Pirotexniki vasitələrin istifadəsinə və satışına görə hansı cəzalar nəzərdə tutulur? - ARAŞDIRMA
Hər il bayramqabağı bazarlarda pirotexniki vasitələrin, fişənglərin və digər partlayıcı vasitələrin satışına rast gəlinir. Bildiyimiz kimi, Azərbaycanda pirotexniki vasitələrin mülki dövriyyədə istifadə olunması, satışı, ölkəyə gətirilməsi qanunla qadağandır. Lakin bunu qaçaqmalçılıq yolu ilə ölkəyə gətirənlər və gizli şəkildə satışını həyata keçirənlər az olmadığı kimi, eləcə də istifadə edənlər kifayət qədərdir. Təəssüf ki, həmin vasitələrin düzgün istifadə edilməməsi bəzən insanların fizioloji xəsarətlər almasına da yol aça bilir.
Bu barədə təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sfera.az-a açıqlamasında bildirib ki, bu cür vasitələr ətraf mühitə ziyan vurması ilə yanaşı insanların sağlamlığı üçün də təhlükəlidir:
"Xüsusən də nəzərə almaq lazımdır ki, onlara daha çox uşaqlar maraq göstərirlər. Azyaşlılar bu vasitələri evdə elə yerdə saxlaya bilərlər ki, fəsadları daha ağır ola bilər. Bu cür vasitələrin evdə nəmişlik, rütubət, Günəş şüalarının davamlı təsiri olan yerdə, daha sonra qızdırıcı vasitələrinə yaxın olan yerlərdə saxlanılması öz-özünə alışmaya, partlayışa, eləcə də yanğına səbəb ola bilər. Ümumiyyətlə, bu cür pirotexniki vasitələr qeyri-qanuni yolla əldə olunduğu üçün onun hansı müəssisə tərəfindən istehsal olunduğu belə bilinmir. Bu isə təhlükənin nə dərəcədə ciddi olduğundan xəbər verir. Pirotexniki vasitələr düzgün istifadə olunmadıqda insanın əlində partlaya, eləcə də müxtəlif xəsarətlər törədə bilər. Xüsusən də qapalı məkanlarda bu cür vasitələrdən istifadə yanğın təhlükəsi yarada bilər. Bundan başqa kütləvi tədbirlərdə, insanların daha çox cəmləşdiyi yerlərdə bu cür vasitələrdən istifadə etməklə həm insan özünə xəsarət yetirə, həm də digər şəxslərin həyat və sağlamlığını təhlükəyə atmış ola bilər. Ona görə də yaxşı olardı ki, bu məsələdə valideynlər diqqətli olsunlar, uşaqlarını pirotexniki vasitələrin təhlükələri barədə məlumatlandırsınlar, eləcə də onlardan istifadədən çəkindirsinlər".
Qeyd edək ki, pirotexniki vasitələrin, fişənglərin və digər partlayıcı vasitələrin istifadəsinə daha çox yeniyetmə və uşaqlar arasında rast gəlinir.
Bəs bu vasitələrdən istifadə onların psixologiyasına hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq Nahidə Axundova bildirib ki, pirotexniki vasitələrin istifadəsi, xüsusən yeniyetmələr və uşaqların psixologiyasında bir çox yöndə mənfi təsirlərlə müşahidə oluna bilər:
“Pirotexniki vasitələrdən istifadə zamanı təhlükə hissi və risk qavrayışı meydana çıxır ki, bu da təhlükəni düzgün qiymətləndirə bilməmə və risk almağa meyllilik kimi pis vərdişlər yarada bilər. Bu mövzuya toxunarkən bunun sosial təsir tərəfini də unutmaq olmaz. Bu cür vasitələrin istifadəsi bəzən dost qruplarında populyarlıq qazanmaq məqsədi ilə edilə bilər. Bu, sosial təsir və qrup dinamikası ilə bağlıdır.Həmçinin partlayışların yaratdığı səs və vizual effektlər, uşaqlarda güclü emosional reaksiyalar yaradır ki, bu da intensiv emosiyaları (həyəcan) və mənfi (qorxu) hissləri uşaqlara bir arada yaşatmaqla psixoloji balansı poza bilər”.
