İnsanları qəfil yaxalayan SƏSSİZ ÖLÜM:- Elmar Nurəliyev

“Qaz avadanlıqlarına, xətlərinə, qurğularına hər hansı kənar müdaxilə etmək yolverilməzdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında qaz sızması və dəm qazından zəhərlənmələrinin qarşısının alınması istiqamətində atılması lazım olan addımlar barədə danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, qaz cihazlarının saz vəziyyətlə olub-olmamasına diqqət yetirmək lazımdır.

“Hər hansı bir təmir işləri görülərkən, yerdəyişmə edilərkən yaranmış texniki nasazlığın aradan qaldırılmasının yalnız ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməsini təmin etmək lazımdır. Qaz avadanlıqlarına, xətlərinə və qurğularına hər hansı kənar müdaxilə etmək yolverilməzdir. Evlərdə qazın çəkilişindən sonra, yaxud hər hansı təmir işi gedərkən qaz borularına kənar müdaxilə etmək, eləcə də qeyri-metal borularla qazı bir otaqdan digərinə çəkmək düzgün deyil. Qaz cihazlarının istiliyinin artırılıb-azaldılması kimi hallar yolverilməzdir. Ümumiyyətlə, dəm qazı yanma prosesi düzgün getmədikdə əmələ gəlir”, – deyə o bildirib.

Elmar Nurəliyev qeyd edib ki, qaz cihazlarına kənar müdaxilə varsa, tüstü bacaları vaxtında təmizlənməzsə və bacada hər hansı deşik varsa, belə olan halda natamam yanma nəticəsində dəm qazı əmələ gələcək.

“Ona görə də tüstü bacaları vaxtında təmizlənməli, işlək vəziyyətdə olmalıdır. Ümumiyyətlə, qaz sızması əleyhinə detektor olmalıdır. Əgər dəm qazı varsa, detektor işə düşür, qaz sızması olanda da detektor onu dayandırır. Yəni hər hansı baş verə biləcək bədbəxt hadisənin qarşısı alınır. Həm dəm qazı, həm də qaz sızması əleyhinə detektorun olması vacibdir.

Dəm qazı isə daha çox hamam otaqlarında yaranır. Hansı evlərdə mərkəzi istilik sistemi, kombi sistemi varsa, orada dəm qazından zəhərlənmə riski yoxdur. Yox, standartlara uyğun olmayan cihazlardan istifadə olunursa və otaqda havalandırma sistemi yoxdursa, əlbəttə, dəm qazı əmələ gəlir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

yenicag.az

neymar.az

0.025110960006714