"Xilasetmə xidməti fəaliyyət göstərilməyən nəzarətsiz çimərliklərdən istifadə həyati təhlükə daşıyır"- Elmar Nurəliyev
İyun ayının 15-də çimərlik mövsümü başlayıb. Son statistikaya əsasən, bu müddət ərzində 30 nəfər boğulma təhlükəsi yaşayıb. Onlardan 13 nəfəri həyatını itirib. Dalğıc müsahibim Hicrəddin Cəfərov maraqlı bir cümlə istifadə etmişdi. O deyirdi ki, “cəmi 90 gün olan yay fəslində çimərlik mövsümü var, bu qısa müddət ərzində niyə batasan axı?”
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, boğulma halları əsasən insanların çimərliyə gedərkən uyğun çimərlik seçməməsi, qeyri-çimərlik ərazilərinə getməsi, əlverişsiz hava şəraitində dəniz üz tutması, çimərlikdə təhlükəsizlik qaydalarının pozulması, xüsusi nişanlanmış xətlər tələbinə riayət edilməməsi, daha dərin yerlərdə çimərlik üçün nəzərdə tutulmayan yerlərdə çimmək, suda saatlarla vaxt keçirmək və s. səbəblərdən baş verir: “Bunların hər biri çimərlikdə təhlükəsizlik qaydalarının pozulmasıdır ki, boğulma hallarını qaçılmaz edir. Bu səbəbdən, mütləq qaydada çimərliyi seçərkən düzgün seçmək, yalnız fəaliyyətinə icazə verilən, qanuni çimərliklərə getmək lazımdır. Çünki həmin çimərliklərdə xilasetmə xidməti var. Həmin çimərliklərin istifadəsinə dair müvafiq qurumların rəyi var. Bu çimərliklərə çimərlik mövsümü başlamamışdan öncə sualtı müşahidələr aparalır, su dibinin relyefi öyrənilir. Suda həm suyun fiziki-kimyəvi bioloji xassələri, sanitar normaları öyrənildikdən sonra sualtı relyefdə axınların və yarğanların olmaması, daş-qaya parçalarının və çöküntülərin olmaması monitorinq ediləndən sonra çimərliyin fəaliyyətinə icazə verilir. Fəaliyyətinə icazə verilən çimərliklərdə təhlükəsizlik tədbirləri nəzərə alınır. Ancaq fəaliyyətinə icazə verilməyən çimərliklərdə bu proseslər olmadığı, orada müəyyən təhlükələr olduğu üçün o çimərliklərə icazə verilməyib. İnsanlar həmin çimərliklərə üz tutanda təhlükə ilə qarşılaşma riski daha yüksək olur.
Ekspert Elmar Nurəliyev bildirib ki, suda boğulma hallarının əksəriyyəti nəzarətsiz çimərliklərin payına düşür.
“Bu, bütün dünya üzrə belədir. Hər il dünya üzrə ümumi 400 mindən çox insan suda boğularaq həyatını itirir. Yəni bu 400 minə yaxın insanın suda boğulması, ümumi dünya üzrə olan bir statistikadır. Bunun da 95 faizi qeyri çimərliklərin payına düşür. Nəzarətsiz çimərliklərdə xilasetmə xidməti fəaliyyət göstərmir. Hər il yüzlərlə boğulma təhlükəsi ilə üzləşən şəxs xilasetmə xidməti tərəfindən xilas edilərək həyata qaytarılır. Bu, bir daha onu deməyə əsas verir ki, yalnız fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır”-deyə Elmar Nurəliyev bildirib.
Ekspertin sözlərinə görə, əlverişsiz hava şəraitində suda boğulma riski 70 %-dən yüksək olur.
“Dalğaların hündürlüyü 1 metr-1 metr yarımı keçərsə və ya küləyin sürəti saniyədə 10-12 metri keçərsə, çimərliyə getməmək lazımdır. Əlverişsiz hava şəraitində gedilən çimərliklərdə daş-qaya parçalarının arasında üzürlər. Suya müəyyən daşların, qayalıqların, dəmir konstitusiyanın üzərinə baş vururlar. Bu da olduqca təhlükəlidir”-deyə ekspert əlavə edib.
Elmar Nurəliyev maraqlı bir fakta da toxunub. Ekspert bildirib ki, suda saatlarla vaxt keçirmək olmaz.
“Suda 15-20 dəqiqədən artıq vaxt keçirmək bu təhlükəsizlik baxımından yolverilməzdir. Dünya üzrə suda boğulanların statistikasına baxsaq, 15-20 dəqiqədən artıq vaxt keçirənlər 60 % faizdən yuxarı say təşkil edir. Bu da onu deməyə əsas verir ki, suda 15-20 dəqiqədən artıq vaxt keçirmək olmaz. Saatlarla suda vaxt keçirilir. Daha dərin məsafələrə gedilir. Çimərlik yarış meydançasına çevrilir. Kim daha çox uzaq məsafəyə üzə bilər. Belə olan halda, boğulma təhlükəsi ilə üzləşmə riski daha yüksək olur”-deyə Elmar Nurəliyev bildirib.
Ekspert Elmar Nurəliyev qeyd edib ki, çimərlikdə boğulma riski ilə qarşılaşmamaq üçün:
- xüsusi nişanlanmış xətləri keçməmək,
- spirtli içki içib suya getməmək,
- uşaqları nəzarətsiz qoymamaq lazımdır.
“Uşaqlar daim valideyn nəzarəti altında olmalıdır. Çünki hər bir şey göz qırpımında olur”-deyə ekspert vurğulayıb.
Çalışın ki, müvəqqəti istirahətə görə, əbədi həyatınızdan olmayasınız…
İradə Cəlil, Bizimyol.info
neymar.az