İçməli su anbarlarının mühafizəsi - Elmar Nurəliyev
Sumqayıt şəhərində uşaqlar arasındakı kütləvi zəhərlənmənin səbəbi kimi rotavirus infeksiyası göstərildi. Bəs infeksiya barədə nə bilirik, virus necə yayıla bilir? Bu virusun başqa adı tibbi jarqonla ifadədə “çirkli əllər xəstəliyi”dir.
Rotavirus infeksiyası – qastroenteritin kəskin formalarından biri olub, rotaviruslar tərəfindən törədilir.
Daha çox 6 ayından 2-3 yaşına qədər körpələrin yoluxduğu bu bağırsaq infeksiyası əhalinin bütün yaş qruplarında xəstəlik törədə bilir. İlk dəfə 1973-cü ildə avstraliyalı mütəxəssislər tərəfindən aşkar olunmasına baxmayaraq, rotavirus inveksiyası müasir dövrdə də öz aktuallığını saxlayır. Bəzi statistik məlumatlara görə, 3 yaşına qədər uşaqlarda müşahidə edilən ishalların 95 faizi rotaviruslar vasitəsilə törəyir.
Uşaqlarda hər yoluxmadan sonra orqanizmdə rotaviruslara qarşı immunitet yarandığına görə növbəti yoluxmalarda xəstəlik əvvəlkilərə nisbətən daha yüngül keçir.
Rotavirusların əsasən məişət əlaqələri nəticəsində çirkli əllər, yaxşı yuyulmamış qidalar, su vasitəsilə fekal-oral yolla yoluxmasına baxmayaraq, bəzi hallarda virus hava-damcı yolu ilə də yayıla bilir.
Sumqayıt şəhərində uşaqlar arasında olan kütləvi zəhərlənmənin ilkin səbəbi kimi tərkibində rotavirus olan çirklənmiş suyun qəbul edilməsi ehtimal edildi. Bu da içməli su hövzələrinin mühafizəsi, təmizlənməsi məsələsini yenidən gündəmə gətirdi.
İçməli su anbarlarının mühafizəsi ilə bağlı Trend-in suallarını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev də bu məsələnin insanların həyatı və təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edir.
Ekspertin sözlərinə görə, su hövzələri və su anbarlarının təhlükəsizliyi, mühafizəsi ilə bağlı Azərbaycanda kifayət qədər qanunvericilik aktları var: “Dövlətin istifadəsində olan su anbarları və su obyektlərinin mühafizəsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Bundan başqa, həmin obyektlərin mühafizəsi ilə bağlı “Sanitar epidemioloji salamatlıq haqqında” Qanun və Azərbaycan Su Məcəlləsi də mövcuddur. Qanunvericilik aktlarında su anbarlarının mühafizəsi, onların hidrotexniki qurğularla təchizatı göstərilib. Su anbarlarının mühafizəsinin təşkili bu qanunvericilik aktları vasitəsilə tənzimlənir. Qanunvericiliyə görə, su anbarlarının mühafizə zolağının yaradılması vacib hesab edilir. Sənəddə su anbarlarında mühafizə zolağının təşkilində hidroloji, hidrobioloji sanitar qaydalar da göstərilib”.
Ekspert Elmar Nurəliyev bildirir ki, insanların təhlükəsizliyi üçün su anbarlarının mühafizəsi xüsusi diqqət tələb edir: “Bu prosesdə hər hansı sanitar epidemioloji qaydanın pozulması insan həyatı üçün təhlükəyə səbəb ola bilər. Məsələn, su anbarına hansısa zəhərli kimyəvi maddənin düşməsi insanlar arasında kütləvi təhlükəyə səbəb ola bilər. Ona görə su anbarlarının ekoloji durumu, sanitar epidemioloji normaları və hidrotexniki və sutəmizləyici qurğuları daim yoxlanılmalıdır”.
Su anbarlarının qapısı həmişə bağlı olmalı və buna xüsusi nəzarət olunmalıdır. Hər hansı su anbarının qapısının nəinki açıq, hətta zədəli olması içməli suya müəyyən heyvan, həşərat və ya külək, hava yolu ilə zərərli bitkilərin düşməsinə səbəb ola bilər. Bu da çürümə nəticəsində suda hansısa zəhərli maddələr yaradar ki, həmin sudan istifadə edən əhalinin həyatına təhlükə yaranar”.
E.Nurəliyev deyir ki, Azərbaycanda içməli su anbarları aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yüksək təhlükəsizliklə qorunur: “Bizdə su anbarlarının ətrafında yaşıllıq zolağı var, ətrafda işıqlandırma sistemi və səsli qoruyucu vasitələr quraşdırılıb. Bununla yanaşı, su anbarının ərazisini müşahidə edən nəzarət kameraları da var ki, həmin kameralarla anbarlara ciddi nəzarət olunur. Buna görə də, bu virusun su anbarlarından yayılması ehtimalı sıfır faizə yaxındır.
Ekspert bildirir ki, əgər bu virusun həqiqətən sudan yayılması faktı təstiqlənərsə, bu suyun mərkəzi anbardan vurulan suya aidiyyəti olması ehtimalı sıfıra bərabərdir. Çünki həmin anbarlardan çirkli suyun əhaliyə verilməsi mümkünsüzdür: “Ola bilər ki, mərkəzi su anbarlarından içməli su hansısa qəsəbəyə verilərkən paylayıcı anbara vurulur. Məsələn, Ceyranbatan Su Anbarından içməli su hansısa yaşayış məntəqəsinə verilən paylayıcı anbara vurulur. Əgər zəhərlənmə də həmin ərazidə baş veribsə, həmin anbarı yoxlamaq daha məqsədəuyğun olar. Ola bilər ki, həmin anbarın ağzı açıq qalıb, düzgün mühafizə olunmayıb və suya hansısa bir maddə qarışıb. Ola bilər ki, həmin anbarda hansısa qaydaya əməl olunmayıb. Çünki virus əsasən bir yaşayış məntəqəsində baş verib. Əgər mərkəzləşdirilmiş anbardan olsaydı, bu hadisə daha bir neçə yaşayış məntəqəsində baş verərdi. Buna görə də paylayıcı anbar yoxlanılmalı, məsələ ciddi araşdırılmalıdır”.