İaşə obyektləri, ticarət mərkəzləri və bazarlar yanğından necə qorunmalıdır?- Elmar Nurəliyev
2019-cu il yanğınla başlayıb, yanğınla bitdi… Özü də bu iri obyektlər mərhum Bəşir Səfəroğlunun məşhur səhnəciyində dediyi kimi "yavaş-yavaş" yox, birdən yandı və təkcə iqtisadiyyata deyil, ekologiyaya da böyük zərər vurdu
İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 11 dekabr — Sputnik. Bu ilin əvvəlində "Diqlas" ticarət mərkəzi yanaraq deformasiyaya uğradıqdan sonra cəmiyyətdə bir fikir formalaşdı ki, ticarət mərkəzlərində yanğın təhlükəsizliyi qaydalarına əməl edilmir. Bütün aidiyyəti qurumlar təftişə, yoxlamalara başladı.
Və bu zaman böyük bir zərərə uğramış sahibkar qrupu yarandı. Düzdür, cənab Prezidentin tapşırığı ilə sahibkarlara dəymiş zərər ödənildi.
Əslində, "Diqlas" ticarət mərkəzində baş verən yanğın hadisəsi digər ticarət mərkəzlərinə örnək olmalı və yanğın təhlükəsizliyinə qarşı tədbirlər görülməli idi.
Dekabrın 10-da eyni hadisə elə eyni formada "EuroHome" tikinti malları bazarında baş verdi. Güclü yanğın bütün ticarət mərkəzini külə döndərdi. Yenə yüzlərlə insana zərər dəydi.
Beləliklə, 2019-cu il yanğınla başlayıb, yanğınla bitdi… Özü də bu iri obyektlər mərhum Bəşir Səfəroğlunun məşhur səhnəciyində dediyi kimi "yavaş-yavaş" yox, birdən yandı və təkcə iqtisadiyyata deyil, ekologiyaya da böyük zərər vurdu.
İaşə obyektləri, ticarət mərkəzləri və bazarlar yanğından necə qorunmalıdır?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son zamanlar ticarət mərkəzlərində, bazarlarda baş verən geniş miqyaslı yanğınlar bir daha onu göstərir ki, insanların daha çox olduğu bu məkanlarda yanğın təhülkəsizliyinə çox ciddi sürətdə əməl edilməlidir.
"Çünki burada baş verən yanğın hadisəsi həm yüzlərlə insanın həyatını təhlükəyə atır, həm də orada çalışan kiçik sahibkarlara xeyli ziyan vurur".
Onun sözlərinə görə, ticarət, alış-veriş mərkəzləri, bazarlar, əsas da tikinti materialları satan bazarlar bütün zəruri olan yanğın təhlükəsizliyi norma və standartlarına riayət etməli, bazara gələn müştərilərdən də yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrini tələb etməlidirlər. Xüsusilə orada çalışan icarədarların da yanğın təhlükəsizliyi qaydalarına riayət etməsini bazar administrasiyası tərəfindən tələb etmək lazımdır: "Ticarət mərkəzlərində təhlükəsizliyin gücləndirilməsi ilə bağlı cənab Prezident İlham Əliyev Nizami rayonundakı ticarət mərkəzində baş verən güclü yanğınla bağlı keçirdiyi müşavirədə qeyd etmişdi ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı və təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Ona görə ticarət mərkəzlərini çalışdıran şəxslər bu işə ciddi yanaşmalıdırlar".
Nurəliyev Elmar qeyd edib ki, bazarda dükan götürüb çalışan sahibkarlar bəzən işdən çıxanda elektrik çaydanını, qaz sobasını, yaxud digər elektrik avadanlığını işlək vəziyyətdə qoyub gedirlər. Bu da yanğın təhlükəsini qaçılmaz edir.
