Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – Elmar Nurəliyev

Bir neçə gün öncə Xalq artisti Ağadadaş Ağayevlə bağlı yaşanan insident medianın gündəmini zəbt edib. Hadisə barədə hər gün yeni detallar üzə çıxır. Artıq Binəqədi rayonunda baş vermiş insidentlə bağlı cinayət işi də başlanılıb. Münaqişə tərəfləri – Xalq artisti Ağadadaş Ağayev və “Medera” hospitalının mühafizəçisi Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb olunublar. Dünən yayılan xəbərlərdə o da məlum olub ki, Xalq artisti Ağadadaş Ağayevlə münaqişəyə girən mühafizəçinin kriminal keçmişi var. Belə ki, N.Cəlilov 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-cü maddəsi (adam oğurluğu) ilə təqsirli bilinərək 9 il müddətində azadlıqdan məhrum edilib. O, həbsdən yeni çıxıb. Həmçinin N.Cəlilovun daha əvvəl Rusiya Federasiyasında xuliqanlıq maddəsi ilə məhkum edildiyi də üzə çıxıb.

Maraqlıdır, kriminal keçmişi olan, ciddi ittihamlar əsasında məhkumluq həyatı yaşayan bir şəxsin mühafizəçi işinə qəbulu, hər hansı qurumda, o cümlədən səhiyyə müəssisəsində çalışan və müalicə alan şəxslərin təhlükəsizliyinin ona tapşırılması doğru qərardırmı? Qanunvericilikdə bununla bağlı hər hansı tələb, qadağa varmı?

 
 

Mövzu ilə bağlı Medianews.az-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, mühafizə fəaliyyəti ümumiyyətlə qanunla tənzimlənir. Onun sözlərinə görə, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Qanunda mühafizəçinin hüquqları, vəzifələri, öhdəlikləri, tələblər, qadağalar, mühafizəçi işləmək üçün şərtlər, mühafizəçilərlə müəssisə arasındakı hüquqi məsuliyyətlər və sair ətraflı şəkildə göstərilib: “Qanuna görə, 20 yaşına çatmış, xüsusi hazırlıq kursu bitirmiş, yəni sertifikatı olan, Azərbaycan Respublikasının vətəndaşı olan hər bir şəxs mühafizə xidmətində mühafizəçi kimi işləyə bilər. Narkomaniyaya düçar olan, həkimin müvafiq rəyi ilə təsdiqlənmiş alkoqolizm, ruhi xəstəlikdən əziyyət çəkən, fəaliyyət qabiliyyətsizliyi barədə müvafiq həkimin rəyi – əlilliyi olan, həqiqi hərbi xidmətdə olmayan, sağlamlığı barədə müvafiq arayış təqdim etməyən, ağır cinayətlər törətməkdə ittiham olunan, qəsdən və xüsusilə ağır cinayətlər törətdikləri üçün məhkumluq həyatı yaşamış şəxslər qeyri-dövlət (özəl) mühafizə müəssisələrində mühafizəçi kimi işləyə bilməzlər. Bunu qanun deyir. Ona görə də mühafizəçiləri işə götürəndə onların həm qanunda göstərilən, həm də ümumiyyətlə qanunvericiliyin tələblərinə uyğun olaraq, yəni mühafizəçilərə dair olan şəxsi keyfiyyətləri, pis vərdişlərinin olub-olmaması, xüsusi hazırlıq kursunu keçməsi, sertifikatının olması və sair yoxlanılır”.

