Partlayışlardan özümüzü necə qoruyaq? – Elmar Nurəliyev

Tarixə qara hərflərlə həkk olan Bhopal faciəsinin ildönümüdür. 1984-cü il dekabrın 2-dən 3-ə keçən gecə Hindistanın Bhopal şəhərindəki Union Carbide zavodunda böyük bir kimyəvi sızıntı baş verdi. Sızan maddə metil izosiyanat idi və nəticədə minlərlə insanın ölümünə və çox sayda insanın zəhərlənməsinə səbəb oldu. 16 000 dən çox insanın həyatına son qoyuldu.

Kimyəvi qəza müxtəlif zavodlarda baş verə bilər, çünki bir çox sənaye müəssisəsi kimyəvi maddələrlə işləyir və bəzən bu maddələrin təhlükəsiz idarə olunmaması qəzalara səbəb olur.

Bu gün Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə, eləcə də Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evində partlayış baş verib. Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında və sexdə də yanğın hadisəsi qeydə alınıb.

Qeyd edək ki, bu kimi qəzalar, əsasən təhlükəsizlik tədbirlərinin olmaması, texniki səhvlər və ya insan faktoru nəticəsində meydana gəlir. Bu cür qəzalardan sonra daha sərt təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri tətbiq edilməyə başlanır.

Bəs görəsən, bu qəzalar nədən baş verir? Qəzalardan necə qorunmalıyıq?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, kimya sənayelərində təhlükəsizlik məsələləri ən vacib məsələlərdəndir:

“Kimya sənaye müəssisələrində istehsal və istifadə olunan xammal maddələri tez alışıb-yanan maddələrdir. İstehsal prosesi bütün təhlükəsizlik normativlərinə uyğun həyata keçirilməlidir. Texniki və yanğın təhlüksəziliyinə, əməyin mühafizəsinə çox ciddi əməl olunmalıdır. Tədbirlər kompleks təşkil olunmalıdır. Yanğın təhlükəsizlik qaydalarına ciddi riayət olunmadıqda zavodlarda qəzalar yarana bilər. Bunun da ciddi partlayışla müşahidə edilməsi ehtimalı var. İşçilər də mütəmadi təlimatlandırılmalıdır.

Dünyada elə bir sistem yoxdur ki, 100 faiz qəzadan sığortalasın. Bu yanaşma doğru deyil. Önləyici tədbirlər görmək, qaydalara ciddi riayət etməklə, işçilərin bilik və bacarıqlarını artırmaqla qorunmuş oluruq. Dünyada hər il istehsalatda qəza hadisələri baş verir. Nəticədə milyonlarla insan həyatını itirir”.

Elmar Nurəliyev bu gün Sumqayıt və Novxanıda baş verən hadisələrə də münasibət bildirib:

“Qaz harada varsa, təhlükəsizlik məsələsi ön planda olmalıdır. Düzgün istifadə olunmadıqda dəm qazına çevrilir. Ona görə də qaz təsərrüfatı harada mövcuddursa, təhlükəsizliyə mütləq ciddi riayət olunmalıdır. Təmir və tikinti zamanı işlər mütləq ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir.

Qaz cihazı olan otaqlarda dəm qazının detektoru olmalıdır. Bu, böyük faciənin qarşısını ala bilər… Nəzərə almaq lazımdır ki, otaqda olan hava kütləsinin 0,1 faizi kifayət edir ki, 5-7 dəqiqəyə insanı zəhərləsin. Qaz sızması isə otağın 4-5 faizinə kifayət edir ki, partlayış olsun. Ehtiyatlı davranmaq lazımdır.

Evdə qoxulara diqqət etmək lazımdır. Dəm qazından qorunmaq üçün qaz cihazında havalandırma olmalıdır. Təbii ki, dəm qazı natamam yanma məhsuludur. Əgər otaqda kifayət qədər hava yoxdursa, bu, dəm qazının yaranmasına səbəb olacaq”.

Nəzrin Vahid

0.015381097793579