Çimərlikdə istirahətin faciəyə dönməməsi üçün... - Elmar Nurəliyev

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, suda boğulma dünyada bədbəxt hadisə nəticəsində ölüm hallarına görə 3-cü yerdədir. Sahilyanı ərazilərdə yaşayan kişi və uşaqlar boğulma təhlükəsinə daha çox məruz qalır.

Mövzu ilə bağlı TNS-ə danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyir ki, çimərlikdə təhlükəsizlik məsələsinə həssas yanaşılmalıdır: “Hər il dünyada 370 min nəfərdən çox insan çimərliklərdə boğularaq, ölür. Bu, bütün dünyanı narahat edən məsələdir. Xüsusilə isti havalarda insanlar təkcə dənizə deyil, eyni zamanda çaylar, göllər, su kanalları və digər su hövzələrinə üz tuturlar. Yalnız fəaliyyət üçün rəsmi icazəsi olan çimərliklərdən faydalanmaq lazımdır”.

elmarnureliyev

O bildirib ki, boğulma faktlarının 90 faizi icazə verilməyən çimərliklərdə qeydə alınıb: “Bundan başqa, əlverişsiz hava şəraitində də çimərliklərə getmək olmaz.  Boğulmaların 70 faizi əlverişsiz hava şəraitində baş verir. Küləyin surəti saniyədə 10-12 metrdən, dalğanın hündürlüyü 2-3 metrdən çoxdursa, bu hallarda çimmək özünü birbaşa təhlükəyə atmaqdır. Qayalıqların üzərindən suya atılmaq və ya saatlarla suda qalmaq olmaz. Xüsusi nişanlanmış sərhədlər keçilməməlidir”.

Ekspert qeyd edib ki, xilasedicilərin olduğu çimərliklər seçilməlidir, əks halda həyatını riskə atırsan: “Bir də qaranlıqda dənizə girmək böyük riskdir. Çimərliklərdə spirtli içkilərdən istifadə də təhlükəsizlik baxımından yolverilməzdir”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili isə TNS-ə naziriliyin bu məsələni daim diqqətdə saxladığını deyib: “Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edir ki, gedəcəkləri çimərliklər haqqında məlumatlı olsunlar. Əgər çimərlikdə xilasedici texnika və xilasetmə xidməti yoxdursa, bu kimi yerlərə getməsinlər".

aqsinelili_1

Aqşin Əlili qeyd edib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ölkənin sahilboyu ərazilərində monitorinq keçirir.

“Monitorinqlərin məqsədi çimərlik üçün uyğun olmayan əraziləri müəyyən etmək, sahibkarlara təhlükəsizlik qaydaları haqqında məlumat verməkdir. İDEA ictimai birliyinin təşkilatçılığı ilə Bakı şəhərində 6 çimərlik yaradılıb. Həmin çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr, təmizləmələr aparılır. Xəzər dənizi təhlükəli dənizdir. İlin çox hissəsi küləkli olur, bunun nəticəsində də sualtı axın müşahidə olunur, daş parçaları və yad cisimlər meydana gəlir”, - o əlavə edib.

Xidmət sözçüsü dənizdə üzmə nişanlarının olduğunu xatırladıb: “Bu nişanlar 1 metr 70 santimetr dərinlikdə quraşdırılır. Vətəndaşların təhlükəsizliyi və xilasetmə ilə bağlı xidmət iyun ayının 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu kompleks təhlükəsizlik tədbirlərinin nəticəsində bu il 116 nəfər çimərlik mövsümündə olmaqla, ümumilikdə suda boğulma təhlükəsi ilə üzləşən 124 nəfər xilas edilib. Nəzarət etdiyimiz çimərliklərdə suda boğulma nəticəsində ölüm faktı qeydə alınmayıb.  Bu isə bir daha onu deməyə əsas verir ki, nəzarət olunan, təhlükəsizlik qaydalarına əməl olunan çimərliklərdən istifadə mütləqdir”.

Dövlət Xidmətinin rəsmisi vurğulayıb ki, suda boğulma ilə ölüm halları daha çox qanunsuz su hövzələrində qeydə alınır.

“Bir faktı da qeyd edim ki, suvarma kanalları beton plitələrdən inşa edilərək trapesiya formasında hazırlanır. Həmin beton piltələrin su ilə təmasında elə bir sürüşkən təbəqə əmələ gəlir ki, hətta FHN xilasediciləri də təkbaşına düşəndə oradan çıxa bilmirlər. Ona görə də vətəndaşlar bu məsələdə çox diqqətli olmalıdırlar”, - o bildirib.

Aqşin Əlili küləkli havada və qaranlıqda dənizə girməyin təhlükəli olduğunu xatırladıb. “Saat 08:00-dən 21:00-dək dənizə girmək uyöundur. Narahatedici məqamlardan biri də çimərliklərdə uşaqların itməsidir. Valideynlərə çağırış edirik ki, uşaqları nəzarətsiz qoymasınlar”.

Bünyamin Bünyadzadə

tns.az

neymar.az

0.029206991195679