Son vaxtlar ölkədə ard-arda baş verən yanğın və partlayış hadisələri insanlar arasında ciddi təşvişə səbəb olub.
Belə ki, yaşayış binalarının altında market, kafe, gözəllik salonu və başqa obyektlərin açılması insanlarda narahatlıq yaradıb. Səs-küy, iy-qoxu bir yana, belə yerlərdə qaz balonları, elektrik avadanlıqları çox olduğu üçün yanğın riski də artır.
Bir az ehtiyatsızlıq olanda bütün bina təhlükə altında qalır. Ona görə də çoxları düşünür ki, ya bu obyektlərə ümumiyyətlə icazə verilməsin, ya da qaydalar o qədər sərtləşdirilsin ki, sakinlər də, bina da risk altında qalmasın.
Maraqlıdır, yaşayış binalarının birinci mərtəbəsində iaşə və xidmət obyektlərinin açılmasına tam qadağa qoyulmalıdır, yoxsa yanğın və təhlükəsizlik qaydaları sərtləşdirilməlidir?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev vurğulayıb ki, mütləq şəkildə obyektlər fəaliyyətlərini Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu ilə razılaşdırmalıdır:
“Bütün təyinatlı obyektlər fəaliyyətlərini qanuna uyğun, qanunvericiliyin tələblərinə müvafiq qaydada həyata keçirməlidir. Fərq etmir, obyekt çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşir, ayrıca tikilidir və ya digər fəaliyyət növü ilə məşğuldur. İstər zavod, fabrik, idarəetmə müəssisəsi, anbar, iaşə obyekti, istirahət mərkəzi olsun – fərqi yoxdur.
Bu obyektlər fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun təşkil edərlərsə, bədbəxt hadisələrin və hər hansı bir yanğın halının başvermə riski minimuma enər. Ona görə burada əsas diqqət edilməli məqam obyektlərdə yarana biləcək təhlükə risklərinə qarşı normativ standartlara uyğun şəkildə tədbirlər planının həyata keçirilməsidir. Hansı ki, yanğın hadisələrindən, insanların sağlamlığına yarana biləcək təhlükələrdən qorunmaq üçün obyektlərdə yanğın təhlükəsizliyinə dair avadanlıqlar sözsüz ki, saz vəziyyətdə olmalıdır. Obyektlər yanğın təhlükəsizliyi üzrə normativ standartlara – ilkin yanğınsöndürmə vasitələri, yanğın xəbərdarlıq siqnalizasiya sistemləri, təxliyə yolları, təhlükəsiz toplanış yerləri, ehtiyat su mənbələri, yanğın hidrantları, yanğın dolabları, yanğın şlanqları və digər avadanlıqlara malik olmalı və bütün bu sistemlərin saz vəziyyətdə olması obyektin məsul şəxsləri tərəfindən təmin edilməlidir ki, hər hansı bir yanğın hadisəsinin qarşısını vaxtında almaq mümkün olsun. Bununla insanlar təhlükəsiz təxliyə olunar, daha az zərər görər və insanların həyatına, sağlamlığına minimal risk yaranar.
Bu sistemlərin və yanğın təhlükəsizliyi avadanlıqlarının əhəmiyyəti məhz belə hadisələr zamanı özünü göstərir. Buna görə obyektlərdə bu məsələlərə çox ciddi yanaşmaq lazımdır. Obyekti işlədən şəxslər – istər çoxmənzilli yaşayış binalarını idarə edənlər, istər binanın birinci mərtəbəsində yerləşən obyektləri işlədənlər, istərsə də ayrıca tikililərdə fəaliyyət göstərən müəssisələr – hər biri fəaliyyəti mütləq əvvəlcədən Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu ilə razılaşdırmalıdır.
Hansı fəaliyyət növü ilə məşğul olunacaqsa, bu, əvvəlcədən razılaşdırılmalıdır və həmin zamanı onlara hansı tələblər, qaydalar və yanğın təhlükəsizliyinə dair hansı normativlərə əsasən işlərin aparılmalı olduğu izah edilir. Əgər bu tələblər yerinə yetirilirsə, artıq obyekt təhlükə riskinin qarşısını təmin etmiş olur. Buna bu qaydada yanaşmaq lazımdır”.
Ekspertin sözlərinə görə yanğın statistikalarına nəzər saldıqda görürük ki, baş verən hadisələrin böyük əksəriyyəti elektrik qısaqapanmasının payına düşür:
“Ona görə də elektrik təsərrüfatı mütləq saz vəziyyətdə olmalı, hər hansı kənar müdaxiləyə yol verilməməlidir.
Elektrik təsərrüfatı ixtisaslaşmış müəssisələr tərəfindən hər il yoxlanmalı, baxışdan keçirilməli və əgər elektrik şəbəkəsi, avadanlıqlar və qurğular nasaz vəziyyətdədirsə və nəzarətsiz qalırsa, bu, qızma, qısaqapanma, alışma və yanğına səbəb ola biləcək amillərdir. Ona görə bunu tək binalara və digər obyektlərə aid etmək olmaz. Fərdi yaşayış evləri də istisna deyil – evdə yaşayan sakinlər də fərdi məsuliyyəti öz üzərlərinə götürməlidir.
Ev şəraitində də insanların öz həyatını və sağlamlığını təhlükəyə atmaması, həmçinin qonşuların və ətrafdan keçən şəxslərin təhlükəsizliyi üçün elektrik təsərrüfatının saz vəziyyətdə olması, elektrik avadanlıqlarının nəzarətsiz buraxılmaması mütləq təmin edilməlidir”.
Gülxanım Əliyeva
neymar.az


