Təhlükəsizlik eksperti Elmar Nurəliyev: “On il öncəki təhlükələr ilə indikilər arasında böyük fərq var”

Ötən gün Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert mərkəzində insanlara atəş açılıb.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, teraktda həlak olanların sayı 150-yə çatıb, 200-dək insan yaralanıb. Bu rəqəmlərin artacağı istisna edilmir.

 

Qeyd edək ki, konsert salonunda partlayış baş verib və tavan çöküb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

“Crocus City Hall”da baş verən terror aktı ticarət mərkəzlərinin təhlükəsizlik məsələlərini ön plana çıxardı.

Bəs görəsən, ticarət mərkəzlərində təhlükəsizlik tədbirləri necə təşkil edilməlidir? Azərbaycanda, Bakıda olan ticarət mərkəzlərində təhlükəsizlik tədbirləri standartlara cavab verirmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev qeyd edib ki, ticarət mərkəzləri, ictimai iaşə müəssisələri, konsert salonları, kütləvi tədbirlərin keçirildiyi məkanlarda təhlükəsizlik məsələsi ön planda olmalıdır:

“Həm texniki və yanğın təhlükəsizliyi, həm obyektin fiziki olaraq qorunması, həm də digər bütün gözlənə biləcək təhlükəyə qarşı tədbirlər planının olması vacibdir. Bunları həyata keçirmək üçün peşəkar, xidmət keçmiş, təcrübəli əməkdaşlar olmalıdır. Burada söhbət obyektin fiziki olaraq qorunmasından gedir. 100 faiz sığortalanma kimi bir anlayış yoxdur. Lakin görülən tədbirlər nəticəsində təhlükə minimuma endirilə bilər. Bununla daha böyük zərərlərin qarşısı alınar.

Mühafizəçilərin bilik və bacarıqları yüksək səviyyədə olmalıdır. Hər hansı hadisə zamanı təxliyə və baş vermiş təhlükənin qarşısını almaq üçün tədbirlər planı olmalıdır. Bu da yüksək bilik və bacarıq tələb edir. Düşünürəm ki, kütləvi tədbirlər keçirilən məkanlar hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq etməlidirlər. Çünki hadisə öncədən aşkar edilməlidir. Koordinasiyalı tədbirlər həyata keçirilməlidir”.

E.Nurəliyevin sözlərinə görə, ticarət mərkəzlərimizdə kütləvi tədbirlərdə təhlükəsizliyin qorunması özəl mühafizəçilər tərəfindən həyata keçirilir:

“Elə yerlər var ki, bu işləri hüquq-mühafizə orqanları ilə həyata keçirirlər. Ümumiyyətlə, mühafizə xidmətlərinin heyətləri öz bilik və bacarıqlarının, funksionallıqlarının artırılması üçün üzərlərində işləməlidir.

On il öncəki təhlükələr ilə indikilər arasında böyük fərq var. Qlobal dünyada təhlükə riskləri də dəyişir. İctimai iaşə obyektlərini qoruyan mühafizə xidmətinin əməkdaşları kurslara gedərək bilik və bacarıqlarını artırmalıdırlar. Yüzlərlə insan obyektin xidmətindən istifadə edir. Sonu pis ola biləcək hadisələr baş verə bilər. Bu məsələ hər zaman diqqətdə olmalıdır”.

Ekspert əlavə edib ki, bizdə ticarət mərkəzlərində mühafizə işini həyata keçirən işçilərin bilik və bacarıqları bir daha nəzərdən keçirilməlidir:

“İşə təhlükəsizlik ilə bağlı bütün kriteriyalara cavab verənlər götürülməlidir. Mütəmadi olaraq hazırlıq tədbirləri həyata keçirilməli, hadisələrə qarşı adekvat tədbirlər planı olmalıdır. Təhlükəsizliklə bağlı tədbirlər kompleks şəklində olmalıdır”.

Nəzrin Vahid

oxu.az

neymar.az

0.034379005432129