Çoxmərtəbəli binalarda yanğın riski- Elmar Nurəliyev
Bakıda yeni yaşayış binalarının sayı artmaqdadır. Binaların sayının artması ilə onların təhlükəsizliyi məsələsi də gündəmə gəlir. Son günlərdə tez-tez yenitikili binalarda yanğınların baş verməsi xəbərlərini oxuyuruq. Həmin binalarda xeyli sayda insanın yaşadığını nəzərə alsaq, bir evdə yanğın baş verməsi onlarla insanın həyatının və əmlakının təhlükədə olması deməkdir. Bəs bu yanğınlara səbəb nədir?
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
"Yaşayış binalarında 807 yanğın baş verib"
Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, əslində yanğınların sayında əvvəlki dövrlərə nisbətən azalma mövcuddur: "2024-cü ilin doqquz ayı ərzində respublika ərazisində 1216 təhqiqatı aparılmış yanğın hadisəsi baş verib. Bu da 2023-cü ilin müvafiq dövrü ilə 135 ədəd və ya 10 faiz azalma deməkdir. O cümlədən 2024-cü ilin doqquz ayı ərzində yaşayış binalarında 807, açıq sahələrdə 32, nəqliyyat vasitələrində 256 və digər yanğınlarda isə 121 hadisə qeydə alınıb. Aparılan maarifləndirmə tədbirlərinin nəticəsidir ki, yanğınların sayının ötən illə müqayisədə azalmasına nail olunub".
"Əsas səbəb vətəndaş səhlənkarlığıdır"
Yaşayış binalarında yanğınların başvermə səbəblərinə gəldikdə isə qeyd edildi ki, həmin hadisələr bir qayda olaraq, bəzi vətəndaşların səhlənkarlığı, habelə məişətdə standartlara uyğun olmayan elektrik və qaz cihazlarından istifadə, mənzildaxili elektrik avadanlığı sistemlərinin işinin pozulması və digər səbəblərdən baş verir: "Odur ki, yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, azyaşlı uşaqları evdə nəzarətsiz qoymamaq, elektrik cihazlarını uşaqlara həvalə etməmək, elektrik xətləri və uzadıcıları həddindən artıq yükləməmək, mənzildən çıxarkən elektrik avadanlığı və qaz cihazlarını şəbəkədən ayırmaq və söndürməyi unutmamaq, standartlara uyğun olmayan qaz cihazlarından istifadə etməmək, söndürülməmiş kibrit və siqaret kötüyünü eyvandan yerə atmamaq, mətbəx, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamamaq vətəndaşlara tövsiyə olunur".
"Yanğınların böyük əksəriyyəti elektrik şəbəkəsindəndir"
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev sözlərinə görə, yanğının baş verməsi üçün üç element şərtdir: "İstilik, yanan material və oksigen. Evdə olan hər bir şeyin yanma riski var. İstilik də olduqda mütləq ki, yanğın təhlükəsi meydana çıxır".
Ekspertin fikrincə, istər fərdi evlər, istərsə də çoxmənzilli yaşayış binalarında yanğınların böyük əksəriyyəti elektrik təsərrüfatında baş verən qızma, qısaqapanma, alışma səbəbindən meydana gəlir: "O səbəbdən, evlərdə elektrik təsərrüfatının daim saz vəziyyətdə olmasına diqqət etmək lazımdır. Evdə istifadə olunan elektrik cihazları, avadanlıqlar hər biri sertifikatı olan, keyfiyyətli məhsullar olmalıdır. Həmçinin istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq nəzarət etmək lazımdır. Evi tərk etdikdə elektrik cihazlarını xətdən ayırmaq vacibdir. Elektrik şəbəkəsi tam normativ standartlara uyğun olaraq istismar edilməlidir".
Elmar Nurəliyev bildirdi ki, elektrik şəbəkəsində baş verə biləcək yanğınların qarşısını almaq üçün keyfiyyətli məhsuldan istifadə etməliyik: "Yanğınların statistikasında ən böyük pay elektrik təsərrüfatında baş verən yanğınlara aiddir. Elektrik təsərrüfatı saz vəziyyətdə olmazsa, normadan artıq yüklənmə baş verərsə, eyni anda bir neçə elektrik cihazı fəaliyyət göstərdikdə evin elektrik tutumu da buna uyğun olmadıqda, yaxud hər hansı bir izolyasiya pozulması olarsa, bu, qızma, qısaqapanma, alışma və yanğına gətirib çıxara bilər".
Binalardakı problemlər
Elmar Nurəliyevin sözlərinə görə, binalarda yanğın təhlükəsizliyi sistemi qurulmalı və qaydalara əməl olunmalıdır: "Yaranan təhlükənin qarşısının vaxtında alınması və insanların oradan təhlükəsiz təxliyə olunması, təhlükəsiz toplanış yerinin, ehtiyat su çəninin, yanğın xəbərdaredici siqnalizasiya vasitələrinin olması, yanğın dolablarının, hidrantların mövcudluğu vacibdir. Bunlara əməl olunduqda, insanların təhlükəsiz çıxarılması da mümkün olur. Ancaq təxliyə yolları, toplanış yerləri olmasa, ehtiyat su çəni təyinatı üzrə istifadə olunmursa, yaxud nasaz vəziyyətdədirsə, bu da yanğının qısa zamanda genişlənməsinə gətirib çıxarır. Bu sistemlər hadisə baş verdikdə daha tez qarşısının alınması və yayılmaması üçündür".
Ekspertin fikrincə, bir çox hallarda binalarda yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilmir: "Binaların həyətində təhlükəsiz toplanış yerləri və ehtiyat su çəninin ətrafında yanğınsöndürmə maşınlarının oraya yan ala bilməsi üçün yer olmalıdır. Lakin əksər hallarda bu yerlərdə digər maşınlar saxlayır, yaxud digər məqsədlər üçün istifadə olunur. Belə olan halda da yanğınsöndürən maşın ehtiyat su çəninə yaxınlaşa bilmir".
"Elektrik şəbəkələri ildə bir dəfə yoxlanılmalıdır"
Müsahibimiz düşünür ki, ən vacib məqam insanların məlumatlandırılması və xəbərdar edilməsidir: "Yanğın təhlükəsizliyi məsələsinə binanı idarə edən MTK-lar ciddi yanaşmalıdır. Sakinlər özləri də bunu tələb etməlidirlər. Elektrik şəbəkələrində ildə bir dəfə ixtisaslaşmış müəssisə ilə qurumlar tərəfindən yoxlamalar həyata keçirilməlidir. Sakinlərə çoxmənzilli binalarda yanğın baş verdikdə necə davranmaq lazım olduğu, hansı təxliyə yolları ilə təhlükəsiz əraziyə keçid edilməli olduğu haqqında məlumatlar verilməlidir".