Ard-arda baş verən yanğınlar - Nələrə diqqət etməliyik? - Elmar Nurəliyev

Son günlər ölkəmizin müxtəlif bölgələrində yaşayış binalarında və fərdi evlərdə yanğın hadisələrinin sayı artıb. Təkcə bu gün daha üç evdə yanğın hadisəsi qeydə alınıb. Ötən günlərdə Yasamal rayonunda baş verən yanğın isə təəssüf ki, insan tələfatı ilə nəticələndi.

Bəs yanğından qorunmaq və belə vəziyyətlərdə sağ qalmaq üçün nələrə diqqət etməliyik?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirdi ki, bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyinə dair təlimatlara, qaydalara, Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyinə dair irad və tövsiyələrinə mütləq ciddi riayət etməlidirlər:

"Təbii ki, bununla bağlı “Yanğın təhlükəsizliyi haqqında” qanun da mövcuddur və bütün təyinatlı obyektlərə şamil olunur. Bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyinə dair təlimatlara, qaydalara və normativ standartlara ciddi riayət etməlidirlər. Obyektlər, təbii ki, öz spesifikasına uyğun yanğın təhlükəsizliyi təchizatı, yanğın xəbərdaredici siqnalizasiya vasitələri, ilkin odsöndürmə vasitələri, təxliyə yolları, təhlükəsiz toplanış yerləri, ehtiyat su çəni, yanğın hidrantları, yanğın dolabları ilə təmin olunmalıdır, bütün bunların hər biri normativ standartlara uyğun və mütləq işlək, saz vəziyyətdə olmalıdır. Bunu bütün iş yerləri təmin etməlidir. İş yeri deyəndə həm çoxmənzilli yaşayış binaları, həm də digər təyinatlı obyektlər - zavod, fabrik, bazar, ticarət mərkəzi və digər yerlər nəzərdə tutulur. Bu təchizat daim saz vəziyyətdə saxlanılmalıdır. İşçilərin də bununla bağlı ilkin bilikləri olmalıdır".

Müsahibimiz əlavə etdi ki, obyektdə yanğın təhlükəsizliyi təchizatı ilə bağlı hər hansı bir nasazlıq baş verərsə, həmin nasazlıq mütləq ixtisaslaşmış müəssisə tərəfindən aradan qaldırılmalıdır:

"Təbii ki, yanğın hadisələri və digər fövqəladə hallar üçün heç kim sığortalanmayıb. Lakin yanğın təhlükəsizliyi təchizatı tam saz və normativ standartlara uyğun olarsa, işçilərin mövzu ilə bağlı bilik və bacarıqları olarsa, bu cür hadisələrdən minimal zərərlə çıxmaq mümkündür. İnsanlar da bilməlidirlər ki, bu cür hadisələr zamanı necə davranmalı, necə təhlükəsiz təxliyə olunmalı, hansı keçid yollarından istifadə etməli, ilkin odsöndürmə vasitəsindən istifadə etməklə yanğını söndürməyə necə cəhd göstərməli və ya özlərini həmin ərazidən necə təhlükəsiz şəkildə çıxarmalıdırlar. İnsanların bu cür biliklərə malik olmaları belə hallarda onların böyük köməyinə çatmış olur. Məsələn, tüstüdən qorunmaq üçün yaş dəsmalı isladaraq nəfəs yollarına tutmaq və yer səthinə daha yaxın olaraq ərazidən çıxmaq mümkündür. Əgər evdədirsə, pəncərə önünə çıxaraq xilasetmə xidmətini gözləmək daha təhlükəsizdir. Pilləkən qəfəslərinə getmək olar, lakin pəncərədən çıxaraq aşağı tullanmağa cəhd etmək və ya liftlə hərəkət etmək qətiyyən yolverilməzdir və təhlükəsizlik baxımından doğru hesab olunmur".

Nuriyyə NATİQQIZI

redaktor.az

neymar.az

0.012267112731934