Yanğınların səbəbi nədir? – Elmar Nurəliyev
Son günlər yaşayış binalarında və fərdi evlərdə baş verən yanğın hadisələrinin sayı artıb. Binalarda yanğın təhlükəsizliyi hər zaman ön planda olmalıdır. Bəs bu təhlükəsizliyi qorumaq üçün nələrə diqqət edilməlidir?
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bu sualları Patrul.az-a cavablandırıb.
O, təhlükəsizliyə dair mövcud qanunvericilikdən danışıb:
“Bütün idarə və müəssisələr, bazarlar, zavodlar, fabriklər, ticarət mərkəzləri, ictimai iaşə obyektləri, şarj binaları, iş yerləri və istehsalat sahələri — yəni istənilən təyinatlı obyektlər yanğın təhlükəsizliyinə dair tələblərə, irad və tövsiyələrə, eləcə də mövcud qanunvericiliyə ciddi şəkildə riayət etməlidirlər.
Təbii ki, bu məsələləri tənzimləyən xüsusi “Yanğın təhlükəsizliyi haqqında” qanun mövcuddur və həmin qanun bütün müəssisə və idarələr üçün konkret tələblər müəyyən edir. Bu obyektlər fəaliyyətlərini yanğın təhlükəsizliyi üzrə tələblərə uyğun şəkildə qurmalı və lazımi texniki təchizatları saz vəziyyətdə saxlamalıdırlar.”
Ekspert obyektin fəaliyyət növünə uyğun olaraq hansı təhlükəsizlik sistemlərinin mövcud və işlək vəziyyətdə olmalı olduğunu sadalayıb:
- Yanğın hovuzları
- Ehtiyat çıxış qapıları
- İlkin yanğınsöndürmə vasitələri
- Yanğın şitləri və dolabları
- Yanğın hidrantları
- Təxliyyə yolları və toplanma yerləri
- Yanğın xəbərverici və siqnalizasiya sistemləri
Bütün bu sistemlərin texniki baxışı və zəruri təmir işləri yalnız ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilməlidir. Bu, müəssisələrin əsas öhdəliklərindən biridir və bu öhdəliklərə ciddi riayət olunmalıdır ki, potensial yanğın hadisələrinin qarşısı alınsın və ya baş verdikdə minimal zərərlə nəticələnsin.
“Yanğın hadisələrinin baş vermə ehtimalını sıfıra endirmək bəzən mümkün olmasa da, qabaqlayıcı tədbirlərlə, müvafiq qanunvericiliyə, normativlərə və təhlükəsizlik standartlarına uyğun texniki sistemlər qurmaqla və onları daim nəzarətdə saxlamaqla risklər minimuma endirilə bilər”, – deyə Elmar Nurəliyev qeyd edib.
Ekspert əlavə edib ki, bütün təyinatlı obyektlər fəaliyyətə başlamazdan əvvəl mütləq Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə razılaşdırma aparmalıdırlar:
“Obyektin sahəsi, tutumu, fəaliyyət növü və işçi sayı nəzərə alınaraq konkret təhlükəsizlik tədbirləri və texniki tələblər müəyyən olunur.
Qanunvericilikdə hətta işçi sayı ilə bağlı xüsusi tələblər var: əgər müəssisədə 15 nəfərdən çox işçi çalışırsa, həmin müəssisədə daxili əmr əsasında könüllü yanğınsöndürmə dəstəsi yaradılmalıdır. Bu da obyektin təhlükəsizliyini gücləndirən vacib şərtlərdən biridir.”
Bu mövzu həm yanğın təhlükəsizliyi ilə bağlı işçilərin maarifləndirilməsini, həm də iş yerlərində görülməsi vacib olan tədbirləri əhatə edir. İşçilər belə hallarda necə davranmalı, yanğının qarşısını almaq üçün hansı tədbirləri görməli və yanğın baş verdikdə hansı ardıcıl addımları atmalı olduqlarını bilməlidirlər. Onlara təxliyyə yolları, təxliyyənin necə həyata keçiriləcəyi, ilkin yanğınsöndürmə vasitələrindən necə istifadə olunacağı və ümumilikdə hadisə zamanı koordinasiyanın necə aparılacağı barədə təlimat verilməlidir.
Ekspert əlavə edib ki, yanğın baş verdikdə yanğınsöndürən qurum gələnə qədər işçilər vəziyyəti nəzarətdə saxlamalı və gələn müvafiq qurum nümayəndələrinə hadisənin haradan başladığı, kimlərin içəridə olduğu və hansı tədbirlərin görüldüyü barədə ətraflı məlumat təqdim etməlidirlər:
“Bu səbəbdən hər bir müəssisə, obyekt və xüsusilə çoxmənzilli binaların birinci mərtəbəsində yerləşən kommersiya obyektləri bu məsələyə ciddi yanaşmalı və önləyici tədbirləri vaxtında həyata keçirməlidirlər.
Bütün bu risklərin qarşısını almaq üçün müəssisələrdə ilkin xəbərdarlıq sistemləri, yanğın siqnalizasiyaları, təxliyyə yolları, yanğınsöndürmə vasitələri və ümumi təhlükəsizlik planı olmalıdır. Əgər yanğın baş veribsə, bu sistemlər hadisənin böyüməsinin qarşısını almağa, insanlara minimum zərər dəyməsini təmin etməyə və insanların həyatı üçün təhlükəni azaltmağa kömək edir.”
Qısaca desək, yanğın təhlükəsizliyi tədbirləri yalnız fövqəladə hallarda deyil, gündəlik olaraq ciddi şəkildə tətbiq olunmalı və işçilər bu qaydalara riayət etməlidir. Bu həm obyektin təhlükəsizliyi, həm də insanların sağlamlığı və həyatı üçün vacibdir.
Ləman Sərraf
patrul.az
neymar.az
