Elmar Nurəliyev: Əgər yanğın artıq genişlənibsə, müdaxilə etmək risklidir

“Yanğınların baş verməsində insan faktoru əsas risklərdən biridir”.

Bunu təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev yanğınların baş vermə səbəbləri, risk amilləri və ilkin müdaxilə tədbirləri ilə bağlı Bakıvaxtı.az-a danışarkən deyib.

Onun sözlərinə görə, yanğın təhlükəsizliyi qaydalarının pozulması, normativ tələblərə əməl edilməməsi, alovlanma riski yüksək olan materialların düzgün saxlanılmaması, daşınmaması və onlarla yanlış davranılması yanğınlara səbəb ola bilən başlıca amillərdəndir.

Ekspert deyib ki, texniki nasazlıqlar da yanğınlara yol açan əsas risk qruplarından biridir. Yanğın təhlükəsi daşıyan avadanlıqların, qurğuların, dəzgahların, xüsusilə elektriklə çalışan sistemlərin nasazlığı yanğın ehtimalını artırır. Bu səbəbdən bütün cihazlar saz vəziyyətdə olmalı və texniki xidmət yalnız ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilməlidir.

E.Nurəliyev bildirib ki, yanğınların böyük hissəsi elektrik qısaqapanmalarından yaranır:

“Bu isə bir daha göstərir ki, elektrik təsərrüfatının təhlükəsizliyi nə qədər vacibdir. Avadanlıqlarda qızma, qısaqapanma və alışma halları çox zaman elektrik sisteminə düzgün nəzarət edilmədikdə baş verir”.

Həmsöhbətimiz vurğulayıb ki, yanğın təhlükəsini azaltmaq üçün yanğın təhlükəsizliyi standartlarına ciddi şəkildə əməl olunmalıdır. Bunun üçün ilk növbədə müəssisə və fərdi yaşayış sahələrində elektrik təsərrüfatının düzgün qurulması və daimi nəzarətdə saxlanılması zəruridir.

Yanğınlar müxtəlif formada baş verə bilər: bərk materialların alışması, maye və qaz maddələrinin yanması, yanmaya meylli kimyəvi maddələr, elektrik sistemlərində baş verən qısaqapanmalar".

Elmar Nurəliyev: Əgər yanğın artıq genişlənibsə, müdaxilə etmək risklidir

E.Nurəliyevin dediyinə görə, yanğın zamanı düzgün davranış həyati əhəmiyyət daşıyır. Yanğın baş verdikdə pəncərə və qapıların açılması alovun daha sürətlə yayılmasına səbəb olur:

"Bu halda kömək çağırmaqdan əvvəl alovun yayılmasının qarşısını almaq əsas prioritet olmalıdır. İlkin söndürmə vasitəsi yoxdursa, keçə, ədyal və oxşar materiallardan istifadə edərək alovun boğulması mümkündür.

Əgər yanğın artıq genişlənibsə, müdaxilə etmək risklidir və vəziyyət mütləq peşəkar yanğınsöndürənlərə həvalə edilməlidir. İnsanların ilkin olaraq təhlükəsiz şəkildə təxliyə edilməsi əsas prioritetdir".

Müsahibimiz bildirib ki, tez-tez rast gəlinən təhlükəli davranışlardan biri də yanğının miqyasını düzgün qiymətləndirməməkdir. Belə ki, onun sözlərinə görə, yeni başlayan və kiçik ocaqlı yanğınlar bəzən insanların öz müdaxiləsi ilə söndürülə bilər.

"Lakin yanğın geniş sahəyə yayılıbsa, dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilməli, azyaşlılar, yaşlı şəxslər və xüsusi qayğıya ehtiyacı olanlar təcili evakuasiya edilməlidir.

Ev şəraitində ilkin müdaxilə üçün yanğınsöndürmə balonunun olması çox önəmlidir. Standart 6 kq-lıq söndürmə balonu qapalı məkanda 7-8 m² ərazidə baş verən alovu lokallaşdırmaq gücünə malikdir. İki-üç belə balon yanğının ilkin mərhələdə tam qarşısını almağa kömək edə bilər".

Ekspert qeyd edir ki, nəqliyyat vasitələrində yanğınsöndürmə balonu olduğu kimi, evlərdə də bu avadanlığın saxlanılması təhlükəsizliyə böyük töhfə verir:

"Evlərdə baş verən yanğınlar xüsusən mətbəxdə başlayır. Belə hallarda asbest materialdan olan bezlərdən istifadə edərək boğma üsulu ilə bu yanğınların qarşısını almaq olar. Bu materialda parçaların da hər evdə olması üstünlükdür. Elektrik şitlərində baş verən yanğınların qarşısını almaq üçün hazırlanan toplar mövcuddur. Yanğın zamanı top insan müdaxiləsi tələb etmədən partlayır və beləcə faciənin qarşısı alınır".

Zeynəb Rzayeva

0.013935089111328