Binalarda baş verən oğurluqlarda günahkar kimdir? - Elmar Nurəliyev

Son günlər yeni tikililərdə kamera və mühafizəçilərin olmasına baxmayaraq, oğurluq halları artmaqda davam edir. Bəs bunun günahı kimdədir? Mühafizəçidə, yoxsa bina sakinlərində?

Bununla bağlı Sonxeber.az-a təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev açıqlama verib.

O, oğurluğun baş verməsinin günahının, ilk növbədə, bina sakinlərində olduğunu deyib:

"Ümumiyyətlə, bina tikildikdən sonra onun idarə olunması üçün müştərək cəmiyyət yaranır. Sakinlər binanın təhlükəsizliyi, işıqlandırma, lift, mühafizə və s. xidmətlər üçün pul ödəyirlər.

Əksər binalarda tikinti şirkəti bunları öz idarəçiliyində saxlayır. Təbii ki, bu binalardan müəyyən məbləğ toplanır. Yeni tikililərin əksəriyyətində mühafizə sistemi və nəzarət-müşahidə kameraları var.

Burada söhbət işin düzgün təşkil olunmasından gedir. Yaxşı olar ki, belə binalarda 1-2 deyil, çox mühafizəçi olsun. Elə binalar var ki, orada səhərdən axşama kimi eyni adam dayanır. Hər gün bu qədər işləməyə insan orqanizmi tab gətirə bilməz.

Binalarda 3-5 kamera var ki, onlardan da hansının işlədiyi bilinmir. Təbii ki, oğurluğa gələn adam əvvəl ərazini yoxlayır, boşluqları tapır və fürsətdən istifadə edir. O binalarda kameraların hamısı işləsə, qapıda duran mühafizəçi ayıq-sayıq olsa, bu cür hallar baş verə bilməz.

Oğurluq halları hər zaman olub. Hansı rayonda bu hallar çoxalıbsa ,orada hüquq mühafizə orqanları artıq ciddi addımlar atmalıdır.
Belə hallar intensivləşən yerlərdə onların sayını minimuma endirmək üçün kompleks təhlükəsizlik tədbirləri görülməlidir.

Burada insanların da üzərinə məsuliyyət düşür. Əgər sən üzərində olan əşyanı açıq şəkildə qoyursansa, nəzərə almalısan ki, bir gün oğurlana bilər. Bəli, ola bilər, 1 ay əşya blokda qalsın və oğurlanmasın. Bu, normal haldır. Amma çöldə nəzarətsiz qalırsa, bilməlidirlər ki, bunu oğurlamaq niyyətində olan adam bir gün gəlib oğurlayacaq. İnsanlar öz əşyalarına, avadanlıqlarına qarşı məsuliyyətli olmalıdırlar".

ZAİRA AKİFQIZI

sonxeber.az

neymar.az

0.040304899215698