Suda boğulmalar niyə baş verir? - Ekspert Elmar Nurəliyev

Suda boğulmaların 98 faizi fəaliyyətinə icazə verilməyən çimərliklərdə baş verir.

Bunu İqtisadiyyat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, ilk növbədə çimərliyi düzgün seçmək lazımdır: “Hansı çimərliklərin ki, fəaliyyətinə icazə verilir, o çimərliklərə getmək lazımdır. Fəaliyyətinə icazə verilməyən çimərliklərə getmək doğru deyil. Bu, nəinki Azərbaycanda, bütün dünyada belədir. Hər il dünyada 400 minə yaxın insan suda boğularaq həyatını itirir. Çimərlik deyəndə burada dəniz, göllər, çaylar, arx, su kanalları, su anbarları və s. daxildir”.

E.Nurəliyev qeyd edib ki, qeyri-çimərliklər böyük təhlükə daşıyır: “Nəzarət olunan çimərliklərdə isə birinci növbədə müvafiq dövlət qurumları tərəfindən baxışlar keçirilir və normal hesab edilirsə, ondan sonra çimərlikərin fəaliyyətinə icazə verilir. Əlavə olaraq, fəaliyyətinə icazə verilən çimərliklərdə xilasetmə qrupu xidmət göstərir. Ancaq nəzarətsiz çimərliklərdə bunların heç biri yoxdur”.  

Mütəxəssis bundan başqa vurğulayıb ki, əlverişsiz hava şəraitində çimərliklərə getmək lazım deyil: “Dünya üzrə statistikada da suda boğulmaların səbəblərinin 70 faizdən çoxu məhz hava şəraitinin payına düşür. Küləyin sürəti saniyədə 10-12 km-i keçən zaman və qaranlıq vaxtı çimərliyə getmək olmaz. Bununla yanaşı çimərliklərdə məhdudlaşdırıcı sərhədləri keçməmək lazımdır. Bəzən çimərliyi yarış meydançasına çevirirlər: kim daha uzaq məsafəyə üzə bilər, suda hansısa qaya parçasının üzərinə çıxıb baş vururlar. Bütün bunlar təhlükəsizlik baxımından qəbuledilməzdir. Uşaqlara ümumiyyətlə nəzarət etmək lazımdır, spirtli içki qəbul edib suya girmək yol verilməzdir. Bütün bu qaydalara riayət etmək lazımdır”.  

Elçin Mehdiyev

0.01701021194458