Binaların yanğın təhlükəsizliyi qaydalarının tələblərinə necə riayət olunur? - Elmar Nurəliyev

Bu gün paytaxtda mövcud çoxmərtəbəli binaların əksəriyyətində ehtiyat yanğın çıxışları yoxdur. Bəzi binalarda yanğınsöndürən balonlar olsa da, həmin qurğu işlək vəziyyətdə deyil. Sovet dönəmində tikilən binaların həyətində əlavə kiçik binalarda yanğına qarşı ehtiyat vasitələri ilə təchiz olunurdu. Binaların eyvanlarından yanğın keçidi qoyulurdu, bəzilərində yanmasın deyə, çöldən dəmir pilləkənlər var idi. Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, standartlara uyğun tikilən binalar dövlət qeydiyyatına alınır və orada yaşamağa icazə verilir: “Hansı binalarda ki, tikinti normalarına, təhlükəsizlik standartlarına əməl olunursa, eləcə də tikintidə istifadə olunan materiallar standartlarına cavab verirsə, həmin binalar dövlət tərəfindən qeydiyyata alınır və yaşamaq üçün icazə verilir. Amma bir sıra binalar var ki, onların tikintisində bu qaydalar nəzərə alınmayıb.
Tək ehtiyat çıxışı yox, binaların həyətində parklanma, ehtiyat yanğın su çəni, hər mərtəbədə nəzarət müşahidə kameraları, o cümlədən siqnalizasiya avadanlıqları, tüstüyə qarşı müdafiə sistemi, bütün mərtəbələri yanğın dolabları ilə təchiz olunan binalar bütün təhlükəsizlik standartlarına əməl olunaraq inşa edilən mənzillərdir. Bu kimi məsələlərdə insanlar da diqqətli olmalı, öz həyatlarını təhlükə altına atmamalıdırlar. Əgər kimsə ev alırsa və yaxud bizneslə məşğul olmaq üçün mənzil kirayə götürürsə, təhlükəsizlik normalarına cavab verən plazalara üstünlük verə bilərlər. Bu cür plazalardan obyekt kirayə götürən və yaxud mənzil alan şəxs ən azından arxayın olur ki, burada təhlükəsizlik normalarına əməl olunur”.
Ekspert Elmar Nurəliyev hazırda paytaxtda bəzi binalarda hətta lift üçün ehtiyat generatorların olmadığını da diqqətə çatdırıb: “Bu cür yaşayış obyektlərində işıq sönsə, binaya girən şəxs liftin içərisində qalmağa məhkumdur. Amma buna baxmayaraq, həmin binada yaşayış var. Binanın həyətində ehtiyat su çəni belə, yoxdur, olanlar da işlək vəziyyətdə deyil. Adi bir fövqəladə vəziyyətdə binanın həyətinə girmək mümkün olmalıdır. Xüsusən axşam vaxtı parklama ərazisi olmayan hündür mərtəbəli binalarda eksperiment aparılsa, həmin əraziyə girməyin müşkül məsələ olduğunu görmək olar. Fövqəladə hadisə vaxtı yanğınsöndürən maşınlarının həmin əraziyə necə daxil olması sual olaraq qalır”.

Fuad

0.015444993972778