"Bazarda 20-30 yaşı olan qaz balonları satılır" - Elmar Nurəliyev

"Qaz balonlarından istifadə azaldılmalıdır".

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib.

O qeyd edib ki, qaz təchizatı olmayan yerlərdə qaz balonlarından istifadə olunur:
"Amma yaxşı olardı ki, qaz balonlarına tələbatın azalsın. Ondan istifadə olunan yerlərdə isə təhlükəsizlik məsələləri ön planda olmalıdır. Bununla bağlı bir çox amillərə diqqət yetirmək lazımdır. Əvvəlla, qaz balonunun yaxşı vəziyyətdə olmağına diqqət etməliyik. Hər il onları texniki baxışdan keçirmək lazımdır. Onun bütün detallarının saz vəziyyətdə olması çox vacibdir".

Ekspert təəssüflə bildirib ki, hazırda bazarda 20-30 və hətta daha çox yaşı olan qaz balonları satılır:


"Əlbəttə ki, onların hər biri təhlükə mənbəyidir. İnsanlar onları heç bir müayinədən keçirmədən istismar edirlər. Lakin bu cür qaz balonlarının partlaması yüzminlərlə ton zərbə qüvvəsinə bərabərdir. Yəni dəhşətli fəsadlara səbəb ola bilir. Normalda qaz balonu olan otaqda havanın temperaturu 45 dərəcəni keçməli deyil. 

Ancaq bu temperaturun 35 dərəcəni keçməməsi daha yaxşı olar. Həmçinin, qaz balonları elektrik qızdırıcı avadanlıqlarından minimum 1,5 metr aralıda olmalıdır. Bundan başqa, qaz balonlarının rezin borularının uzunluğu isə 10 metrdən uzun olmamalıdır".

Mütəxəssisin sözlərinə görə, qaz balonu qaz cihazının yanında quraşdırılmalıdır:


"Bir otaqda bir neçə qaz balonu istifadə etmək olmaz. Nəzərə almaq lazımdır ki, bir otaqda həcmi 50 litrə qədər olan qaz balonundan istifadə etməyə icazə verilir. Nasaz və ya yararsız qaz balonlarını istifadə etmək qəti qadağandır. Həmçinin, qaz balonlarını Günəş şüalarının və yağışın altında saxlamaq yolverilməzdir. Qaz balonları tezalışan materiallardan və qığılcım yaradabilən üzlüklərdən aralı saxlanılmalıdır. 

Qaz balonlarından istifadə edən şəxslər bütün bunları diqqətdə saxlamalıdırlar. Bu məsələlərə səthi yanaşmaq olmaz. Unutmayın ki, qaz balonu düzgün istismar olunmasa təhlükə riski artır. Ona görə də vətəndaş bunların hər birinə ciddi riayət etməlidirlər".

Pərviz

hit.az

0.023159027099609