Ekspert Elmar Nurəliyev bildirib ki, tibb, təhsil müəssisələrində, turizm sektorunda, inşaat sektorunda, zavod və fabrikdə, istehsalat sahəsində çalışacaq mühafizəçilər öncədən yoxlanılır, hazırlıq keçir, bilik və bacarıqları, iş və həyat təcrübələri yoxlanılır, bundan sonra işə qəbul olunurlar: “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti ilə məşğul olacaq və ya olan şəxslər bütün situasiyalara mənəvi-psixoloji, fiziki olaraq hazır olmalıdırlar. Yarana biləcək bütün fors-major hallara, o cümlədən qarət, qəsd, oğurluq, obyektə yönələn digər təhdidlər, hücum zamanı soyuqqanlı olmalı, vəziyyəti dəyərləndirməli, hadisənin təhlükəsizlik dərəcəsinə görə adekvat tədbirlər həyata keçirməlidirlər. Əlbəttə ki, burada ilk öncə heç bir halda hüquq və qanun pozuntusuna yön verilməməlidir. Bütün tədbirlər bir mənalı olaraq qanun çərçivəsində görülməlidir. Yəni, mühafizəçi fikizi qüvvə tətbiq edə bilərmi? Belə bir sual ortaya çıxa bilər. Bəli, mühafizəçi qanun çərçivəsində fiziki qüvvə tətbiq edə bilər. Amma bunu son zərurət halında, zəruri müdafiə vəziyyətində edə bilər. Hüquq pozuntusunun xarakterindən, ictimai təhlükəsizlik vəziyyətindən asılı olaraq, mühafizəçi şəxsə və obyektə qəsd edən, cinayət törədən şəxsin qarşısını bütün təsir imkanlarından istifadə etməklə ala bilmədikdə, fiziki qüvvə tətbiq edə bilər. Baxın, bu, çox önəmlidir. Sən onun qarşısını almaq üçün bütün təsir imkanlarından istifadə edirsən. Köməyə adam çağırırsan, əlində nə isə varsa, onu almağa cəhd edirsən və yaxud da qapını bağlayıb həmin şəxsi içəri buraxmırsan. Yüngül, belə deyək ki, əlindəki hansısa bir texniki vaistə ilə onu zərərsizləşdirməyə çalışırsan. Yəni, bütün təsir imkanlarından istifadə edirsən və onun qarşısını ala bilmirsənsə, şifahi xəbərdarlıqlar edirsən, qanun pozuntusu etdiyini bir daha xatırladırsan. Lakin şəxs bütün təsir imkanlarına məhəl qoymur. Belə olan halda zəruri həddi aşmamaq şərtilə şəxsə qarşı fiziki güc tətbiq edilməlidir. Mühafizəçi göstərilən müqavimətin dərəcəsindən asılı olaraq, vurulan zərərin minimal olmasına cəhd etməlidir. Əgər qarşı tərəfin əlindəki aləti aldınsa və ya alət yerə düşübsə, onu yerə yıxıb şiddət tətbiq etməyə ehtiyac yoxdur. Qanunla bu, qadağandır. Bu, diqqət yetirilməli olunan məsələlərdir. Bu barədə dərhal hüquq-mühafizə orqanına məlumat verməlidir”.

Elmar Nurəliyev vurğulayıb ki, mühafizəçi xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilməsini də təmin etməlidir: “Bu, onun vəzifəsidir. Əgər mühafizəçi öz vəzifə səlahiyyətini aşaraq son zərurət həddini, zəruri müdafiə vəziyyətini nəzərə almadan şəxsə qarşı fiziki qüvvə tətbiq edərsə, buna görə o, qanunamüvafiq olaraq inzibati intizam və cinayət məsuliyyətinə cəlb oluna bilər. Mühafizəçinin yeri gəldi-gəlmədi əsəbiləşməsi, hansısa bir təhqirə görə özündən çıxması, hisslərinə hakim ola bilməməsi, nəticə olaraq da fiziki qüvvə tətbiq etməsi bir mənalı qaydada yolverilməzdir. Bunu mühafizəçilər bilməlidirlər. Buna görə məsuliyyət nəzərdə tutulub. Mühafizəçinin hər şeydən öncə azadlığı və sağlamlığı önəmlidir. Hər hansı basqın, hücum, təhdid zamanı birinci növbədə o, özünü, sonra obyekti qorumalı. Ardınca da təhlükə yaradan şəxsin zərərsizləşdirilməsi, saxlanılması istiqamətində tədbirlər görməlidir. Əgər hücum edən şəxsin əlində soyuq silah və yaxud da kəsici, deşici alət varsa, hücum zamanı onun əlindən yerə düşübsə, onu sübut kimi hüquq-mühafizə orqanlarına təhvil verməlidir. Eyni zamanda hücum edən şəxsi saxlayıb bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməlidir. Elə etmək lazımdır ki, həm təhdid yaradan şəxsin həyat və sağlamlığına zərər dəyməsin, həm də mühafizəçi sonradan buna görə məsuliyyətə cəlb olunmasın. Bütün bunlar bir daha onu nümayiş etdirir ki, mühafizəçi çətin, şərəfli, məsuliyyətli vəzifədir. Mühafizəçi öz işini qanunçuluq, humanizm, insan, vətəndaş hüquq və azadlıqlar prinsipi əsasında həyata keçirməlidir. Hər hansı müəssisə və yaxud təşkilat rəhbərinin sözü, tapşırığı, göstərişi, tələbi, əmri dövlətin qüvvədə olan qanunundan üstün deyil. Ona görə də mühafizəçi öz fəaliyyətində mütləq iş fəaliyyətini, iş prosesini, qanunları rəhbər tutaraq hərəkət etməlidir”.

Nailə QASIMOVA

medianews.az

neymar.az

0.014811992645264