Güclü küləkdə çölə çıxmaq təhlükəli ola bilər- Ekspert Elmar Nurəliyev
Son günlər ölkə ərazisində müşahidə olunan güclü külək və əlverişsiz hava şəraiti insanların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Güclü külək nəticəsində ağacların aşması, reklam lövhələrinin qopması, tikililərdən müxtəlif hissələrin düşməsi insanların sağlamlığı və həyatı üçün ciddi risk yaradır. Mütəxəssislər bildirirlər ki, belə hava şəraitində rəsmi qurumların xəbərdarlıqlarına əməl etmək, zərurət olmadıqda açıq havaya çıxmamaq və təhlükə yarada biləcək ərazilərdən uzaq durmaq vacibdir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, insanlar rəsmi qurumların hava şəraiti ilə bağlı xəbərdarlıqlarına ciddi yanaşmalıdırlar: "Əlverişsiz hava şəraitində güclü külək yaşayış binalarının hissələrinin, yüngül konstruksiyaların, müvəqqəti tikililərin, reklam lövhələrinin və yol kənarında yerləşən ağacların aşmasına və ya uçmasına səbəb ola bilər. Buna görə də rəsmi dövlət qurumlarının xəbərdarlıqlarından sonra zərurət yoxdursa, planlaşdırılan görüş və səfərləri müvəqqəti təxirə salmaq məqsədəuyğundur. Əgər çölə çıxmaq vacibdirsə, çoxmənzilli yaşayış binalarının yaxınlığından keçərkən diqqətli olmaq, həmin ərazilərdə dayanmamaq, reklam lövhələrinin və ağacların altında gözləməmək lazımdır. Təhlükə yarada biləcək əraziləri mümkün qədər qısa müddətdə keçmək və ən sadə təhlükəsizlik qaydalarına əməl etmək daha məqsədəuyğundur".
Zeynəb Həsən
crossmedia.az
