Məktəblərin təhlükəli təhlükəsizliyi — Bəs mühafizəni necə təmin etməli?

Tədris ilinin başlanmasına az qalmış təhsil müəssisələrinin mühafizəsi istiqamətində hər il Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi birgə iş aparır. Amma etiraf edək ki, bütün məktəblərin tam mühafizəsi mümkün deyil. Bu gün 4500-dən çox orta məktəb, 1600-dən çox məktəbəqədər təhsil müəssisəsi, 50-dən çox universitet və bir o qədər orta ixtisas təhsili müəssisəsi, 100-ə qədər peşə təhsili müəsssiəsi fəaliyyət göstərir. Həmin təhsil ocaqlarının hamısının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizəsini təmin etmək reallıqdan uzaqdır. Buna böyük vəsait tələb olunur. Ötən gün Bakının Sabunçu rayonunda azyaşlı qızın məktəbdən çıxarkən onu naməlum şəxs tərəfindən zorla avtomobilə itələməsi, bıçaqla hədələməsi xəbərləri yayılıb. 

Qeyd edək ki, hadisə Mehdiabad qəsəbəsinin Umudvar Əliyev küçəsində qeydə alınıb. Belə ki, Z.Q dərs bitdikdən sonra qardaşını axtarmaq məqsədilə çölə çıxıb. Naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb. Z.Q-nın bildirdiyinə görə, ona bıçaqla hədə qorxu gələn şəxs onu “Mitsubishi” markalı avtomobilə əyləşdirərək maşından düşməməyi tapşırıb. Deyib ki, özünü onun qızı kimi aparsın. Bir neçə yüz metr gedəndən sonra sürücü ətrafdan keçənlərdən Zabrat istiqamətinə yolu soruşub. Bu zaman Z yolda sinif yoldaşının valideyni ilə birlikdə evə getdiyini görüb. Uşaq dərhal maşından düşərək həmin valideynin yanına qaçıb. Avtomobili idarə edən naməlum şəxs ərazidən uzaqlaşıb. Faktı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları araşdırıb. Küçədə olan müşahidə kameralarından aydın olub ki, Z-nı ağ rəngli “Mitsubishi” markalı nəqliyyat vasitəsini idarə edən sürücü qaçırmağa cəhd göstərib. Bu hadisə məktəblərdə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Məktəblərimizdə bu gün təhlükəsizlik hansı səviyyədədir?

Məlum olayı “Demokrat.az”a dəyərləndirən təhsil eksperti Kamran Əsədov bildirib ki, qanunvericilik aktlarına uyğun olaraq, orta məktəblərin mühafizəsi ilə bağlı Təhsil Nazirliyinin büdcəsində vəsait nəzərdə tutulmayıb. Ekspert qeyd edib ki, bir çox ümumtəhsil məktəblərində mühafizə üçün valideynlərin könüllü əməkdaşlığı təcrübəsi mövcuddur və valideyn komitələrinin bu işə cəlb olunması ilə məktəblər mühafizə olunurlar: 

“Məktəblər dövlət müəssisəsi olduğu üçün mühafizəyə görə əlavə vəsait ayrılmır. Bu gün məktəblərimizin mühafizəsi yüksək səviyyədə deyil. Buna görə də hesab edirəm ki, məktəblərdə mühafizə işini görən şəxslərə xüsusi təlimlər keçirilməlidir. İndi məktəbləri təqaüdçü nənə və babalar mühafizə edir. Onlar yalnız şagirdlərin dərs zamanı çölə çıxmasına və valideyinlərin məktəbə daxil olmasına maneə olurlar. Amma baş verəcək hansısa hadisədən onlar mühafizə etmək gücündə deyillər. Təklif edirəm ki, məktəblərin yaxınlığında mobil patrul dəstələri fəaliyyət göstərsin. Bir neçə yaxın məktəbə o polis dəstələri nəzarət etsin. Hesab edirəm ki, məktəblərdə müəllimlərin növbətçiliyi təşkil olunmalı, onlar məktəblərdə nizam-intizama nəzarət etməlidir. Ən əsası məktəbin qapısında etibarlı, işinə məsuliyyətlə yanaşan nəzarətçilər dayanmalı, məktəbə kimin gəlib-getdiyinə nəzarət etməlidir. Şübhəli görünən və tanış olmayan insanlardan sorğu-sual etməlidir. Kim gəldi, məktəbə buraxmaq olmaz. Buna qanunvericilik də icazə vermir. Bilirsiniz, çox vaxt məktəblilərlə bağlı bədbəxt hadisələr məktəbdə deyil, məktəbdən kənar yerlərdə baş verir. Odur ki, nəzarətçilər şagirdlər dərsdən çıxıb qaçmasınlar deyə ciddi nəzarət etməlidir. Uşaq bir neçə gündür dərsə gəlmirsə, evinə zəng edib maraqlanmalıdırlar. Bəlkə heç evdə də deyil, evdəkiləri "məktəbə gedirəm" adı ilə aldadıb dərslərini səbəbsiz yerə buraxır. Təəssüf ki, bu gün məktəblərdə təhlükəsizlik məsələləri qənaətbəxş deyil. Bir çox məktəblərdə məktəb intizamı qaydaları yerinə yetirilmir. Məktəblərin mühafizəsi lazımi səviyyədə deyil. Ona görə də bu məsələni qabartmaq lazımdır. Məktəblərdə mühafizə deyən kimi, o saat polis yada düşür, ancaq məktəblərin öz daxilində intizam qaydalarını yüksəltmək lazımdır. Onda məktəblərin təhlükəsizliyi təmin olunacaq”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Demokrat.az"a açıqlamasında vurğulayıb ki, məktəblərdə təhlükəsizlik məsələsi çox ciddi bir məsələdir. Ekspertin sözlərinə görə, məktəblilərin fövqəladə vəziyyətlərdə doğru qərar qəbul etmək iqtidarında olmaması məsələyə daha ciddi yanaşmanın ortaya qoymasını tələb edir: 

