Su kanallarında təhlükəsizlik necə təmin olunmalıdır?- Elmar Nurəliyev

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri ötən ilin dekabrında İmişlidə kanalda batan yeniyetmənin axtarışını davam etdirir. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı-kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qrupu və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. 

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında su hövzələrində mümkün təhlükəsizlik tədbirlərindən danışıb. O deyib ki, su hövzələrinin bütünlüklə hasara alınması, hansısa şəkildə çevrələnməsi fiziki olaraq mümkün deyil:

“Təyinatından asılı olaraq su anbarları və digər qorunan su hövzələrində ərazi perimeter boyunca hasara alınır, giriş-çıxış rejimi yaradılır, su anbarlarına girişin qarşısı alınır. Nəzərə almaq lazımdır ki, 100 km-lərlə uzanan su kanalları, çaylar var. İnsanların oraya girişini məhdudlaşdırmaq doğru deyil. Amma çaylar, göllər və su kanallarından insanlar daimi olaraq istifadə edirlərsə və orada batma ehtimalı varsa, həmin yerlərdə müəyyən təhlükəsizlik tədbirləri görmək olar. Məlumatlandırıcı və xəbərdaredici nişanlar qoymaq olar, bilinsin ki, burada üzmək təhlükəlidir. Nişanlar ərazinin kənarı ilə hərəkət edən avtomobillərə də aid edilməlidir. Həmin ərazilərə yaxın yerlərdə yaşayan insanlar maarifləndirilməlidir. İnsanların bilməli olduğu təhlükəsizlik qaydaları var. Ola bilər ki, illərlə eyni çayda, göldə çimməyə gedirlər, istirahət edirlər. Amma nəzərə almırlar ki, suyun üzərindəki axın sürətilə dibindəki sürət eyni deyil. Suyun altında şüşə, metal parçaları ola bilər, insan xəsarət ala bilər. Su kanalının yan hissələrinin sürüşkən olması da təhlükə yaradır, belə yerlərdə çimmək olmaz. Düşünürlər ki, həmişə burada çimiblərsə, təhlükəli deyil, amma hadisə bir dəfə baş verir. Valideynlər də uşaqlarına təhlükəni izah etməlidirlər”.

Qeyd edək ki, İmişli rayonu Qaragüvəndikli kənd sakini 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun 26 dekabr 2023-cü il tarixində Boztəpə kanalında batması ehtimal olunur.  

Törə Zeynallı
Demokrat.az

0.034735918045044