Təhlükəsizlik eksperti Elmar Nurəliyev: Çimərlikdə bu səhvlər həyat bahasına başa gələ bilər
Son günlər dəniz sahillərinə üz tutanların sayı xeyli artıb. Lakin istirahət mövsümünün aktivləşməsi ilə yanaşı, boğulma halları da ciddi narahatlıq doğurur. Ölkənin müxtəlif çimərliklərində qeydə alınan faciələr, xüsusilə də eyni ailənin bir neçə üzvünün həyatını itirməsi ilə nəticələnən hadisələr cəmiyyətdə geniş rezonans yaradıb. Bu cür faciələrin əksəriyyəti təhlükəsizlik qaydalarına əməl edilməməsi, nəzarətsiz ərazilərdə suya girmək, hava şəraitini və dənizdəki təhlükəli axınları düzgün qiymətləndirməmək kimi amillərlə bağlı olur. Digər tərəfdən, çimərliklərdə təhlükəsizlik infrastrukturunun vəziyyəti, xilasedicilərin sayı və maarifləndirmə tədbirlərinin yetərliliyi də müzakirə olunan əsas məsələlərdəndir.
Tanınmış təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Ekologiya.az-a açıqlamasında deyib ki, yay aylarında çimərlikdə təhlükəsizlik qaydalarına ciddi riayət etmək vacibdir:
“Çimərliyə gedərkən istirahəti planlı şəkildə təşkil etmək lazımdır. Burada söhbət təkcə dənizdən deyil, bütün su hövzələrindən göllərdən, çaylardan, su anbarlarından, kanallardan və digər su tutarlarından gedir. İlk növbədə, yalnız çimmək üçün rəsmi şəkildə nəzərdə tutulmuş ərazilərə getmək lazımdır. Çimmək üçün ayrılmayan göl, çay, kanal, arx, su anbarı və digər su hövzələri insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Məsələn, Xəzər dənizinin 825 kilometrlik sahil zolağının hamısı çimmək üçün nəzərdə tutulmayıb. Bunun üçün xüsusi çimərliklər ayrılır və həmin ərazilərdə xilasetmə xidməti fəaliyyət göstərir. Çimmək üçün nəzərdə tutulmuş ərazilər aidiyyəti dövlət qurumları tərəfindən ətraflı yoxlanıldıqdan sonra müəyyən edilir. Bu zaman suyun dibinin relyefi, sualtı axınlar, akvatoriyanın vəziyyəti araşdırılır, həmçinin suyun fiziki, kimyəvi və bakterioloji göstəriciləri laboratoriyada yoxlanılır. Yalnız insanların həyat və sağlamlığı üçün təhlükə olmadığı müəyyən edildikdən sonra həmin ərazidə çimərliyin fəaliyyətinə icazə verilir. Əgər hər hansı su hövzəsi bu tələblərə cavab vermirsə, orada çimməyə icazə verilmir. Buna görə vətəndaşlar bu məsələyə xüsusi diqqət yetirməlidirlər”.

Ekspert bildirib ki, çimərlikdə təhlükəsizlik üçün beş əsas qaydaya əməl etmək lazımdır:
“Əlverişsiz hava şəraitində dənizə və ya digər su hövzələrinə girməmək, müəyyən edilmiş üzmə sərhədlərini keçməmək, spirtli içkinin təsiri altında suya daxil olmamaq, uşaqları bir an belə nəzarətsiz buraxmamaq, həmçinin xilasetmə xidməti fəaliyyət göstərməyən və nəzarətsiz çimərliklərdə çimməmək vacibdir. Bu qaydalara əməl etməklə təhlükəsiz və sağlam istirahət etmək mümkündür. Əlverişsiz hava şəraiti dedikdə, xüsusilə küləyin sürətinin saniyədə 10–12 metri keçdiyi hallar nəzərdə tutulur. Belə hava şəraitində çimərliyə getmək məsləhət görülmür. Üzmə sərhədlərinə də ciddi riayət olunmalıdır. Bəzən insanlar daha uzağa üzməyi yarışa çevirir, qayaların, daşların və ya metal konstruksiyaların üzərinə çıxaraq suya baş vururlar. Bu isə təhlükəsizlik baxımından yolverilməzdir. Spirtli içkinin təsiri altında suya girmək boğulma riskini əhəmiyyətli dərəcədə artırır və qətiyyən yolverilməzdir”.
Ekspertin sözlərinə görə, xilasetmə xidməti olmayan çimərliklər, əslində, çimmək üçün nəzərdə tutulmayan ərazilərdir:
“Rəsmi çimərliklərdə isə peşəkar xilasedicilər növbə çəkir və bu, insanların təhlükəsizliyini təmin edən əsas amillərdən biridir. Hər il Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə boğulma faktının qeydə alınmaması da bunun bariz göstəricisidir. Uşaqların təhlükəsizliyi isə xüsusi diqqət tələb edir. Onlar daim valideyn nəzarətində olmalıdırlar. Bəzən valideynlərin diqqəti istirahətə və ya digər məşğuliyyətlərə yönəldiyi üçün uşaq nəzarətsiz qalır və bu da faciə ilə nəticələnə bilər. Buna görə uşaqları bir an belə gözdən kənarda saxlamaq olmaz. Ümumiyyətlə, dünya statistikası göstərir ki, hər il təxminən 400 min insan suda boğularaq həyatını itirir. Bu halların təxminən 95 faizi nəzarətsiz çimərliklərdə, 70 faizdən çoxu isə əlverişsiz hava şəraitində baş verir. Bu statistika bir daha təsdiq edir ki, xilasetmə xidməti olan rəsmi çimərliklər daha təhlükəsizdir, nəzarətsiz ərazilərdə çimmək isə ciddi risk daşıyır. Bu səbəbdən hər bir vətəndaş çimərlikdə təhlükəsizlik qaydalarına ciddi əməl etməli, yalnız rəsmi və nəzarət olunan çimərliklərdə istirahət etməyə üstünlük verməlidir”.
Aysel Elnur
