanaşırlar: "Dənizə gedərkən hava şəraiti mütləq nəzərə alınmalıdır. Əlverişsiz hava şəraitində, küləyin sürəti saniyədə 10-12 metri, dalğaların hündürlüyü isə 1-1,5 metri ötərsə, çimərliyə getmək olmaz. Dünyada suda boğulma hallarının statistikasına baxsaq görərik ki, bunun 70 faizi məhz əlverişsiz hava şəraitində baş verib. Suda boğulmanın digər səbəbləri kimi sualtı yad cisimlərin insanları zədələməsini, sualtı yarğanları, çuxurları, burulğanları, axınları, qəfləti dərinlik, panika və müxtəlif xəstəlikləri göstərmək olar".

Elmar Nurəliyevin sözlərinə görə, suda boğulmaların 95 faizi qeyri-çimərlik ərazilərdə baş verir: "Çünki bu ərazilərdə gözlənilməz təhlükələrlə qarşılaşmaq ehtimalları çoxdur. Belə ərazilərdə xilasetmə xidməti fəaliyyət göstərmir. Bu xidmət olmadıqda boğulma təhlükəsi ilə üzləşən şəxsə mütəxəssis kömək edə bilmir.  FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ölkə ərazisində ümumilikdə 37 xilasetmə məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrin dislokasiya ərazisində olan bütün çimərliklərdə sularda təhlükəsizlik tədbirləri xidmət tərəfindən həyata keçirilir. Onlar sayəsində hər il yüzlərlə insan boğulmaqdan xilas edilir".

Boğulan şəxs ilk növbədə panikaya düşməməlidir

Ekspert Elmar Nurəliyev qeyd edib ki, dünya üzrə suda boğulanların 70 faizindən çoxu burada 15-20 dəqiqədən çox vaxt keçirənlərdir. Bu qədər müddət suda qalmaq olmaz. Dənizdə, hovuzda olan müddətdə çaşdırıcı, lüzumsuz hərəkətlərə yol verilməməlidir. Hətta xilasedicilər belə həmin şəxsin boğulub, yoxsa əyləndiyini seçməyə bilərlər. İnsanlar bilməlidirlər ki, günün qızmar vaxtı çimərliyə getməməli, çimərlikdə spirtli içki qəbul etməməli, xəbərdar-edici nişanların tələbini pozmamalı, suya qayıq, kiçik gəmi, katamaran, skuter və s. vasitələri özləri ilə gətirib salmamalıdırlar. Çimərlikdə balıq tutmaq və qayaların, yaxud suda olan estakadalara yaxınlaşıb suya tullanmaq yolverilməzdir.

"Boğulmaya məruz qalan şəxs ilk növbədə panikaya düşməməlidir. İnsan panikaya düşəndə daha çox fiziki güc sərf edir, əzələlər yorulur, əlini sudan göyə qaldırır, ayaq barmaqlarının uclarını aşağı eləməklə yerə vurmaq istəyir. Bu da insanın suyun dibinə çökməsinə gətirib çıxarır. Ona görə boğulma təhlükəsi ilə üzləşən şəxsin əlini yuxarı yox, suyun içərisində saxlamaqla və yarıoturaq vəziyyətdə olmaq şərti ilə yaxındakı şəxslərdən kömək istəməlidir. Köməyə gələn şəxs boğulana arxadan yaxınlaşmalı və başının suyun üzərində saxlamaqla sahilə tərəf üzməlidir. Bədbəxt hadisələrin baş verməməsi üçün müvafiq qurumların və mütəxəssislərin tövsiyələrinə əməl etmək lazımdır", - deyə Elmar Nurəliyev vurğulayıb.

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

0.014496088027954