N.Axundovanın sözlərinə görə, pirotexniki vasitələrin istifadəsi qeyri-etik davranışların inkişafına yol açır və gələcəkdə uşaqlarda davranış problemlərinə də səbəb ola bilir. Uşaqlar riskli davranışların nəticələrini düzgün başa düşmür, bu, onların travmalar və lazımsız risklər almasına səbəb olur. Psixoloq valideynlərin və müəllimlərin bu cür davranışları müzakirə etmələri, uşaq və yeniyetmələri təhlükələr barədə məlumatlandırmalarını və onlara sağlam alternativlər təqdim etmələrini tövsiyə edib.
Mövzunun hüquqi tərəfi ilə bağlı açıqlama verən vəkil Turan Abdullazadə saytımıza bildirdi ki, pirotexniki vasitələrin mülki dövriyyədə istifadə olunması, satışı, ölkəyə gətirilməsi qanunla qadağandır.Onun sözlərinə görə, həmin məhsulların gömrük sərhədindən keçirilməsi yalnız qaçaqmalçılıq yolu ilə və ya qanunvericilikdə nəzərdə tutulan xüsusi icazə əsasında mümkündür:
“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna əsasən, pirotexniki məmulatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib. Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub. Pirotexniki məmulatların poçtla və baqajla qanunsuz olaraq göndərilməsi ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər. Habelə malların gömrük nəzarətindən gizli, eləcə də bəyanetməmə və ya düzgün bəyanetməmə yolu ilə keçirilməsi hallarına qarşı malın dəyərindən asılı olaraq Cinayət və İnzibati Xətalar Məcəllələrində müxtəlif növ cəza və cərimələr nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinə əsasən, malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən kənar keçirilməsinə, yəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdən kənar yerdən və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar vaxtda keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir”.
Vəkilin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, pirotexniki qurğulardan, yəni fişəng, partlayıcı və.s istifadə etməyə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur:
“Həmin məcəllənin 517.0.7-ci maddəsinə əsasən, partlayıcı maddələrin gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasına görə - fiziki şəxslər 40 manatdan 80 manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər 350 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.Nəzərə almaq lazımdır ki, tezalışan maddələr və pirotexniki vasitələrdən istifadə bayram əhvali-ruhiyyəsinin, rahatlığın pozulması ilə nəticələnməklə yanaşı, insanların sağlamlığı və ətraf mühit üçün də ciddi təhlükədir. Xüsusilə də uşaqların əyləncə məqsədilə istifadə etdikləri bu vasitələr onlarda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına, müxtəlif dərəcəli yanıqlara yol aça bilir. Təbii ki, görmə və eşitmə qabiliyyətlərinin itirilməsi, ani partlayış səsi ilə yaranan qorxudan müxtəlif psixoloji travmaların alınması - əgər bu digər şəxsin təqsiri ucbatından baş vermişdirsə- inzibati və cinayət məsuliyyətinə səbəb olur. Odur ki, bununla bağlı cəmiyyətdə daimi olaraq maarifləndirici işlər aparılmalı, əyləncədən çox, sağlamlıq üçün ciddi təhlükə olduğu izah ediməlidir. Pirotexniki vasitələrdən istifadə başqalarının sağlamlığına və hüquqlarına ziyan vurmadığı və milli adət-ənənələrimizin ruhuna uyğun istifadə edildikdə isə məsuliyyət yaratmır. Məsələn, dənizdəki gəmilərdən saat 00:00-da fişənglərin atılmasını misal göstərə bilərik”.
Firuzə Əliyeva
sfera.az
neymar.az