Sulara qərq olan insan həyatı: Necə edək qurbana çevrilməyək?- Elmar Nurəliyev

Son zamanlar süni göllər, kanallar kimi su tutarlarının insanların həyatına son qoymasının şahidi oluruq.

Bakıvaxtı.az xatırladır ki, övladını xilas etmək üçün kanala atlayan, hər ikisinin meyiti tapılan ata-baladan sonra, Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən hələ də intensiv şəkildə davam etdirilir.

Bəs görəsən insanlar nəyə diqqət etməlidirlər ki, belə bədbəxt hadisələrlə qarşılaşmasınlar?

Bu barədə Bakıvaxtı.az-a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, süni göllər, kanallar, su anbarları kimi ərazilərin ətrafında istirahət edən, yaşayan, çimməyə gedən şəxslər və üzərində salınmış körpülərdə hərəkət edənlər mütləq diqqətli olmalıdırlar.

Onun sözlərinə görə, bu su tutarlarında uzun illər kimlərsə çimib istirahət etsə belə, bu məsələyə ciddi yanaşmaq lazımdır.

Elmar Nurəliyev: Uşaqları nəzarətsiz buraxmaq, ehtiyatsızlıq sonda bədbəxt hadisələrlə nəticələnir

Ekspert kanallardakı suyun axın sürəti ilə suyun dibindəki axın sürəti arasında bir neçə dəfə fərq olduğunu diqqətə çatdırıb:

“Yəni suyun üzərində axın sürəti yavaş görünə bilər, ancaq suyun altında axın sürəti hətta 5-6 dəfə artıq olur. Həmin göllərə kiçik həcmli gəmi, katamaran kimi suda üzmək üçün istifadə olunan vasitələri icazəsiz təşkil edirlər ki, bu da olduqca təhlükəlidir”.

Digər məsələ olaraq E.Nurəliyev suyun dibində hansısa bir şüşə parçasının, konserv qabının, kəsici-deşici materialın, yosunların, bitkilərin insanlara dolaşa biləcəyini deyərək bunun da batan şəxsin çıxmasına çətinliklər yarada biləcəyini söyləyib.

“Bəzi su tutarlarının 5 metr dərinli var. Ətrafının lil, bataqlıq olması, içərisində bərk daş, şüşə, dəmir parçasının olması, əlbəttə, ora yıxılan şəxsin ordan çıxarılması ehtimalını çətinləşdirir”.

Əsas məsuliyyətin valideynlərin üzərində olduğunu qeyd edən müsahibimiz, uşaqları nəzarətsiz buraxmağın, ehtiyatsızlığın sonda bədbəxt hadisələrlə nəticələndiyini yada salıb.

“Dəfələrlə bu kimi halların şahidi oluruq. Uşaq yıxılır, ardınca da valideyn özünü atır, nəticədə hər ikisi boğulur, xəsarət alır, həyatını itirir. Ona görə kanalların çimmək üçün nəzərdə tutulmayan hissələrində istirahət etmək olmaz. Ola bilər illərlə orda istirahət edilib, çimilib amma bu, olduqca təhlükəlidir. Həmin kanalların ətrafında hansısa formada istirahət təşkil edərkən, yaxud keçid yollarından keçərkən diqqətli olmaq lazımdır ki, kanala düşmə halları olmasın”.

Mina Mikayılova

bakivaxti.az

neymar.az

0.025208950042725