Lift qəzaları niyə tez-tez olur?- Elmar Nurəliyev
Bakı şəhərində liftlərin qırılması, dayanması və s. kimi problemlərlə tez-tez qarşılaşırıq.
Belə hadisələrdən növbətisi ötən gün paytaxtdakı xəstəxanalardan birində baş verib, liftin qırılması bir nəfərin xəsarət alması ilə nəticələnib. Baş verənlərdən dolayı liftdən istifadədən imtina edənlər isə o qədər çox deyil. Çünki bu vasitə gündəlik məişətimizin ayrılmaz hissəsidir. O baxımdan, liftlərin təhükəsiz istifadəsi məsələsinin gündəmdə olması daha vacibdir.
Liftlərdə qəzalar hansı səbəblərdən baş verir?
Movzu ilə bağlı TNS-ə danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev liftlərin təhlükə potensiallı obyektlər siyahısında olduğunu bildirib: “Liftlərin təhlükəsiz istismarı həyata keçirilməlidir. Ümumiyyətlə, liftdə qəzalar hansı səbəblərdən baş verir? Trosun qırılması, elektrik təchizatında baş verən nasazlıq və düzgün montaj, quraşdırma işləri həyata keçirilmədiyi halda liftdə bu kimi təhlükə ehtimalı var.
Liftdə nasazlıq olduqda dərhal dayandırılmalı, aradan qaldırılmalıdır. Nasazlıq olduğu halda, liftin çalışdırılması doğru deyil.
Qurğuların istismarına cavabdeh şəxslər olmalıdır. Liftlərin aqreqatları, qurğu və detallarının təmirə ehtiyacı yaranarsa, bu, mütləq ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir. Liftin layihələndirilməsi ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməli, daha sonra texniki qulluğu da ixtisaslaşmış müəssisə tərəfindən aparılmalıdır. Eyni zamanda, təhlükəsizliklə bağlı gündəlik qeydlər olmalıdır. Ən vaciblərdən biri isə odur ki, yalnız serifikatı olan liftlərdən istifadə edilməlidir”.
Aygün
tns.az