Xəbərdarlıq edilmədən işıq, su, qaz kəsilməməlidir - Elmar Nurəliyev
Kommunalın birdən-birə kəsilməsi vətəndaşların ən çox şikayətləndiyi məqamlardan biridir. Aidiyyəti qurumlar təmir işlərini, xətlərin birləşdirilməsini və ya mövsümi hazırlıqları əsas gətirsə də, sakinlər mövcud vəziyyətdən şikayətçidir. Sakinlər xəbərdarlıq edilmədən tez-tez işığın kəsilməsi ilə rastlaşdıqlarını bildirirlər. Onlar istehlakçı hüquqlarının pozulduğunu və müəyyən xəbərdarlıq edilməsinin vacib olduğunu deyirlər.
Bəzən nəinki işığın, eyni zamanda suyun və qazın da qəflətən kəsilməsi ilə rastlaşırıq. Maraqlıdır, kommunal xidmətlərdən istifadənin kəsilməsinə dair qabaqcadan xəbərdarlıq edilməməsi nə dərəcədə düzgündür?
Sualımızı cavablandıran təhlükəsizlik üzrə eskpert Elmar Nurəliyev Sherg.az-a bildirdi ki, kommunal xidmətlər göstərən qurumlar- istər su, istər qaz, istərsə də işıq idarəsi hansısa nasazlıq yaranıbsa və buna görə kommunal xidmətin fəaliyyətində məhdudiyyətlər olacaqsa, ərazi üzrə əhalini məlumatlandırmalıdır:
“Evdə olan şəxs hardan bilsin ki, qəza olub, hansı səbəbdən işıq yaxud qaz kəsilib. Ona görə də əhalinin üzərinə müəyyən məsuliyyət düşür . Onlar öz təhlükəsizliyini özləri də qorumalıdır. Evdə ehtiyac olmadığı halda otaqların işıqlarını yandırmaq, elektrik cihazlarını istifadə etdikdən sonra cərəyandan ayırmamaq , evdə eyni anda bütün elektrik cihazları və avadanlıqlarından istifadə etmək elektrik xətlərində qızmaya səbəb ola bilər. Belə olduqda hətta yanğın təhlükəsi də yaranır. Elektrik cihazlarından istifadə etdikdən sonra cərəyandan çıxarılmasa və ani bir qısapanma olarsa, o elektrik cihazları sıradan çıxa bilər. Yaxud işıqlar sönə bilər və müəyyən saatdan sonra yana bilər ki, bu zaman artan gərginlik olarsa cərəyana birləşmiş elektrik cihazı sıradan çıxa biər. Ona görə də hesab edirəm ki, kommunal xidmətlər göstərən qurumlar bunu nəzərə alaraq mütləq əhalini xəbərdar etməlidirlər”.
Neymar.az