Ekspert Elmar Nurəliyev: “Çimərliyi yarış meydançasına çevirmək olmaz”

Bildiyimiz kimi, artıq yay fəslidir. İnsanlar istirahət üçün çimərliklərə üz tuturlar. Bəzən bu istirahət faciəyə çevrilir.
Dənizdə batma və boğulma hallarının olmaması üçün insanlar hansı qaydalara əməl etməlidir? Əlbəttə, hər bir kiçik ehtiyatsızlıq böyük  faciələrə yol açır. 

Mövzu ilə bağlı  Adalet.az-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev boğulma hallarının səbəbi kimi çimərlik qaydalarına əməl olunmamasını qeyd edib:

“Təəssüf ki, hər il boğulma halları qaçılmaz olur.. İnsanların ehtiyatsız davranması nəticəsində  onların istirahəti bəzən faciəyə çevrilir.  Bədbəxt hadisələr  baş verməsin deyə çimərliyə planlı şəkildə getmək lazımdır. Təhlükəsizlik qaydalarına ciddi əməl etmək lazımdır. İlk olaraq mütləq  “5 qızıl qayda”ya əməl olunmalıdır. Həmin  “qızıl qayda”lar bunlardır: 

Əlverişsiz hava şəraitində çimərliyə getməmək. Üzmə sərhədlərini keçməmək. Nəzarətsiz, xilasetmə xidməti olmayan çimərliyə getməmək. Spirtli içkinin təsiri altında suya girməmək. Uşaqları nəzarətsiz buraxmamaq. 

Çimərliyə gedən gün mütləq havanın şəraitini qiymətləndirmək lazımdır.  Əlverişsiz hava şəraiti dedikdə isə havanın küləkli olması və günün qaranlıq saatı nəzərdə tutulur. 

Üzmə sərhədlərini keçmək də insanın həyatını təhlükəyə atır. Çimərliyi yarış meydançasına çevirmək olmaz.  Daş, qaya və dəmir konstruksiyaların üzərinə çıxıb, suya baş vurmaq kimi lüzumsuz hallara yol verilməməlidir. 

Ən ciddi məsələlərdən biri isə spirtli içkinin təsiri altında suya girməkdir. Deyərdim ki, ən təhlükəli haldır. Dəniz səhvi bağışlamır. 
Xəzərin bütün ərazisi çimmək üçün nəzərdə tutulmayıb axı. Çimərlik mövsümü başlamamışdan əvvəl aidiyyatı üzrə müvafiq qurumlar  tərəfindən çimərlik ərazilərinə baxış keçirilir.  Çimərlik sahələri müəyyənləşdirilir.  Çimərlik üçün uyğun bilinən ərazilərdə çimmək daha məqsədəuyğundur.

Bu, həm təhlükəsizlik baxımından, həm də sağlamlıq baxımından daha vacibdir.  İcazə verilən çimərliklərdə mütləq xilasetmə xidməti fəaliyyət göstərir.

Nəzarətsiz çimərliklərə, xilasetmə xidməti olmayan çimərliklərə  getmək olmaz. Ən ciddi yanaşılmalı məsələlərdən biri isə uşaqları nəzarətsiz buraxmamaqdır.  Çimərlikdə uşaqları uzun zaman nəzarətsiz buraxmaq bir ailənin faciəsi ilə nəticələnə bilər.
Bütün dünyada  hər il 400.000-ə yaxın insan suda boğulur. Bu göstəricinin 95%-i nəzarətsiz çimərliklərin payına düşür. 
Harda xilasetmə xidməti varsa, nəzarət olunan çimərlikdirsə ora getmək lazımdır.  Bu qayda  həm dənizə, həm göllərə, həm çaylara, həm su arxlarına, həm su kanallarına,  həm də su anbarlarına aiddir. 

Əgər hər hansı bir su hövzəsi çimmək üçün nəzərdə tutulmayıbsa, orda çimmək olmaz. Çünki suyun dibində hansı prosseslərin getdiyini insanlar  bilmirlər. 

Dənizə gedənlər bəzən özləri ilə kiçik həcmli gəmilər,  qayıq və  digər  üzmə vasitələri aparırlar. Həmin vasitələri  icazəsiz çimərliyə aparmaq olmaz. Bu kimi hallar yolverilməzdir. 


Əntiqə Kərimzadə 

adalet.az

neymar.az

0.012683868408203