"Əksər obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına biganə yanaşılır" — Ekspert Elmar Nurəliyev

"Taxta materialların yanma riski yüksəkdir, söndürülməmiş siqaret kötüyü belə yanğına səbəb ola bilər. Həmin materiallar təhlükəsiz yerlərdə saxlanılmalıdır, siqaret çəkmək üçün yerlər ayrı olmalıdır. Yəni yanma təhlükəsi yüksək olan materiallar istilikdən, naqillərdən, şəbəkədən uzaq tutulmalıdır. Payız-qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar istiliyə olan tələbat artır. Bazarlara aid spesifik məqamlardan biri də odur ki, daxilindəki obyektlərdə otağın isti qalması üçün elektrik qurğusunu, qızdırıcını naqildən çıxarmayıb gedə bilərlər. Ona görə də iş yerini tərk edərkən mütləq bütün avadanıqlar şəbəkədən çıxarılmalıdır”. 

Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyev deyib. O qeyd edib ki, təyinatında asılı olmayaraq bütün obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək lazımdır:

“Bazarlar, ticarət mərkəzləri, zavod, fabrik və digər müəssisələrdə normativ və standartlar gözlənilməlidir. Obyektin yanğın təhlükəsizliyinə dair təchizatı işlək və saz vəziyyətdə olmalı, obyekt yanğın təhlükəsizliyinə aid lazımi avadanlıq və qurğularla təmin olunmalı, ilkin yanğın söndürmə vasitələri, yanğından xəbərdaredici siqnalizasiya vasitələri, ehtiyat su çəni, yanğın hidratları olmalıdır. Obyekti işlədən şəxslər orada yanğın təhlükəsizliyini təşkil etməli və buna nəzarət üçün işçilər təyin olunmalıdır. İşçilər yanğın təhlükəsizliyi qaydaları barədə məlumatlandırılmalıdırlar”.

Ekspert Elmar Nurəliyev bildirib ki, yanma riski yüksək olan, tez alışan materialların düzgün saxlanılması, daşınması, həmçinin saxlanması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır:
Elmar Nurəliyevin sözlərinə görə yanğınlar daha çox qısaqapanma səbəbilə baş verir:



“Ona görə də elektrik təsərrüfatı mütləq vaxtı-vaxtında yoxlanılmalıdır. Elektrik şəbəkəsini normadan artıq yükləmək olmaz. Elə obyektlər var ki, ora elektrik xətləri 10-20 il əvvəl çəkilib, həmin dövrün istismar tələbinə uyğundur, daha sonra isə əlavə tikilən obyektlərdə də elektrik xətləri həmin şəbəkəyə qoşulur. Bu da yüklənməni artırır və qızmanı, alışmanı qaçılmaz edir. Elektrik naqillərinə mütləq şəkildə mütəmadi baxış keçirilməlidir. Naqillər bəzən sallanmış vəziyyətdə qalır və ya yığılan taxtaların, malların üzərindən keçir. Bir neçə naqil calaq olunur, izolyasiyası pozulur, bu da qısaqapanmaya səbəb ola bilər”. 

Son olaraq mütəxəssis onu da əlavə edib ki, ümumiyyətlə, əksər obyektlərdə yanğın təhlükəsizliyinə biganə yanaşma var:

“Yanğın baş verməməsi üçün obyektin tədbirlər planı olmalı, yanğın baş verərsə, bunun vaxtında aşkara çıxarılması və qarşısının alınması istiqamətində ciddi işlər görülməlidir. Heç kim yanğından sığortalanmayıb. Əgər təhlükəsizlik qaydalarına ciddi riayət olunarsa, hadisənin fəsadları da az olar. Necə ki, təhlükəsizlik qaydalarına əməl olunmur, eləcə də yanğının söndürülməsi üçün lazımi imkanlar demək olar ki, yox səviyyəsindədir”. 

Qeyd edək ki, bu gün saat 05:41-də FHN-in "102 xidməti"nə Bakıda taxta bazarında yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Hazırda bazarda açıq alov yoxdur, tam söndürülmə işləri gedir.

Törə Zeynallı 
Demokrat.az

0.023481845855713