“Fikrimcə, məktəblərdə hər gün müəllimlərdən, ya da inzibati işçilərdən bir nəfər nəzarətçi olmalıdır. Həmin nəzarətçilər mütəmadi olaraq müvafiq təlim keçməlidirlər, çünki hansısa bir hadisə baş verəndə, nə etməli olduğunu dair ilkin biliklərə sahib olsunlar. Hesab edirəm ki, hətta bu cür hallara qarşı dərs saatı da ayrılmalıdır. Sual yaranır, bu gün bu varmı? Bu gün məktəblərdə mülki müdafiə ilə bağlı işlər hansı yerdədir? Uşaqlar təhlükəsizliklə bağlı hansı biliklərə sahibdirlər. Yaxşı olardı ki, bununla bağlı məktəblərdə ciddi monitorinqlər keçirilsin. Bu cür hadisələrin yaşanmaması üçün isə ciddi mühafizəyə və şagirdlərin mütəmadi valideynlər və müəllimlər tərəfindən  bilgiləndirilməsinə, maarifləndirilməsinə ehtiyac var”.

Mövcud durumu saytımıza dəyərləndirən keçmiş polis rəisi Mahmud Hacıyev söyləyib ki, cəmiyyət varsa, cinayət də olur. Bunların tamamilə kökünü kəsmək absurddur: 

“Məktəblərdə ümumiyyətlə, mühafizə sistemi çox zəifdir. Amma, bir reallığı da qəbul edək ki, azyaşlı uşaqlar hərbi geyimdən, polis geyiminindən qorxurlar. Buna görə də məktəblərə polislərin qoyulması bir qədər çətin məsələdir. Çünki burada məktəblərdə psixoloji anları da nəzərə almaq lazımdır. Çünki 7-8 yaş arası uşaqlarda bu məsələdə psixoloji durum çox gərgin olur. Ümumiyyətlə, dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda özəl mühafizə şirkətləri var. Düzdür, əvvəllər Azərbaycanda bu yox idi, ancaq indi var.

Hesab edirəm ki, təhsil idarələri həmin şirkətlərlə müqavilə bağlaya bilər. Bu da əlbəttə ciddi maliyyə tələb edən bir məsələdir. Qeyd edim ki, xarici ölkələrdə də məktəblərdə hərbiləşdirilmiş, hətta özəl mühafizə belə yoxdur. Ona görə də hesab edirəm ki, bu cür neqativ halların yaşanmaması üçün hər məktəbin ərazisinə aid olan sahə müvəkkilləri bu məsələlərə ciddi nəzarət etsinlər. Təbii ki, bu cür hadisələrdən heç kim sığortalanmayıb. Ona görə də bu məsələdə valideynlər və uşaqlar gərək ayıq-sayıq olsunlar. Valideynlər birmənalı şəkildə övladlarını daim bilgiləndirsinlər ki, tanımadığı şəxslərin çağırışlarına reaksiya verməsinlər və yanlarına getməsinlər. Ümumiyyətlə, bu cür məsələlərdə müəyyən profilaktik, maarifləndirici söhbətlər aparılmalıdır”.

Aynurə
Demokrat.az

0.033354997634888