İsti yay özü ilə yanğınlar da "gətirir"- Elmar Nurəliyev

"Bəzən şüşə butulkadan, şüşə qırıntısından yanğın törəyir"
 
  Türkiyənin Diyarbəkir vilayətində otluq ərazidə baş verən yanğında ölənlərin sayı 8-ə çatıb. Hadisə nəticəsində 24 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Yanğın söndürülüb. Hadisə zamanı daha 44 nəfər yaralanıb. Əraziyə yanğınsöndürənlər, Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları, təcili yardım briqadaları, xilasedicilər cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.
  Qeyd edək ki, yay aylarında Azərbaycanda da taxıl sahələrində, otluq ərazilərdə yanğın hadisələrinə tez-tez rast gəlinir. Araşdırma zamanı yanğınların müxtəlif səbəblərdən, siqaret çəkmə zamanı ehtiyatsızlıqdan, nəqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığından, yüksək gərginlikli hava elektrik xətlərində baş verən qəzadan, ocaqdan düşən qığılcımdan, kombaynlarda və digər texikaların atqı borularında qığılcımsöndürənin olmamasından, biçilmiş sahələrin yandırılması səbəbləri ilə baş verdiyi məlum olur.
  Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev də “Sherg.az"a açıqlamasında deyib ki, taxıl sahəsi, otluq və meşəlik ərazilərdə yanğınlar daha çox yayda baş verir.
Onun sözlərinə görə, belə yanğınların böyük əksəriyyətində fiziki olaraq insan amili dayanır:
“Bu yanğınlar böyük faciələrə səbəb ola bilər. Meşələrdə istirahət edən vətəndaşlar bəzən yandırdıqları ocağı söndürmürlər. Bütün bu hallara qarşı konsepsiya olmalıdır. Mövsüm ərəfəsində meşə, otlaq və taxıl zəmilərinin ətrafında yaşayan sakinlərə yanğından təhlükəsizlik qaydaları izah edilməlidir. Yanğının baş verməməsinə və yaxud baş verərsə, müvafiq qurumlar və sakinlər buna hazır olmalıdırlar".
  Ekspert Elmar Nurəliyev qeyd edib ki, belə ərazilərdə oddan istifadə yolverilməzdir:
"Ocaq qalanarsa, onun söndüyünə tam əmin olmaq lazımdır. Bəzən olur ki, davamlı günəş şüalarının təsirindən istifadə etdiyimiz şüşə butulkadan, şüşə qırıntısından yanğın törəyir. Bu halların baş verməməsi üçün qeyd edilən yerlərin təmizliyinə də diqqət yetirilməlidir.
Taxıl zəmilərində əsasən sahədən keçən elektrik xətləri yanğına səbəb olur. Sahələrdən keçən elektrik xətlərinin sazlığı daim diqqət mərkəzində saxlanılmalıdır. Taxıl və meşə sahələrinin söndürülməsi çox çətindir. Çünki belə ərazilərin coğrafi relyefi çətin olur və bu, yanğınsöndürənlərin, eləcə də texnikanın hərəkətini məhdudlaşdırır".
sherg.az
neymar.az
0.026590824127197