Müştəri dolablarının təhlükəsizliyi niyə təmin olunmur?- Elmar Nurəliyev

Mağaza və marketlərdə müştərilərin yük və əl çantalarını yerləşdirmək üçün dolablar var. Balaca məhəllə dükanlarını böyük marketlər əvəzlədiyi vaxtlarda həmin dolabları kilidləyib, açarı da özünlə götürmək mümkün idi. Hazırda isə paytaxtdakı marketlərin əksəriyyətinin dolabları kilidlənmir, açarları da yoxdur.

Mağazanın və məhsulların təhlükəsizliyinə nəzarət edən mühafizəçi müştərini çanta ilə içəri buraxmasa da, müştərinin çantasının dolabdan itməsinə, oğurlanmasına cavabdeh olmur.

Sosial şəbəkədə market dolabından geyim və ya digər əşya ilə dolu çantasının itdiyini yazanlara çox rast gəlinib. Bunun üçün öncə marketi mühafizə edən şəxsə, sonra isə polisə müraciət edənlər var. Kameralara baxmaq, ya bilərək, yaxud da səhv salaraq çantanı götürən şəxsi tapmaq vaxt aparır. Bu da həmişə mümkün olmur.

Marketdəki müştəri dolablarının təhlükəsizliyi niyə təmin olunmur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, çantaların saxlanmasına müəssisə özü nəzarət etməlidir:

“Marketlər, ticarət, uşaq əyləncə mərkəzlərində çantaların saxlanması üçün dolab varsa, buna həmin obyekt nəzarət etməlidir. Əgər müştərinin çantasından hər hansı əşyanın və ya çantanın özünün itməsi halı baş verərsə, buna da həmin müəssisə cavabdehlik daşıyır. Fiziki müdaxilə nəticəsində oğurluq, soyğunluq, qarət olunubsa, marketə dəymiş zərərin ödənməsi üçün oğurluq edən şəxsin tapılmasını müəssisə həyata keçirir”.

Ekspert qeyd edib ki, dolablardan oğurluq bir neçə halda mümkündür:

“Çantanın qoyulduğu dolabın qapısı qırıq və yaxud dolabın özünə fiziki olaraq müdaxilə olunubsa, oğurluq baş verə bilər. Yox əgər müştəri əşyanı dolaba qoyduqdan sonra qapısını bağlamayıbsa və ya açarla açıb çantasını götürdükdən sonra əşyasının itdiyini deyibsə, buna görə obyekt məsuliyyət daşımır. Belə hallara görə marketlərdə dolab qoyulduğu halda həmin əraziyə nəzarət müşahidə kameraları qoyulmalı və həmin hissə nəzarətdə olmalıdır”. 

Bizim.media

oxu.az

neymar.az

0.030509948730469