Gəncədə qanunsuz tikililər sökülür - Bəs tikintiyə icazəni kim verib?

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
 
Agentlik tərəfindən qanunsuz inşa olunan tikili sökülüb. 

 

Bəs, bu qanunsuz tikintilər necə inşa olunub? Qeyd etdiyimiz qanunsuz obyektlərə kimlər nəzarət etməlidir?
 
Məsələylə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev AZXEBER.COM-a açıqlama verib:

 

Ekspert bildirib ki, əgər bir obyekt qanunsuz şəkildə tikilibsə, müvafiq qurumlar tərəfindən bu tikintinin sökülməsi həyata keçirilməlidir:
 
"Qanunsuz formada tikilən obyekt odur ki, ya torpağın sənədi yoxdur, ya tikilməsi üçün vacib qurumdan icazə alınmayıb və yaxud hansısa torpaq sahəsi zəbt olunub, onun üzərində tikinti işləri aparılır. Əlbəttə ki, belə olan halda müvafiq qurumlar tərəfindən həmin qanunsuz tikintilərlə bağlı tədbirlər görülür. Ya söküntüsü, ya da tikintinin dayandırılması həyata keçirilir. Bundan əlavə, inzibati tədbirlər görülür. Bu, normal prosesdir".
 
Təhlükəsizlik üzrə ekspert vətəndaşlara tikintiyə başlamazdan öncə sənədləşmənin düzgün olmasına diqqət etməyi tövsiyə edib:
 
"Yaxşı olar ki, vətəndaşlar tikinti işləri aparmamışdan öncə sənədləşmə prosesinin düzgün olmasına diqqət etsinlər. Həm torpağın sənədinin olması, həm də tikinti üçün icazə sənədlərini olması, bir sözlə, bütün bunlar sonrakı fəaliyyətə də müsbət təsir edir. Sabah orada yaşayan vətəndaşlar kommunal xidmətlərin icrasıyla, alqı-satqı prosesiylə, habelə daşınmaz əmlakın sığortalanması ilə bağlı problem yaşayacaqlar. Ona görə də vətəndaşlar qanunsuz, sənədsiz tikintilərin aparılmasından çəkinməlidirlər ki, sonradan problemlərə yol açmasın. Müvafiq qurumlar tərəfindən bu cür hallar aşkarlandıqda hər hansı tədbirin görülməsi qanunidir".
 
Mikayıl Mirzəzadə
azxeber.com
0.028659105300903