"Böyük ticarət mərkəzlərində, bazarlarda yanğın təhlükəsizliyinə cavabdeh şəxslər olmalıdır. Onlar obyektdə yanğın təhlükəsizliyinin pozulması hallarına qarşı lazım olan bütün tədbirləri görərək mübarizə aparmalıdırlar. Nöqsanlar, nasazlıqlar və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verərək aradan qaldırılmasını təmin etməlidirlər. Bu məsul şəxslər yanğınsöndürmə vasitələrinin, yanğın dolablarının, yanğın sensorlarının, yanğın siqnalizasiya vasitələrinin, hidrantların, ehtiyat yanğın su çəninin işlək və saz vəziyyətdə olmasına nəzarət etməli, nasazlıq varsa, vaxtında aradan qaldırmalıdırlar", - deyə o qeyd edib.
Elmar Nurəliyev təklif edir ki, ticarət mərkəzlərində, bazarlarda könüllü yanğınsöndürmə qrupları fəaliyyət göstərməlidir. Onlar bazarın işçilərindən ibarət olmalı, müvafiq qurumlar tərəfindən xüsusi kurs keçdikdən sonra fəaliyyətə başlamalıdırlar.
"Onların işi yanğın baş verərsə, yanğınsöndürmə əməkdaşları gələnə qədər vəziyyəti nəzarətdə saxlamaq, insanların təhlükəsiz təxliyyə edilməsini təşkil etmək, əmlakı çıxarmaq, vəziyyətə görə ilkin yanğınsöndürmə vasitələrindən istifadə edib, yanğının söndürülməsinə kömək etmək və yanğınsöndürmə əməkdaşları gələndə onlara ilkin vəziyyət haqqında məlumat verməkdir. Bu könüllü yanğınsöndürmə qruplarının olması çox vacibdir", - deyə E.Nurəliyev vurğulayıb.
Ekspertin fikrincə, ümumiyyətlə, bütün dövlət və özəl müəssisələr, iaşə və ticarət obyektləri FHN-in yanğın təhlükəsizliyi haqqında qanununa, irad və tövsiyələrinə əməl etməklə yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidir. Yanğın təhlükəsizliyi avadanlığı və texnikası ilə (yanğın şlanqları, yanğın hidrantları, yanğın dolabları, yanğın çıxışları, təxliyə planı, tüstü və dumana qarşı sensorlar, fövqəladə vəziyyətdə hərəkət trafaretləri, yanğın söndürən balonlar və s.) təchiz olunmalı və yanğına qarşı avadanlıqların işlək və saz vəziyyətdə olmasını yoxlamalı, nasazlıq yaranarsa, vaxtında aradan qaldırmağı təşkil etməlidir.
Yanğınlar zamanı havaya külli miqdarda zərərli maddələr atılır ki, bu da yaxınlıqda yaşayan insanların sağlamlığı üçün təhlükəlidir.
Ekoloq Vaqif Əliyevin sözlərinə görə, kauçuk, rezin, kimyəvi maddələr yananda dioksin xaric olur. Dioksin çox zəhərlidir, onun bəzi növlərindən hətta kimyəvi silahların hazırlanmasında istifadə olunur. Yanğın zamanı əmələ gələn dioksin həmin dəqiqə təsir etməsə də, bir müddət sonra ciddi fəsadlar yaradır:
"Zəhərli qazlardan qan dövranı pozulur, beyində müxtəlif şişlər yaranır. Özünüz də bilirsiniz ki, son zamanlar xərçəng və qan xəstəliklərinin sayı artıb. Bütün bunlara səbəb isə ekoloji problemlərdir. Havanın çirklənməsi isə əsas səbəbdir".
Hüquqşünas Səməd Vəkilovun sözlərinə görə, bu məsələ Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə tənzimlənir.
Belə ki, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Onun sözlərinə görə, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
S.Vəkilov qeyd edir ki, "İcbari sığorta haqqında" qanuna görə, sahibkarlıq subyektləri məcburi sığorta edilməlidir: "Lakin "İcbari sığorta haqqında" qanunun tələblərini pozan sahibkarlar icbari sığorta etdirmirlər. Və nəticə etibarı ilə yanğın hadisəsi baş verən zaman sahibkarlar dəymiş zərəri ödəməkdən belə imtina edirlər. "Diqlas" yanğını zamanı da eyni hal baş vermişdi. Zərərdəymişlərə sığorta olmadığına görə kompensasiya ödənilməsi Prezidentin tapşırığından sonra reallaşdı".