Azərbaycanda ticarət mərkəzləri, "Mall"lar necə mühafizə olunur?- Elmar Nurəliyev

Rusiyanın paytaxtında yerləşən “Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktından sonra Moskvada ticarət mərkəzlərinin silahlı formada mühafizəsi təklif olunub.

Azərbaycanda ticarət mərkəzlərində, "mall"larda və bu tip digər məkanlarda təhlükəsizlik hansı formada təşkil olunur? Belə yerlərə qoyulan təhlükəsizlik tələbləri varmı? Azərbaycanda da ticarət mərkəzlərində silahlı mühafizə sistemi tətbiq oluna bilər?

Bu sualları təhlükəsizlik eksperti Elmar Nurəliyev Referans.az-a açıqlamasında cavablandırıb.

“Ümumiyyətlə, ticarət mərkəzləri, ictimai iaşə müəssisələri, konsert salonları, əhalinin sıx cəmləşdiyi məkanlarda təhlükəsizlik məsələri daim ön planda olmalıdır. Çünki bu cür məkanlarda yüzlərlə, minlərlə şəxs bir arada cəmləşib və baş verəcək hər hansısa bədbəxt hadisə zamanı, hansısa fövqəladə hal zamanı daha çox insanın zərər görmə ehtimalı var. Belə yerlərdə bütüm təhlükəsizlik məsələləri nəzərə alınmalıdır, baş verə biləcək, gözlənilən təhlükələrə qarşı adekvat tədbirlər planı olmalıdır. Əlbəttə, istər ticarət mərkəzləri, istərsə də digər təyinatlı obyektlər Daxili işlər nazirliyinin Mühafizə bölməsi ilə müqavilə bağlayıb məkanın mühafizəsini təmin etmək üçün xidmətlərdən istifadə edə bilərlər”.

Ekspert Elmar Nurəliyev bildirib ki, bu tip məkanların mühafizə işini iki formada təşkil etmək mümkündür.

“Bu cür müəssisələr öz daxili nəzarət sistemini də qura bilər və ya əlavə kömək üçün həm Daxili işlər nazirliyinin, həm də qeyri-dövlət özəl mühafizə fəaliyyətinin bölmələrinin xidmətlərindən də yararlana bilərlər. Burada əsas məqsəd obyektin gözlənəbiləcək, baş verə biləcək, gözlənilməz təhlükə risklərinə qarşı hazırlıqlı olması, hadisə baş verməsin deyə və hadisə zamanı, hadisədən sonra nələr etmək lazım olduğunu bilməkdir. Burada çalışan mühafizə qrupunun bu barədə bilik və bacarıqlarının olması da vacib məsələdir. Təxliyyə yollarından düzgün istifadənin mühafizə komandasına öyrədilməsi də əsas nüasnlardandır. Bu bilik və bacarıqlara yiyələnmək üçün ictimai yerlərdə çalışan mühafizə qrupları mütəmadi olaraq kurslara cəlb olunmalı, öz təcrübələrini yeniləməlidirlər”.

Ekspert qeyd edib ki, ticarət mərkəzi, “mall” və s. ictimai yerlərdə personallar yanaşı infrastrukturun da hər zaman fövqəladə vəziyyətlərə hazır olması mütləqdir.

referans.az

neymar.az

 

0.03997015953064