Bəs ən riskli obyektlər hansılardır?- Elmar Nurəliyev

Havaların soyuması ilə birlikdə qızdırıcı cihazlardan, qaz və elektrik avadanlıqlarından istifadə artır. Bu isə həm yaşayış sektorunda, həm də sənaye obyektlərində yanğın və partlayış riskinin yüksəlməsinə səbəb olur. Mütəxəssislər bildirir ki, xüsusilə payız–qış aylarında elektrik şəbəkələrinin yüklənməsi, qaz avadanlıqlarında nasazlıqlar, ventilyasiya və baca sistemlərinin vaxtında təmizlənməməsi təhlükəni daha da gücləndirir.

Bəs  yanğın təhlükəsi olan obyektlər hansılardır? Yanğın və partlayışların sayının artmasının qarşısını almaq üçün nələr edilməlidir?

Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, yanğın riski faktiki olaraq bütün təyinatlı obyektlərdə mövcuddur və bu, ümumi təhlükəsizlik yanaşmasının əsas prinsipidir.
 
Onun sözlərinə görə, istər restoran, kafe, mağaza, istərsə də zavod və fabrik kimi müəssisələrdə yanmaya meyilli materialların olması riski artırır.
 
“Bu səbəbdən bütün obyektlər yanğın təhlükəsizliyinə dair qüvvədə olan normativ və texniki standartlara tam şəkildə əməl etməlidirlər.  Hər bir obyektin ərazisində yanğın hidrantları, yanğın dolabları, siqnalizasiya və xəbərdarlıq sistemləri, ehtiyat su çəni, təxliyə yolları və ilkin yanğınsöndürmə vasitələri normaya uyğun şəkildə təmin edilməlidir. Bu tələblər bütün təyinatlı obyektlərə şamil olunur, sadəcə bəzi sahələrdə müəyyən spesifik yanaşmalar mövcud ola bilər,” – deyə Nurəliyev vurğulayıb.

Onun sözlərinə görə, ətraf mühitdə və iş yerlərində olan kağız, taxta, tekstil, elektrik naqilləri kimi materiallar yanğına yol açan əsas faktorlardandır.

“Yanğınlar da öz növbəsində bir neçə kateqoriyaya bölünür: bərk materialların yanması, yanar mayelərin alışması, qaz sızması nəticəsində baş verən partlayışlar və elektrik təsərrüfatında yaranan yanğınlar.Ən geniş yayılan hallar elektrik təsərrüfatıyla bağlıdır.

Elə obyektlərdə olduğu kimi, məişətdə – fərdi yaşayış evlərində də elektrik xətlərində nasazlıqlar baş verə bilər. Bu səbəbdən elektrik təsərrüfatının daim saz vəziyyətdə saxlanılması, yüklənmənin normadan artıq olmaması və hər bir nasazlığın operativ aradan qaldırılması mütləqdir,” – deyə təhlükəsizlik eksperti qeyd edib.

Ayşən Rəhim 

gununsesi.info

0.015004873275757