Bakıda məktəblərində GƏZƏN təhlükə: Uşaq qaçırılması iddialarının arxasında nə durur?

“Valideynlər bu tip xəbərlərə qarşı daha ayıq və analitik yanaşmalıdır. Məlumatın rəsmi mənbələrdən təsdiqlənməsini gözləmədən yayılması həm digər valideynlər arasında gərginlik yaradır, həm də hüquq-mühafizə orqanlarının işinə mane ola bilər”
 
Son günlərdə sosial şəbəkələrdə Bakıda müxtəlif məktəblərin ətrafında təhlükəli adamların müşahidə edilməsinə dair iddialar yayılıb. 
Xüsusilə valideyn qruplarında naməlum şəxsin azyaşlıları qaçırması və ya əxlaqa uyğun olmayan təkliflər etməsi barəsində səs yazıları yayılır. Hətta çadralı şəxsin üzünün görünmədiyi video da paylaşılaraq bu şəxsin əslində kişi olduğu və uşaqları oğurladığı iddia edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, paytaxtın Qaradağ rayonunda məktəblərdən birinin ətrafında naməlum şəxsin uşaqları hüquqazidd əməllərə məruz qoyması ilə bağlı yayılan iddialar araşdırılıb.
Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən naməlum şəxs müəyyən olunaraq polis idarəsinə dəvət olunub.
Xanımın hər hansı kriminal hadisə ilə əlaqəsi olmadığı müəyyən edilib, barəsində yayılan iddiaların əsassız olması sübuta yetirilib.
Sosial şəbəkə üzərindən həmin görüntülərlə bağlı təşviş yaradan digər qadın da müəyyən olunaraq polis idarəsinə çağırılıb, onunla profilaktik iş aparılaraq məsuliyyət tədbirləri görülüb.
Qeyd edək ki, bu məsələ təkcə informasiyanın doğruluğu ilə bağlı deyil, ümumilikdə məktəblərdə təhlükəsizlik sisteminin hansı səviyyədə qurulduğunu, bu sistemin hüquqi və texnoloji təminatlarını, valideynlərin və cəmiyyətin məlumatlandırma mexanizmlərini sual altına salır.
Məktəblərdə uşaq oğurluğu ilə bağlı xəbərlər bəzən əsassız olsa da, onların yayılması cəmiyyətdə təhlükə hissini gücləndirir və bu, idarəetməyə inamı zədələyir. Valideynlər övladlarının məktəbdə təhlükəsizliyinə tam əmin olmadıqları üçün məktəbə buraxılış proseslərində aktiv nəzarət həyata keçirməyə başlayır, bu isə təhsilin mühiti və idarəetməsində xaosa səbəb olur. Məsələn, məktəb qarşısında toplaşan valideyn izdihamı, müəllimlərin girişdə əlavə yoxlamalar aparması, məktəb rəhbərliyinin gün ərzində valideynlərlə gərgin ünsiyyətdə olması tədris prosesinə mənfi təsir göstərə bilər. Təhlükəsizlik hissi olmayan yerdə nə tədris, nə pedaqoji inkişaf, nə də sosial etimad mümkündür. Məktəblər bu gün təkcə dərs deyil, həm də həyatın qorunduğu, uşaqların rahat nəfəs aldığı yerə çevrilməlidir. Əks halda, valideynlərin təşvişi reallığa çevrilə bilər.
Psixoloqların fikrincə, bu cür iddiaların cəmiyyətə təsirini, psixoloji yükünü və faktoloji əsaslarını həm təhlükəsizlik, həm də psixoloji aspektdən qiymətləndirmək vacibdir. Mövzu ilə bağlı müxtəlif platformalarda fikirlərini bölüşən ictimaiyyət nümayəndələri isə hesab edir ki, uşaq oğurluğu faktı öz təsdiqini tapmasa belə, bu, valideynlərin narahatlığının əsassız olduğu anlamına gəlməməlidir.
Qeyd etdiyimiz kimi uşaq oğurluğu məsələsi də yalnız hüquqi deyil, həm də sosial və psixoloji məsələdir. 
 
Bu mövzuda fikirlərini Sherg.az-la bölüşən sosioloq Mətanət Məmmədova bildirib ki, ölkədə bu və bu kimi hadisələr baş verəndə onun qarşısının alınması, araşdırılması, hər hansı hadisəni törədən şəxsin cinayətə cəlb olunması dərhal Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, son günlərdə məktəblərin ətrafında təhlükəli şəxslərin görünməsi haqqında da DİN əməkdaşlarına məlumat verilib və araşdırma zamanı məsələnin heç də düşünüldüyü kimi olmadığı aşkar edilib:
 “Təbii ki, övladını məktəbə göndərən, bağçaya qoyan valideyn onların tam təhlükəsiz şəraitdə olmasına təminat istəyir. Həm məktəb, həm də bağçalarda kamera sistemləri qurulduğundan  və ya mühafizəçilər fəaliyyət göstərdiyindən bu qədər narahatlığa ehtiyac yoxdur. Şübhəli hal baş verdikdə mühafizəçilər dərhal məktəb və bağça rəhbərliyinə məlumat verir və lazımi tədbirlər həyata keçirilir. 
Hansısa bir anlaşılmazlıq bu mövzunu gündəmə gətiribsə, və aidiyyəti qurumlar tərəfindən araşdırılıb açıqlama verilibsə, bundan sonra valideynlərin sakitləşməyib votsap qruplarında müzakirələr aparması yəqin onların asudə vaxtlarının çox olmasından irəli gəlir. 
Düşünürəm ki, belə hallarda bir qədər ehtiyatlı olmaq lazımdır. Bu qədər geniş paylaşımlar, müzakirələr uşaqların qorxması, onlara psixoloji təsir ilə nəticələnə bilər. Bir halda ki, uşaqları məktəb və bağçalara valideynlər özləri aparıb-gətirir, məktəb və bağçalar isə nəzarət altındadır, burada təhlükəli heç nə ola bilməz”.
 
