Elmar Nurəliyev: Yanğınların əksəriyyəti...

Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, bununla bağlı qurumun "112" qaynar telefon xəttinə olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, Sabit Rəhman küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində, yaşayış binasında baş verən yanğın səbəbindən, Həsən Əliyev küçəsinin kəsişməsindən Səməd Vurğun küçəsinə girişdə qoyulan məhdudiyyət aradan qaldırılıb.
 
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, yanğınların əksəriyyəti elektrin naqillərində yaranan qısaqapanmadan baş verir:
"Ona görə bütün təyinatlı obyektlərdə, çoxmərtəbəli yaşayış evlərində elektrik təsərrüfatı işlək vəziyyətdə olmalıdır. Elektrikin quraşdırılması təhlükəsizlik qaydasına uyğun olaraq təşkil edilməlidir. Elektrik naqillərində hansısa dəyişikliyin aparılması yalnız ixtisaslı müəssisə tərəfində həyata keçirilməlidir ki, gələcəkdə problemlər yaranmasın. Əfsuslar olsun ki, bəzən bu işlər təcrübəsiz şəxslərə həvalə olunur. Həmçinin, elektrik naqillərinin keyfiyyətli olmasına, elektrik şəbəkəsinin həddən artıq yüklənməməsinə diqqət etməliyik. Müasir dövrün tələbinə uyğun olaraq bütün cihazlar elektriklə işləyir və bunların hər birinin eyni anda istifadəsi elektrik xətlərinin yüklənməsinə səbəb olur. Nəticədə naqillərdə qızma, alışma, qısaqapanma və yanğın qaçılmaz olur. Bəzən  vətəndaşlar ikinci əl ev aldıqda elektrik naqillərinin hansı vəziyyətdə olduğundan xəbərsiz olurlar. Bu səbəbdən öncədən bununla bağlı məlumat almaq və yoxlamalar aparmaq gərəkdir. Hər bir şəxsin evində mütləq ilkin yanğınsöndürmə balonu olmalıdır. Bunun istifadəsi də çox rahatdır. Belə ki, tətik çəkərək şlanqın ön hissəni oda tutmalıyıq. Balon 6 kiloluqdursa, istifadə müddəti 12-15 saniyədir və 4-5 kv metr ərazidə yanğının qarşısını almaq olar. Binaların şaxtaları, qarajlar, köməkçi binalar, nasosxanalar binaya nəzarət edən şəxslər tərəfindən yoxlanmalıdır".
sherg.az
neymar.az
0.035492897033691