Sumqayıt və Novxanıda partlayışlar - SƏBƏBİ BİLİN və DİQQƏTLİ OLUN

Sumqayıt şəhərində yerləşən çoxmənzilli binada və Novxanı qəsəbəsindəki fərdi yaşayış evində partlayış gündəm mövzulardır. Bir-birinə bənzər hadisələr zamanı insan itkisi olmasa da, 8 nəfər yaralanıb. Hər iki partlayış qaz sızıntısından baş verib.

Bu qəbildən olan bədbəxt hadisələrin qarşısını almaq üçün vətəndaşlar nələrə diqqət yetirməlidir?

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan texniki təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, evlərdə qaz və elektrik sahələrinin düzgün quraşdırılması mütləqdir:

“Ümumiyyətlə, çoxmənzilli yaşayış binalarında, fərdi yaşayış evlərində texniki təhlükəsizlik məsələsi ön planda olmalıdır. Əgər evdə elektrik və qaz cihazları varsa, onların istismarı mütləq müəyyən qaydalar əsasında həyata keçirilməlidir.

İlk növbədə, bu cür xətlərin layihələndirilməsi, quraşdırılması və təmir işlərinin aparılmasını ixtisaslaşmış müəssisələr həyata keçirilməlidir. Avadanlıqların, cihazların hər biri normativ standartlara uyğun olmalıdır. Hər hansı bir kənar müdaxilə yolverilməzdir.

Çox vaxt qaz cihazının xassələri düzgün istifadə olunmadıqda dəm qazının yaranmasına səbəb olur”.

Ekspert qaz detektorlarından istifadənin vacibliyindən də bəhs edib:

“Qanunvericiliyə əsasən, həm dəm qazına, həm də qaz sızıntısına qarşı detektorlar quraşdırılmalıdır. Əlbəttə, bu detektorların işi olduqca funksionaldır. Yəni dəm qazı əleyhinə olanlar lazımi məqamda xüsusi səs siqnalı vasitəsi ilə xəbərdarlıq edir. Qaz sızması əleyhinə olan detektor da eyni qaydada hərəkət edərək klapanı bağlayır və təchizat dayanır.

Beləliklə, hansısa bədbəxt hadisənin, faciənin qarşısı alınmış olur. Ona görə də mütləq bu kimi təhlükəsizlik məsələləri hər zaman ciddi yanaşılmalı, diqqətdə saxlanmalı olan məsələlərdir”.

0.01319408416748