Çimərlik mövsümü yaxınlaşır: istirahət qurbanı olmamaq üçün nə etmək lazımdır?- Elmar Nurəliyev

Yayın gəlişi və havaların istiləşməsilə insanların istirahət üçün üz tutduqları əsas məkanlardan biri də çimərliklərdir. Çimərlik mövsümünün açılmasına isə artıq sayılı günlər qalıb. Buna baxmayaraq, çimərliklərə vaxtından əvvəl gedən insanlara da rast gəlinir. Çimərliklərdədə təhlükəsizlik qaydalarının düzgün tənzimləndiyi deyilsə də, ancaq təəssüflər olsun ki, hər il yay mövsümündə bir çox itkilər də qeydə alınır. İnsanların ehtiyatsız davranışları onların həyatı bahasına başa gəlir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev İqtisadiyyat.az-a açıqlamasında çimərliyə gedərkən riayət edilməli olan təhlükəsizlik qaydalarından danışıb.

Onun sözlərinə görə, ilk növbədə çimərliyi düzgün şəkildə seçmək, fəaliyyətinə icazə verilən çimərliyə getmək lazımdır. Ekspert bildirib ki, fəaliyyətinə icazə verilməmiş çaylar, göllər, su kanalları və su anbarlarından çimərlik kimi istifadə etmək həyat və sağlamlıq üçün olduqca təhlükəlidir:

Qaranlıq vaxtı suya girmək yolverilməzdir

“Çimərliyə gedərkən hava şəraiti nəzərə alınmalıdır. Əgər hava küləklidirsə, dənizdə dalğanın hündürlüyü 1,5 metrdən yuxarıdırsa, küləyin sürəti saniyədə 12 metri keçibsə, çimərliyə getməmək məsləhətdir. Günün qızmar vaxtlarında – saat 12:00-16:00 aralığında çimərliyə getməmək məsləhətdir. Daha sonra çimərlikdə sipirtli içki qəbul edib suya girmək, saatlarla suda vaxt keçirmək, çimərliyi yağış meydançasına çevirmək, üzmə sərhədlərindən dəfələrlə uzaqlaşıb daha dərin hissələrdə üzmək yolverilməzdir. Azyaşlı uşaqları çimərlikdə mütləq nəzarətdə saxlamaq lazımdır”.

Çimərliyə planlı şəkildə getməyin vacib olduğunu deyən E.Nurəliyev söyləyib ki,  burada hava şəraiti, istifadə olunacaq qidalar və s. məsələlər nəzərə alınmalıdır: “Çimərlikdə hansısa bir daş, qaya parçasının, metal konstruksiyalarının üzərinə çıxıb suya baş vurmaq yolverilməzdir. Özü ilə kiçik həcmli gəmi, qayıq və s. bu kimi vasitələr gətirib suya daxil etmək yolverilməzdir. Bunlar yalnız xüsusi icazə əsasında həyata keçirilməlidir”.

Üzmə sərhədlərindən kənara çıxmamaq tövsiyə olunur

Hər il çimərlik mövsümü başlamamışdan qabaq aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən çimərlik ərazilərinə baxış keçirildiyini xatırladan ekspert bildirib ki,  burada suyun akvatoriyasının öyrənilməsindən tutmuş, suyun dibində daş, qaya parçalarının olmasına, eləcə də suyun təmizliyinə, sanitar-bakterioloji normalarına qədər müəyyənləşdirilir və ondan sonra çimərliklərin fəaliyyətinə icazə verilir:

“Yəni fəaliyyətinə icazə verilən çimərliklərdə insanlar rahat, sağlam, təhlükəsiz istirahət edə bilərlər. Ancaq fəaliyyətinə icazə verilməmiş çimərliklərdə təhlükə riskləri vardır. Valideynlər də bu məsələlərdə diqqətli olmalı, övladlarını nəzarətdə saxlamalıdırlar. Onlara göl, kanal və bu kimi digər yerlərdə çimməyin təhlükələrə gətirib çıxara biləcəyini aşılamalıdırlar. Bundan əlavə, suda geri çəkilmə halı olan yerlərə xüsusi diqqət yetirmək lazımdır. Yəni, mütləq üzmə sərhədləri müəyyənləşdirilən yerdən kənara çıxmamaq tövsiyə olunur. Əgər çimərliyə gedəndə suyun metrlərcə geri çəkildiyi müşahidə edilirsə, üzmə sərhədləri müəyyənləşdirilməyibsə, oranın fəaliyyətinə icazə verilməyibsə, həmin yerdən çimərlik kimi istifadə etmək yolverilməzdir”.

İqtisadiyyat.az

Sadiq Cavadov

neymar.az

0.022336959838867