DİQQƏT! Ev tikərkən bunlara əməl etməlisiniz - AÇIQLAMA

Ötən gün Bərdə rayonunda yas mərasimi zamanı taxta döşəmə çöküb. Bunun nəticəsində, mərasimə gələn şəxslərdən bir nəfər dünyasını dəyişib, digərləri isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Hadisəyə səbəb kimi çox sayda insanın eyni otaqda olması və döşəmənin düzgün formada vurulmaması kimi göstərilir. Belə halların qarşısını almaq üçün vətəndaşlar nə etməlidir? Yəqin ki, evin tikintisində problem olub deyə belə bir hadisə baş verib. Sizcə, bu evdə hansı təhlükəsizlik qaydalarına əməl olunmadığına görə belə bir hal yaşanıb?

Məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Referans.az-a açıqlamasında danışıb.

“İstər çoxmənzilli yaşayış binaları olsun, istər fərdi yaşayış evləri olsun, istərsə də müxtəlif təyinatlı obyektlərin tikintisi zamanı layihələndirilir. Layihələr norma və standartlara uyğun olaraq tərtib olunur və icrası da mütləq şəkildə həmin norma və standartlar əsasında həyata keçirilməlidir. Fərdi yaşayış evlərinin tikintisi zamanı da əvvəlcə layihə təsdiq olunur. Bu layihədə bütün norma və standartlar, istifadə olunacaq materiallar, materialların keyfiyyəti, onların növü, inşaat prosesində istifadə olunacaq elektrik avadanlıqlarından tutmuş torpağın təyinatına qədər, tikiləcək evin mərtəbə sayı, ölçüləri, hətta Günəş şüalarının düşmə bucağı belə göstərilir. Buna görə də fərdi yaşayış evlərinin də tikintisi zamanı mütləq qaydada yalnız və yalnız akkreditasiyadan keçmiş müəssisə tərəfindən layihələndirilən layihə əsasında, rəsmi icazəsi olan müəssisə tərəfindən tikilməlidir”.

Ekspert Elmar Nurəliyev qeyd edir ki, akkreditasiyadan keçmiş müəssisələr tərəfindən tikilmiş fərdi yaşayış evləri daha dayanıqlı olur. Lakin bu müəyyən qədər baha başa gəldiyinə görə vətəndaşlar buna üstünlük vermir.

“Təəssüflər olsun ki, bəzən insanlar ev tikilməsi prosesini bunu bacaran qohumlara, tanışlara tapşırırlar. Həmin şəxslər də bu işi anlayışları olduqları qədərilə yerinə yetirirlər və nəticədə qeyri-peşəkar iş ortaya çıxır. Əlbəttə ki, bu cür fərdi yaşayış evinin möhkəm və dayanıqlılığından söhbət gedə bilməz. Belə proseslər, əsasən, Bakı ətrafı ərazilərdə və regionlarda baş verir. Çünki belə ərazilərdə tikinti prosesləri torpağın tərkibi nəzərə alınmadan baş verir. Çox vaxt rayonlarda evləri çay yatağının kənarında və ya sürüşmə zonasında evləri inşa edirlər”.

Ekspert bildirir ki, sadəcə evi tikib yekunlaşdırmaqla da iş bitmir. Mütəmadi olaraq qulluq, təmir, bərpa işləri aparmaq olduqca vacibdir. Bu həm evin istifadə ömrünü artırır, həm də təhlükəsiz yaşayışı təmin edir.

referans.az

Fidan Vəlisoy

 

neymar.az

0.030783891677856