Obyektlərdə baş verən yanğınların səbəbləri nələrdir? - Elmar Nurəliyev
“İaşə müəssisələrində yanğınların əksəriyyətinin elektrik təsərrüfatındakı qısaqapanmadan baş verdiyini nəzərə alsaq, bu kimi halların qeydə alınmaması üçün bir sıra profilaktik tədbirlər həyata keçirilməlidir. Bu təsərrüfat saz vəziyyətdə olmalı, ildə bir dəfədən az olmayaraq, ixtisaslaşmış müəssisə tərəfindən baxış keçirilməli, bu baxış əsasında hər hansı problemlər mövcuddursa və nasazlıq varsa, aradan qaldırılmalıdır”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə eskpert Elmar Nurəliyev deyib.
O vurğulayıb ki, bütün təyinatlı obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına və normalara ciddi riayət edilməlidir: “Bu qanunvericiliklə də təsbit olunub. Bütün obyektlərdə ilkin yanğınsöndürmə vasitələri, yanğın dolabları, ehtiyat su çəni, təxliyyə yolları, təhlükəsiz toplanış yerləri olmalı və bunlar daim işlək vəziyyətdə olmalıdır. Ümumiyyətlə, bütün obyektlərdə yanğın təhlükəsizliyinə dair rejim yaradılmalıdır. İşçilər bu istiqamətdə bilik və bacarıqlara malik olmalıdır. Onlar yanğın baş verməmişdən və verəndən sonra nələr etmək lazım olduğunu bilməlidir. Burada ilk növbədə yanğın təhlükəsizliyinə dair təchizatla davranış, ilkin od söndürmə vasitələrindən istifadə qaydaları bilinməlidir. Əlbəttə, belə olan halda hər hansı yanğının başvermə riski azalır, lakin artıq baş veribsə kompleks tədbirlər görülərək, onun qarşısı daha qısa zamanda alına bilir. Bu da yanğının geniş bir ərazidə yayılmasının qarşısını alır”.
Elmar Nurəliyev qeyd edib ki, evlərdə, obyektərdə baş verən yanğınlar yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindəndir: “Tez alışa və alovlana bilən, yanma qabiliyyəti yüksək olan materiallarla düzgün rəftar etmədikdə, təhlükəsizlik qaydaları pozulduqda yanğının baş vermə riski yaranır ki, bu da sonda daha böyük faciələrə gətirib çıxara bilir”.
İqtisadiyyat.az
neymar.az