Suda boğulanların sayı niyə artır? - Elmar Nurəliyev

Çimərlik mövsümü başlayandan suda boğulanların sayı durmadan artır. “Dənizdə üç yeniyetmə batıb”, ”İki qardaş dənizdə boğuldu”, “Bakıda bacı-qardaş dənizdə batdı”, “Azyaşlı dənizdə boğulub”... kimi xəbərləri demək olar ki, hər gün eşidirik.
 
 
 
 
TƏBİB-dən verilən məlumata görə, iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumillikdə 30 nəfərin müraciəti qeydə alınıb.
 
 
Suda boğulanlardan 27-si kişi, 3-ü qadın olub. Onlardan 11 nəfər xəstəxanaya təxliyə olunub, 6 nəfərə yerində yardım göstərilib. 13 nəfərin isə ölüm faktı qeydə alınıb.
 
 
Demək olar ki, hər il dəniz mövsümündə boğulma halları baş verir. Amma bu il boğulanların sayı daha çoxdur.
Mütəxəssislər deyir ki, çimərliklərdə baş verən boğulma hallarının böyük əksəriyyəti çimmək üçün nəzərdə tutulmamış və qadağan olunan yerlərdə baş verir. Bəzən lövhələrin və xəbərdarlıqların qeyd olunmasına baxmayaraq, hələ də çimərlik üçün nəzərdə tutulmayan ərazilərdən çimərlik kimi istifadə halları qeydə alınır. Çimmək üçün nəzərdə tutulmayan ərazilərdə nəzarət olmadığından hər hansı fövqaladə hal baş verdikdə, dərhal müdaxilə etmək mümkün olmur.
 
 
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlilinin sözlərinə görə, Xəzər rayonu Şüvəlan qəsəbəsində "Mil-Qaya" və "Şimal Qres" adlanan ərazi çox təhlükəlidir. Çünki həmin ərazilər qayalıqlarla zəngindir, qəfləti dərinliklər var. Qayalar özü zədələnmələr baxımdan təhlükəldiir.
 
 
 
"Şimal Qres" də su elektrik stansiyası da var. Orada stansiyanın mühərriklərinin soyudulması üçün dəniz suyundan istifadə edilir. Sonra həmin su təkrar dənizə axıdılır. O hissədə dənizlə kanalın birləşməsi nəticəsində axın və burulğan əmələ gəlir: “Bilgəh ərazisində, "12-ci dalan" adlanan yerdə, Nardaranla Bilgəhin arasında yerləşən, camaat arasında "Rus çimərliyi" adlanan ərazidə şimal küləyindən sonra sualtı axınların sürəti artır. Həm də dənizə doğru axın baş verir. Torpağın dib hissəsi yuyulur və batma təhlükəsi yaranır. Qaradağ rayonunda "Mayak" çimərliyində sualtı axınlar normadan artıqdır. Orada qayalıqlar olduğundan çimmək təhlükəlidir. Ləhiş bağlarında "Estekada", Goradil və Novxanı qəsəbələri arasında "Sarı Qaya" çimərlikləri də çimmək üçün təhlükəli ərazilər sayılır. Zirədə limana yaxın yerləşən ərazilərdə də çimmək təhlükəlidir. Limanlara iritonajlı gəmilərin yanaşması üçün qazma işləri aparılıb, süni kanallar yaradılıb. Ona görə də ərazinin relyefində dəyişikliklər var. Belə yerlərdə çimmək təhlükə yaranır”.
 
 
Şöbə rəisi bildirib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Bu da onu deməyə əsas verir ki, vətəndaşlar çimərlik seçimini düzgün etməlidirlər:
 
 
“Harada xilasedicilər var, o çimərliklərdən istifadə etsinlər. Çünki suda boğulma hadisəsi olduqda vətəndaşın köməyinə xilasedici çatır, onu təhlükədən xilas edir. Ancaq nəzarətsiz, qeyri-çimərlik ərazilərində bu tədbirlər həyata keçirilmir. Ona görə ki ora çimərlik kimi müəyyən olunmayıb. İnsanlar çimərlik seçərkən çox diqqətli olmalıdırlar. Əgər üzmə sərhədlərini müəyyən edən şarlar yoxdursa, oraya getməməlidirlər. Ərazidə maarifləndirici lövhə, xilasedicilər yoxdursa, bu o ərazinin təhlükəli olduğunu göstərir. Orada suda boğulma olduqda nazirliyin qaynar xətinə məlumat daxil olursa, biz dərhal axtarışlara başlayırıq. Amma insanların xilas olması üçün saniyələr önəmlidir. Əgər insan batandan 6 dəqiqə sonra sudan çıxardılırsa, onun yaşama şansı 1 faizdir”.
 