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə açıqlamasında bildirib ki, məktəblərin ətrafında təhlükəsizliyn təmin olunması istiqamətində  hüquq-mühafizə orqanları tərəfindən effektiv və səmərəli addımlar atılıb. Bu məsələdə valideynlərin narahatlığı üçün ciddi bir əsas yoxdur: 
“Cəmiyyətin belə məlumatlara reaksiyası həm övladlara olan həssas münasibətlə, həm də informasiya texnologiyalarının sürətli təsir gücü ilə əlaqəlidir. Valideynlər bu tip xəbərlərə qarşı daha ayıq və analitik yanaşmalıdır. Məlumatın rəsmi mənbələrdən təsdiqlənməsini gözləmədən yayılması həm digər valideynlər arasında gərginlik yaradır, həm də hüquq-mühafizə orqanlarının işinə mane ola bilər. Valideynlərin uşaqlarla daha açıq ünsiyyət qurması, onların hərəkətlərinə nəzarət etməsi və məktəb rəhbərliyi ilə daimi əlaqədə olması riskləri azaltmaq baxımından daha effektivdir.
Qeyd edim ki, bütün məktəblərin ətrafında hərtərəfli  nəzarət, mütəmadi patrul xidmətləri və təhlükəsizlik tədbirləri gücləndirilib. Bu tədbirlər çərçivəsində məktəblərin yaxınlığında sərt nəzarət, cinayətkar fəaliyyətlərin qarşısının alınması üçün ərazidəki kameraların artırılması və şəffaflığı təmin etmək üçün mütəmadi reydlər təşkil edilir. Eyni zamanda, polis əməkdaşları ilə məktəb rəhbərləri arasında daimi əlaqə yaradılıb, təhlükəsizlik məsələlərinə dair mütəmadi təlimlər keçirilməkdədir. Bu, həm məktəb rəhbərlərinin, həm də şagirdlərin təhlükəsizlik məsələlərinə daha diqqətli yanaşmalarını təmin edir. Təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən bu addımlar ümumilikdə səmərəli olmaqla yanaşı, hüquq-mühafizə orqanlarının məktəb ətraflarında daha effektiv nəzarəti təmin etməyə yönəlmiş addımlarının vacibliyini bir daha göstərir”.
 
Uşaqların qaçırılması barədə yayılan səs yazılarının çox vaxt saxta səhifələrdən və şübhəli mənbələrdən yayılaraq ictimaiyyəti narahat etdiyini vurğulayan E.Nurəliyev deyib ki, rəsmi qurumların təsdiq etmədiyi xəbərlərə əhəmiyyət verilməməlidir: 
“Sosial şəbəkələrdə təsdiqlənməmiş informasiyaların yayılması təhlükənin özü qədər zərərli ola bilər. Valideynlər və ictimaiyyətin nümayəndələri paylaşdıqları məlumatlara görə məsuliyyət hiss etməli, yalnız rəsmi mənbələrin açıqlamalarına istinad etməlidirlər. Uşaqlar üzərində qorxu effekti yaratmaq onların psixoloji inkişafına mənfi təsir göstərə bilər. Hüquq-mühafizə orqanları bu tip məlumatları ciddi şəkildə izləyir və məsələnin ciddi araşdırıldığını bildirir. Belə məlumatlar yayıldıqda, valideynlərə və cəmiyyətə tövsiyə olunur ki, yalnız rəsmi mənbələrdən və etibarlı xəbərlərdən istifadə etsinlər. Yalnız doğru və təsdiq edilmiş məlumatlara əsaslanaraq narahatlığa səbəb olmamaq, həmçinin uşaq və gənclərin qorunmasını daha da gücləndirmək üçün birgə səylər vacibdir. Uşaqların təhlükəsizliyini təmin etmək üçün məktəb rəhbərləri və valideynlər mütəmadi olaraq uşaqlara təhlükəsiz internet istifadəsi və sosial şəbəkələrdə ehtiyatlı olmaq barədə məlumat verməlidirlər. Həmçinin, şübhəli məlumatlarla qarşılaşan hər kəsin dərhal hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunur”.
sherg.az
neymar.az
0.013901948928833