İctimai maraqlar kommersiya marağına qurban gedəndə… – ARAŞDIRMA + FOTOLAR

Metronun “Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” stansiyalarında platformanın düz mərkəzində, əhalinin sərbəst hərəkət etməli olduğu yolda təxminən eni bir metr, hündürlüyü iki metr olan yeni reklam monitorları quraşdırılıb. Həmin monitorların günün pik saatlarında sərnişinlərin sərbəst hərəkətinə mane olması bir yana, hətta üzərinə və döşəməyə əmr formasında “Monitorun qarşısında durmayın!” xəbərdarlığı yazılıb. Bundan başqa, metro qatarlarında böyük pəncərələrə də yapışqan reklam banerləri vurulub. Çöldən içərini görmək mümkün olsa da, içəridən çölə olan görüntü tamamilə məhdudlaşdırılıb.

Reklam şirkətlərinin metronun divarlarına, hətta platformadakı sütunlara reklam yerləşdirməsi normal sayıla bilər. Amma sərnişinlərin yolunu kəsən, onların sərbəst hərəkətinə mane olan, platformanın tən ortasında reklam monitorlarının quraşdırılması nə dərəcədə doğrudur? Yuxarıda adları qeyd olunan  metro stansiyalarında pik saatlarda onsuz da hərəkət çətin olur. Belə reklam monitorları ilə hərəkəti bir az da çətinləşdirmək nəyə lazımdır? Təhlükəsizlik baxımından bunu necə dəyərləndirmək olar? Metroda hər hansı fors-major, fövqəladə hadisə baş verərsə, bu monitorlar təxliyə olunacaq insanlara əlavə problemlər yaratmazmı? Metro qatarlarının böyük pəncərələrinin reklamlarla tamam qapadılması, görüntünün məhdudlaşdırılması nə dərəcədə doğrudur? Bu, hüquq pozuntusu, ictimai maraqlara sayqısızlıq deyilmi? İctimai maraqlar kommersiya maraqlarına nə üçün qurban verilməlidir?

 

Bu suallara cavab tapmaq üçün ekspertlərə müraciət etdik. Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Medianews.az-a bildirdi ki, “Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” stansiyalarında platformalarda quraşdırılan reklam monitorları indiki kimi deyil, üfüqi şəkildə quraşdırılsaydı, daha doğru olardı.

Onun sözlərinə görə, qatarı gözləyən, yaxud vaqonları tərk edən sərnişinlər orta ilə hərəkət etdikləri üçün, bu şəkildə quraşdırılan monitorlar onların sərbəst hərəkətinə mane olur: “Ümumi olaraq metroda hərəkət intensivdir. Metro stansiyalarının genişlənməsi, bunun sayəsində sərnişin axınının parçalanmasına ehtiyacın zəruriliyi zaman-zaman müzakirə edilir. Mövcud şəraitdə isə reklamlar bu stansiyalarda fərqli şəkildə quraşdırılmalıdır ki, hərəkətə mane olmasın. Məsələyə kompleks yanaşsaq, Azərbaycanda ictimai nəqliyyatın artırılmasına ehtiyac var. Bununla da insanlar 1-2 ictimai nəqliyyat vasitəsinə yüklənməzlər. Çeşidlə hərəkət etmək imkanı daha çox olmalıdır. Sistem düzgün qurularsa, bunun birbaşa metroya və insan sayına da təsirini göstərəcək. Digər bir məsələ isə metronun xərclərinin optimallaşdırılması məsələsidir. Nəzərə alaq ki, reklam özlüyündə bir gəlir mənbəyidir və metronun müəyyən xərclərinin qarşılanmasına yönəlir. Bu, başa düşüləndir. Amma reklam siyasətini, bununla bağlı müvafiq lövhələrin, monitorların quraşdırılması prosesi sərnişinlərin ümumi hərəkətinə mane olmayacaq şəkildə həyata keçirilməlidir”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Medianews.az-a açıqlamasında qeyd etdi ki, metrolar, dəmiryolları, avtovağzallar, hava və dəniz limanları strateji obyektlərdir. Onun fikrincə, bu qəbilədən olan obyektlərdə hər zaman təhlükəsizlik ön planda saxlanılmalıdır: “Bu strateji obyektlərdə məlumat və reklam lövhələri elə bir şəkildə quraşdırılmalıdır ki, insanların rahat və təhlükəsiz keçidinə mane olmasın. Dağılma, uçma ehtimalı baş tutmasın. Hər hansı bir fövqəladə vəziyyət zamanı insanlar rahat və sürətli şəkildə hərəkət edə bilsinlər. Yəqin ki, aidiyyəti qurumlar tərəfindən baxış keçirilir, qiymətləndirmələr aparılır. Əgər insanların rahat keçidinə əngəl yoxdursa, hansısa bir avadanlığın və qurğunun yerləşdirilməsinə icazə verilir. Hesab edirəm ki, öncə təhlükəsizlik, daha sonra xidmət olmalıdır. Ümumiyyətlə keçid yollarının üzərində hər hansı bir lövhələrin quraşdırılması dekorativlik xətrinə olsa belə, sərnişinlər üçün əngəl törətməməlidir”.

Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Azərbaycanda ilk reklam işinin qurucusu və “Reklam haqqında” Qanunun müəllifi, professor Cahid Həsənov da Medianews.az-a açıqlamasında deyib ki, metronun interyerində, hətta vaqonların dayandığı yerdə belə, bir monitorun quraşdırılması düzgün deyil: “Belə bir monitorun quraşdırılması bir yana, hələ üzərində və qarşısında durmağı, dayanmağı qadağan edən şüar da yazılıb. Bu hal açıq məkanda gördüyümüz reklam maneələrinin yeni məkanda qeyri-qanuni tətbiq olunan yeraltı formasıdır. Düz orta hissədə olan bu kimi qurğular gediş-gəlişə maneə olmaqla yanaşı, hətta xəta olmasına da zəmin yaradır. Yəni ətrafda insan sıxlığı yaradır. Hansı ki, reyslər ilə bu qurğu arasında məsafə 2-3 metrdir. Bu, çox təhlükəlidir. Yaxşı olardı ki, bu monitor qurğusunu yuxarıdan asma şəkildə quraşdırardılar. Yəni monitorun altından insanlar rahat hərəkət edə bilərdilər. Necə ki, buna qədər də metro stansiyalarında yuxarıda belə məlumat monitorları quraşdırılıb. Amma indiki halda platformanın tən ortasında belə bir monitor quraşdırmaq, hələ camaata bu monitorun qarşısında durmayın çağırışı etmək gülüncdür. Hətta reklamın yerinin düzgün seçilməməsi də reklam mütəxəssislərinin, memarların əməyindən, təcrübəsindən istifadə etməməyin bariz nümunəsidir. Belə hallar təəssüf doğurur”.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən isə Medianews.az-ın sorğusuna cavab olaraq bildirildi ki, dövlətin ictimai əhəmiyyətli strateji obyekti sayılan “Bakı Metropoliteni” tərəfindən sərnişinlərin bir məntəqədən digər məntəqəyə təhlükəsiz daşınması müəssisənin qüvvədə olan Nizamnaməsinə əsasən onun başlıca vəzifəsidir. Qeyd olundu ki, “Bakı Metropoliteni”ndə kommersiya xarakterli reklamlarla yanaşı, qeyri-kommersiya xarakterli məlumatları özündə ehtiva edən sosial təyinatlı, o cümlədən, sərnişinlərin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş və heç bir kommersiya məqsədi güdülməyən zəruri məlumat və elanlar yayımlanır: “Bütün sadalanan bu istiqamətlər üzrə həyata keçirilən prosedurlar  müntəzəm aparılan monitorinqlər əsasında nəzarətdə saxlanılır. Sərnişinlərin təhlükəsizlik məsələləri ilə ziddiyyət təşkil edən  heç bir  statik, audiovizual  reklam, məlumat və elan xarakterli  məlumat daşıyıcılarının tətbiqinə yol verilmir. Bununla yanaşı qeyd edirik ki,  hər bir stansiya üzrə hərəkətlə bağlı xüsusatlar və təhlükəsizlik məsələləri, o cümlədən sərnişin axını istiqamətləri, hərəkət istiqamətlərinin dəyişməsi, sıxlıq yaranması, stansiyaların yüklənməsi və digər xüsusi halların hər birinin təhlili ilə əlaqədar  müntəzəm həyata keçirilən monitorinqlərin mühüm tərkib hissəsini məhz reklam lövhələri, asma və statik monitorlar, eləcə də digər məlumat daşıyıcıları üzrə vizual və normativ təftişlər təşkil edir. Bu xüsusda “Gənclik”, “Nərimanov”, “Koroğlu”, eləcə də digər stansiyalardakı platformalarda quraşdırılmış monitorlar müntəzəm nəzarətdə saxlanılmaqla, bu məlumat daşıyıcılarının hərəkət təhlükəsizliyi tələblərinə maneə törətməməsinə xüsusi diqqət yetirilir”.

