İldırım təhlükəsi: "Həmin vaxt telefon işlətməyin, maşından düşməyin"- Elmar Nurəliyev
Lerikdə 21 yaşlı gənci ildırım vuraraq öldürüb. Hadisə rayonun Laman kəndində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Mirzəzadə Cəfər Əbdül oğlu yaşadığı evin həyətində olarkən onu ildırım vurub. Gənc aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Lerikdə baş vermiş ildırım hadisəsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. Təbii fəlakət kimi qəbul edilsə də, ildırım vurması hallarında düzgün davranış qaydalarının bilinməsi həyati əhəmiyyət daşıyır. Xüsusilə dağlıq və açıq ərazilərdə risk daha yüksək olur. Bu baxımdan maarifləndirmə vacibdir.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, ildırım təhlükəsindən qorunmaq üçün mütləq təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır:
“Əgər evdəsinizsə, qapılar və pəncərələr bağlı saxlanılmalıdır və pəncərədən çölə baxmaq və ya pəncərəni açıq saxlamaq doğru hesab olunmur. Ev şəraitində olan elektrik cihazları kompüter, televizor, telefon və digər elektriklə çalışan qurğular cərəyandan ayrılmalıdır. Ümumilikdə həmin vaxt mobil telefonlardan istifadə edilməməsi daha təhlükəsiz sayılır. Çöldə olduğunuz halda isə ağacların altında və ya binaların giriş hissəsində dayanmaq tövsiyə olunmur. Belə vəziyyətdə mümkün olduqda dərhal qapalı məkana daxil olmaq lazımdır. Əgər avtomobildəsinizsə, nəqliyyat vasitəsindən düşmək olmaz və avtomobilin içində qalaraq ildırımın keçməsini gözləmək daha təhlükəsizdir”.
O qeyd edib ki, ümumiyyətlə açıq sahələrdə və hündür yerlərdə qalmaq risk yaradır və bu ərazilərdən uzaq durmaq lazımdır:
“Eyni zamanda daha aşağı və çökək ərazilər nisbətən təhlükəsiz hesab olunur və belə yerlərə yönəlmək məqsədəuyğun ola bilər. Digər mühüm məqam isə su hövzələridir; göl, gölməçə və digər su sahələrindən mümkün qədər uzaq dayanmaq vacibdir. Bu sadə təhlükəsizlik qaydalarına əməl etməklə ildırım təhlükəsindən qorunma imkanlarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür”.
Elmar Nurəliyev əlavə edib ki, açıq sahələr və hündür nöqtələr ən riskli yerlərdir. Onun sözlərinə görə, insanlar belə vaxtlarda daha aşağı və çökək ərazilərə çəkilməlidir. Göl və digər su hövzələrindən uzaq durmaq da həyati əhəmiyyət kəsb edir.
Leyla Turan
Demokrat.az
neymar.az
