Tikintidə təhlükəsizlik qaydaları - Elmar Nurəliyev

Sakinlər və tikinti şirkəti arasında yaranan narazılıq fonunda ekspertə müraciət etdik. Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə BAKU.WS-ə qeyd edib ki, tikinti işlərinin gecə aparılması həm sakinlərin istirahətinə problem yaradır, həm də fəhlələrin həyatını təhlükəyə atır: “Əvvəla, onu deyim ki, istehsalatda baş verən qəzaların böyük hissəsi tikintidə baş verir. Tikinti təhlükə risklərinin potensialına görə, öndə gedir. Tikinti sektorunda insanların həyat və sağlamlığına zərər verəcək faktorların riski böyükdür. Bu səbəbdən tikintidə işlər gündüz vaxtı aparılmalıdır. Gecə vaxtı tikinti aparılması işçilərin həyatını təhlükəyə atmış olur. 

Tikinti işlərini aparan şirkətlər və sahibkarlar gecə vaxtı işlərin aparılmasına yol verməməlidir. Ola bilər ki, bəzi işlər gecə görülsün. Misal üçün, tikintiyə hər hansı materiallar gəlir və onlar əraziyə boşaldılmalıdır. Çünki bu yük maşınları gündüzlər şəhərə daxil ola bilmirlər. Lakin tikintinin gecə aparılması əmək intizamının pozulması və işçilərin təhlükəyə atılmasıdır. Gecə vaxtı kranın işləməsi görünmə məhdudiyyəti yarandığı üçün işləyə bilməz. Gecə vaxtı fəhlənin suvaq və hörgü işini görməsi mümkün deyil. O, bu yolla həm özü, həm də digər fəhlələrin həyatını təhlükəyə atılmış olur.

Bundan əlavə tikintinin gecə aparılması ətrafdakı insanları da narahat edir. Buna sakinlərin etiraz etməsi haqlı narazılıqdır. Gecə vaxtı kranın işləməsi, laqondadan istifadə və drellərin işə salınması heç bir halda düzgün deyil. Bu insanların konstitusion hüququnun pozulmasıdır. Həm də orada çalışan işçilər üçün potensial təhlükə mənbəyidir. Tikinti şirkətləri də işini keyfiyyətli iş görmək istəyirsə, onun tikdiyi binanın satışında problem olmasını istəmirsə, bina keyfiyyətli inşa olunmalıdır. Gecə tikilən binanın keyfiyyətinin isə necə olması məlum məsələdir”.

Məlumat üçün bildirək ki, qeyd edilən yaşayış kompleksində aparılan tikinti işləri Azərbaycan Respublikasının Konstitusiyasının 39.1-ci maddəsi ilə müəyyən edilmiş sağlam ətraf mühitdə yaşamaq hüququnu pozur. Belə ki, həmin yaşayış kompleksində aparılan tikinti işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş tikintiyə dair tələblərə uyğun aparılmır. Həmin Məcəllənin 57.2.4-cü maddəsinə əsasən, tikinti obyekti səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddini keçməməsi tələbinə əməl edilməklə layihələndirilməli və ya tikilməlidir. 

Orxan Hüseyn
BAKU.WS

0.01610803604126