“Bakı Metropoliteni”ndən bildirildi ki, “Gənclik”, “Nərimanov”, “Koroğlu” stansiyaların hər iki istiqamətdən çıxışı olduğundan, monitorların yeri sərnişinlərin əvvəlcədən istiqamətinin müəyyən edilməsi ilə bağlı aparılan müntəzəm araşdırmalar əsasında müəyyən olunub: “Qeyd edilən stansiyalar metropolitenin giriş-çıxışlı stansiyalarından olduğundan, bu monitorlarda sosial əhəmiyyətli, maarifləndirmə və məlumat xarakterli videoçarx və posterlərin yayımının effektivliyi də diqqətçəkəndir. Monitorların daha bir əhəmiyyətli təsiri sərnişinlərin diqqətinin təmin edilməsi ilə bağlıdır. Bu xüsusda monitorların önünün kəsilməməsi ilə bağlı xüsusi xəbərdaredici lövhələr təkcə yayımlanan informasiyanın qarşısının kəsilməsi səbəbindən quraşdırılmır. Onlar həm də sərnişini diqqətli olmağa dəvət edən əlavə xəbərdaredici məlumat kimi əhəmiyyət daşıyırlar”.

Sorğumuza cavab olaraq o da qeyd olundu ki, “Bakı Metropoliteni” ərazisində reklam məhsullarının yayımı qüvvədə olan qanunvericiliyə, o cümlədən “Reklam haqqında” Qanununun, reklam yayımı məsələlərinin tənzimlənməsinə dair digər normativ-hüquqi və normativ xarakterli aktların tələblərinə ciddi riayət olunmaqla həyata keçirilir: “Metro vaqonlarının içəri tərəfindən şüşələrinin üzərinə vurulmuş reklam məhsulları torlu, vinil növlü reklam məhsullarıdır ki,  bu  da  çöl tərəfdən vaqonun içini, həmçinin vaqonun daxilindən çöl tərəfi görmək üçün hər hansı bir məhdudiyyət yaratmır. Vaqonların şüşələrində reklam yayımına tətbiq olunan  məhdudiyyətlərə münasibətdə isə bildiririk ki, Azərbaycan Prezidentinin  19 iyul 2023-cü il tarixli 2232 №-li Fərmanı ilə “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” ölkə başçısının 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı və müraciətinizdə qeyd edilən həmin məhdudiyyətlərin  təsbit olunduğu    “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları” ləğv edildiyindən vaqonların şüşələrində reklam yayımına vaxtilə tətbiq olunmuş  məhdudiyyətlər aradan qalxıb”.

Ayşən RƏHİM

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.

0.014490127563477