 
 
 
Aqşin Əlili vurğulayıb ki, suvarma kanallarında, su hövzələrində qəti şəkildə çimmək olmaz:
 
 
“Həmin suvarma kanallarında trapesiya formasında beton piltələr qoyulur. Bu suyun axınının sürətli olmasını təmin edir. Orada sürüşkən ot təbəqəsi əmələ gəlir. Hətta xilasedici oraya düşsə, canlı qüvvə və xüsusi avadanlıq olmadan oradan çıxması qeyri-mümkündür. Amma uşaqlar o suvarma kanallarından çimmək üçün istifadə edirlər. Bu olduqca təhlükəlidir. İnsanların sadalanan yerlərdə boğulma riski çox yüksəkdir”.
 
 
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyir ki, boğulma hallarının artmasına səbəb insanların əlverişsiz hava şəraitində dənizdə çimməsidir:
 
 
“İnsanlar çimərliyə gedən zaman ilk növbədə hava şəraitini nəzərə almalıdırlar. Yağışlı, dumanlı, küləkli havalarda çimərliyə getmək olmaz. Hətta bu gün hava küləkli olubsa, sabah eyni çimərlikdə suyun dibinin fiziki olaraq, quruluşu dəyişə, yarğanlar əmələ gələ, su axınları yarana bilər. Suyun dibində daş-kəsək parçalarının olması da mümkündür. Həmçinin çimərlikdə təyin olunmuş hüdudlar var ki, onları keçmək olmaz. Üzmə sərhədlərinin müəyyən olunduğu yerdən daha irəliyə üzmək təhlükəsizlik cəhətdən yolverilməzdir. Ani bir məsuliyyətsizlik bədbəxt hadisəyə gətirib çıxarar. Çimərlik mövsümü başlamamışdan öncə müvafiq qurumlar tərəfindən çimərlik olan ərazilərdə sualtı baxışlar keçirilir. Suyun dibinin relyefi, sualtı axınların olub-olmadığı müəyyən edilir və bu yoxlamaların nəticələri mənfi olan çimərliklərdə çimmək qadağan edilir. Ona görə də qanunu fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır. Çünki bu çimərliklərdə FHN-in xilasediciləri fəaliyyət göstərir”.
 
 
 
Ekspertin dediyinə görə, çimərliyə gedən zaman bəzi qaydalara ciddi şəkildə əməl etmək lazımdır:
 
 
“Dənizdə sahilə paralel üzmək lazımdır. Sahilə perpendikulyar üzmək olmaz. Dənizin hər istiqamətində dərinlik eyni deyil. Bu dərinliklər dəyişir. Anidən çökək yerə düşdükdə dalğanı tənzimləmək olmur və boğulma halı baş verir. Bəzən görürük ki, valideynlər azyaşlı uşaqlarını özləri ilə sahildən çox uzaqlara, dərinliklərə aparır. Bu doğru deyil. Valideynlər özləri ilə bərabər uşaqların da həyatını təhlükə qarşısında qoyurlar. Dənizdə boğaza qədər olan hissədə üzmək lazımdır. Daha dərinə getmək olmaz. Bu çox təhlükəlidir”.
 
 
 
 
Elmar Nurəliyev qeyd edib ki, insanlar boğulma riski ilə üz-üzə qalanda dərhal kömək çağırmalı, panikaya düşməməlidirlər:
 
 
“Boğulma riski olan zaman təlaşlanıb əlləri suyun üzünə çıxarmaq olmaz, bu, doğru deyil. Əksinə, əlləri suyun üzünə çıxarmadan, başı dik tutub, kömək istənilməlidir. O zaman suyun üzərində qalmaq olur. Təlaşlanmaq, özünü itirmək, suya baş vurmaq olmaz. Boğulma halını yaradan səbəblərin 95 faizi panikadır. İnsan panikaya düşəndə əlavə qüvvə sərf edir, bu zaman əzələləri tez yorulur, qolları və ayaqları boşalır və batmağa başlayır”.
 
 
Sevinc,
BakuPost
 
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.
0.02980899810791