Boğulma hallarında ilk yardımda peşəkarlıq şərtdir -EKSPERT ELMAR NURƏLİYEV

Sadə kəndir, taxta parçası belə həyat qurtara bilər
Son zamanlar çimərliklərdə boğulma halları artıb, səbəb isə çox vaxt eynidir: valideyn səhlənkarlığı, nəzarətsizlik və təhlükəsizlik qaydalarına biganə yanaşma. Bir neçə dəqiqəlik diqqətsizlik bəzən gənc bir ömrün yarımçıq qalması ilə nəticələnir. Təhlükənin böyüklüyü isə təkcə bir ailəyə deyil, ətrafdakıların da həyatına təsir edir. Adətən bu cür hallarda boğulan şəxsin yaşaması, başqasının öz həyatını riskə atması hesabına mümkün olur. Hər yay eyni ssenari təkrar olunur, azyaşlılar və yeniyetmələr nəzarətsiz şəkildə dənizə girir, nəticədə onları xilas etməyə çalışan digər şəxslər də təhlükəyə düşür. Belə hallarda qəhrəmanlıq edən insanlar olur. Amma bəzən bu qəhrəmanlığın qiyməti onların öz həyatı olur.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sherg.az-a açıqlamasında bildirib ki, boğulma hadisələrinin qarşısının alınması və boğulan şəxslərə yardım zamanı təhlükəsizlik məsələləri xüsusilə diqqət mərkəzində saxlanılmalıdır. Onun sözlərinə görə, boğulan şəxsi xilas etmək kifayət qədər çətin və peşəkar yanaşma tələb edən bir prosesdir və bu işi yalnız xüsusi hazırlıq keçmiş, sertifikatlı, peşəkar xilasedicilər həyata keçirməlidir:

“Boğulan şəxsi xilas etmək özü belə təcrübə tələb edən bir əməliyyatdır və bunu yalnız ixtisaslaşmış, sertifikatlı, bu sahədə peşəkar olan şəxslər – yəni xilasedicilər həyata keçirməlidir. Əksər hallarda insanlar insanlıq naminə dərhal boğulan şəxsə kömək etməyə çalışırlar. Lakin belə hallarda yardım etmək istəyən şəxsin özü də böyük təhlükə ilə üzləşə bilər. Boğulan şəxsi xilas etməyə çalışan adam öz həyatını da risk altına atmış olur. Çünki boğulan insan instinktiv olaraq sudan çıxmağa çalışdığı üçün ətrafındakı hər kəsdən, o cümlədən ona kömək etmək istəyən şəxsdən yapışa bilər. Bu isə hər iki şəxs üçün həyati təhlükə yaradır. Belə situasiyalarda soyuqqanlı davranmaq və doğru addımlar atmaq vacibdir. Ona görə də bu, çox ciddi yanaşma tələb edən məsələdir. Yaxşı olar ki, belə vəziyyətdə kömək etmək istəyən şəxs əlində olan kəndiri boğulan şəxsə uzatsın, həmin kəndirlə onu çəksin. Yaxud da xilasetmə şarı, əşya və ya digər vasitələrlə boğulanı sudan çıxarmağa çalışsın. Bir neçə nəfər bir-birinin əlindən tutaraq da bu yardımı göstərə bilər. Əgər həmin şəxs yüksək səviyyədə üzmə bacarığına və xilasetmə təcrübəsinə malik deyilsə, suya tullanmaqla özünü də təhlükəyə atmış olur. Çünki boğulan şəxs ona yaxınlaşan istənilən kəsdən tutaraq suyun üzərinə çıxmağa çalışır. Bu isə əlavə təhlükə yaradır və nəticə etibarilə kömək etmək istəyən şəxs də boğula bilər. Bütün bu nüanslar nəzərə alınmalıdır”.
Ekspertin sözlərinə görə, əgər yardım etmək istəyən şəxs üzmə bacarığına və bu sahədə təcrübəyə malik deyilsə, suya tullanmaqla həm özünü, həm də boğulan şəxsi həyati riskə atmış olur. E.Nurəliyev bildirib ki, belə hallarda düşünülmüş və təhlükəsiz davranış qaydaları əsas prinsip kimi qəbul edilməlidir: “Bu cür situasiyalarda kömək etmək istəyən şəxs əynindəki paltarı çıxarıb uzatsın ki, boğulan şəxs ondan tuta bilsin. Həmin hissədən dartaraq onu sudan çıxarmaq mümkündür. Eyni zamanda bir taxta parçası da uzatmaq olar. O vasitə ilə həmin insanı çəkməyə çalışmaq daha doğru olar. İnsanlar bu kimi hallara qarşı diqqətli olmalıdırlar. Ən vacib məqam isə odur ki, nəzarətsiz çimərliklərə getmək olmaz. Yalnız fəaliyyətinə rəsmi icazə verilmiş çimərliklərə üz tutmaq lazımdır. Çünki həmin yerlərdə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti fəaliyyət göstərir. Bu xidmət hər il yüzlərlə boğulma təhlükəsi ilə üzləşən şəxsi xilas edərək həyata qaytarır.
Qeyd etmək lazımdır ki, FHN-in nəzarətində olan çimərliklərdə, yəni xilasedici xidmətin fəaliyyət göstərdiyi ərazilərdə indiyə qədər bir nəfər belə boğulmayıb. Bu fakt bir daha göstərir ki, həmin çimərliklər daha təhlükəsizdir. İnsanlar mütləq bu amilə diqqət yetirməlidirlər. Statistikaya əsasən, hər il dünyada 400 minə yaxın insan suda boğularaq həyatını itirir və bu ölümlərin 98 faizi məhz nəzarətsiz, xilasetmə xidməti olmayan çimərliklərdə baş verir. Bu fakt da bir daha təsdiqləyir ki, yalnız rəsmi icazə verilmiş və xilasetmə xidməti olan çimərliklərə üz tutmaq lazımdır”.
sherg.az
Şəymən Bayramova
neymar.az
