Tüstü bacaları ildə iki dəfədən az olmayaraq təmizlənməlidir- Elmar Nurəliyev
Qışın gəlişi ilə paytaxt və bölgələrdə dəm qazı zəhərlənmələrinin artmasının şahidi oluruq. Təkcə noyabrda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib. Şöbəyə qəbul edilən xəstələrdən 14 nəfəri dəm qazından zəhərlənənlər olub.
Dadsız, rəngsiz və qoxusuz olduğu üçün "səssiz qatil" adlandırılan dəm qazı və yaxud karbon monoksid təbii qaz, benzin, balon qazı, odun və kömür kimi tərkibində karbon olan yanacaqların yanması və ya tam yanmaması nəticəsində yaranır. Güclü və sürətli zəhərlənməyə səbəb olan zəhərli qaz orqanizmdə sürətlə yayılır, ürək, beyin, qan və əzələləri zədələyir, zamanında müvafiq tədbir görülməzsə, insanın ölümünə səbəb olur.
Baş ağrıları, halsızlıq, huşun itirilməsi
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Aynur Məmmədovanın sözlərinə görə, dəm qazı zəhərlənmələri yüngül, orta və ağır dərəcəli olur: "Yüngül dərəcəli zəhərlənmələrin ciddi əlamətləri olmur. Yalnız yüngül başağrıları və halsızlıq müşahidə olunur. Bu zaman qanda 15 faizə qədər karboksihemoqlabin (CoHB) olduğu üçün tibbi yardıma da gərək qalmır. Orta dərəcəli dəm qazı zəhərlənmələrində ürəkbulanma, başağrısı, qusma və halsızlıq kimi əlamətlər özünü büruzə verir. Bu zaman "CoHB"nin miqdarı 35 faizə çatır, xəstədə ciddi başağrıları, halsızlıq, hətta qısamüddətli huş itirilməsi də olur. Zərərçəkən kömək olmadan hamamdan çıxa bilmir. Kömək çağırmaq üçün isə çox az vaxt olur. O anda çıxa bilməsə, zəhərlənmə ağır dərəcəyə keçir. Ağır hallarda xəstə huşunu itirir, qıcolma baş verir, tənəffüs və ürək çatışmazlığı yaranır. "CoHB"nin miqdarı 50-55 faizə çatdıqda isə ölüm baş verir".
Aynur Məmmədova bildirib ki, ağır dərəcəli dəm qazı zəhərlənmələri zamanı qeyri-iradi qusmalar olur, xəstə özündə olmadığı üçün isə qusuntu kütləsi tənəffüs yoluna düşərək onu qapayır, boğulmaya səbəb olur. Buna aspirasiya deyilir. Təəssüf ki, xəstələr bu diaqnozla xəstəxanaya gələnədək dünyasını dəyişirlər. Dəm qazından zəhərlənmə zamanı ilk olaraq xəstə həmin mühitdən uzaqlaşdırılaraq, təmiz havaya çıxarılmalıdır. Yuxarı tənəffüs yolları selikdən təmizlənməli, əgər nəfəs dayanıbsa, suni tənəffüs verilməlidir. Bununla bərabər, təcili tibbi yardım çağırmaq lazımdır.
"Dəm qazı zəhərlənmələri yaşlılar, xroniki xəstəlikləri olanlar, azyaşlılar, hamilələr və onların bətnindəki körpələr üçün olduqca təhlükəlidir. Risk qrupuna daxil olmayan zərərçəkənlər belə bəzən dəm qazı zəhərlənmələrinin fəsadları ilə üzləşə bilərlər. Bu fəsadlar özünü karlıq, korluq, əqli zəiflik və hərəkət pozğunluğu kimi nevroloji əlamətlərlə göstərir. Bu isə beynin hansı hissəsinin zədələnməsindən asılı olur. Adətən, bu təzahürlər bir müddətdən sonra keçib getsə də, bəzi hallarda ömürlük qalır", - deyə həkim-toksikoloq qeyd edib.
Tüstü bacaları ildə iki dəfədən az olmayaraq təmizlənməlidir
Qış fəslində havaların soyuması ilə insanların istiliyə olan tələbatı artır. Bu da öz növbəsində qaz cihazlarına olan zərurəti artırır, istilik qurğularından düzgün istifadəni gündəmə gətirir. Qaz cihazlarına kənar müdaxilələr etdikdə və ya onlar standartlara uyğun olmadıqda, tüstü bacaları isə yararsız olduqda dəm qazı yaranır.
Təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev deyib ki, qaz cihazı quraşdırılarkən otağın kvadratı nəzərə alınmalıdır: "İkigözlü qaz sobaları üçün otağın sahəsi minimum 8 kvadrat, üçgözlü qaz sobası üçün 12 kvadrat, dördgözlü qaz sobası üçün isə 15 kvadrat olmalıdır. Əgər əlavə su qızıdırıcı da quraşdırılırsa, otağın sahəsi minimum 20 kvadrat olmalıdır. Qaz cihazlarının seçimi də önəmlidir. Təhlükəsizlik standartlarına cavab verən, sertifikasiyası olan cihazlardan istifadə etmək lazımdır. Standartlara cavab verən qaz cihazını aldıqdan sonra onun quraşdırılması, daha sonra hər hansı bir texniki qulluğun göstərilməsi və təmir işinin aparılması yalnız peşəkar mütəxəssislər tərəfindən həyata keçirilməlidir".
Ekspertin sözlərinə görə, tüstü bacaları ildə iki dəfədən az olmayaraq təmizlənməlidir. Dəlik, deşik, çatların olmamasına diqqət yetirilməlidir. Tüstü bacaları işlək olmadıqa yanan qaz tullantılarını çölə xaric edə bilmir, nəticədə dəm qazı yaranır. Qaz cihazı olan yerdə mütləq yaxşı havalandırma sistemi, nəfəslik olmalıdır. Dəm qazının daha çox yarandığı mətbəx və hamam otaqlarında təhlükəsizlik qaydaları xüsusilə önəmlidir.
Qaz sızmasını və dəm qazını aşkarlayan detektorların önəmini vurğulayan Elmar Nurəliyev qeyd edib ki, bu cihazlar geniş təbliğ olunmalı, hər bir evə quraşdırılmalıdır. "Qaz sızması əleyhinə olan detektorlarda təhlükə anında klapan bağlanır, dəm qazı əleyhinə olan detektorlar isə xüsusi səs siqnalı vasitəsilə istifadəçiyə məlumat verir. Bu da bədbəxt hadisələrin yaşanmasının qarşısını alır. Detektorların quraşdırılması istehlakçıların üzərinə düşən məsuliyyətdir. Lakin əfsuslar olsun ki, bəzən buna qeyri-ciddi yanaşılır. Funksionallığı mükəmməl olan bu cihazlar dəm qazı olan kimi işə düşür. Qazın təchizatı dayanır və istehlakçıya bununla bağlı bildiriş gedir. Nasazlığın aradan qaldırılması yönündə müvafiq addımlar atılır. Cihazların qiymətinin əlçatanlığı isə olduqca yaxşı haldır. Təhlükəsizlik qaydalarına riayət etməklə dəm qazı faciələrinin qarşısını əhəmiyyətli dərəcədə almaq olar", - deyə ekspert vurğulayıb.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"