Yanğın hadisələrində spesifik təhlükələrdən biri də qızdırıcı qurğulardır- Elmar Nurəliyev

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında “Dərnəgül bazarı” adlanan inşaat malları bazarında güclü yanğın baş verib. Hadisə nəticəsində ölən və xəsarət alanlar var. Həmçinin sahibkarlara külli miqdarda zərər dəyib. 

Qeyd edək ki, analoji hallar müxtəlif vaxtlarda ayrı-ayrı ticarət mərkəzlərində yaşanıb. Bu kimi hallarda əsasən hadisəyə səbəb olaraq iki versiya irəli sürülür: Qəsd ya da məsuliyyətsizlik. 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev obyektlərdə tez-tez qeydə alınan yanğın hadisələrinin baş vermə səbəblərini “Yeni Sabah”a açıqlayıb. 

Ekspert bildirib ki, bu kimi halların yaşanmaması üçün bir sıra məqamlara ciddi riyaət olunmalıdır:

"Bütün təyinatlı obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək lazımdır. İstənilən obyekt və müəssisələrdə baş verəcək yanğın halları ilə bağlı orada çalışan əməkdaşlar hazırlıqlı olmalı, bu hallara nəzarət etmək üçün xüsusi şəxslər təyin olunmalıdır. Həmin şəxslərin vəzifəsi isə birbaşa olaraq, yanğın təhlükəsizliyi ilə bağlı qurğuların saz vəziyyətdə olmasına nəzarət etməlidir. Eyni zamanda, işçilərin yanğın barədə məlumatlarılması və maarifləndirilməsi, təlimatlandırılmanın təşkili vaxtında həyata keçirilməlidir. Beləliklə, hər bir işçinin yanğın təhlükəsizliyi ilə bağlı bilik və bacarıqları formalaşdırılmalıdır. 

Hər kəsə müəmmalı olan bir məsələ də yanğının baş vermə səbəbidir. Yanğın təhlükəsizliyi ilə bağlı qaydalar pozulduğu halda bədbəxt hadisə qaçılmaz olur. Bu məsələdə yanma ehtimalı olan əşyaların daşınması, saxlanılması zamanı bir sıra riyaət edilməli məqamlar var və bunlar mühüm əhəmiyyət kəsb edir. Bu məqamlarda yanğın riski aşkarlandıqda onun qarşısı vaxtında alınarsa, bədbəxt hadisə yaşanmaz”. 

Mütəxəssis qeyd edib ki, yanğın hadisələrində spesifik təhlükələrdən biri də qızdırıcı qurğulardır: 

"Hər hansı bir obyektdə yanma ehtimalı yüksək olan materiallar, qurğular varsa, burada söndürülməyən siqaret kötüyü də böyük yanğına səbəb ola bilər. Bu səbəbdən ən xırda nüanslara da çox diqqətlə yanaşmaq vacibdir. Belə obyektlərdə siqaret çəkmək üçün xüsusi məkanlar ayrılmalıdır. Digər bir məsələ isə payız-qış mövsümündə istiliyə olan təlabatın artmasıdır. Bu zaman spesifik təhlükələrdən biri də otaqları qızdırmaq üçün istifadə edilən qızdırıcı qurğulardır. Belə qurğuların işlək vəziyyətdə unudulması da böyük bir yanğın hadisəsinin meydana gəlməsinə şərait yarada bilər. Bu səbəbdən iş yerini tərk edərkən mütləq şəkildə bu qurğuların elektrik cərəyanından ayrılmasına diqqət etmək lazımdır. Bundan əlavə olaraq, bütün obyektlərdə elektrik naqillərinin sazlığına əmin olmaq lazımdır. Həmçinin, elektrik naqillərinin dağınıq formada yanma ehtimalı yüksək olan materialların üzərindən keçməsinə də təhlükəli şərait yaradır. 

Ümumiyyətlə, ticarət obyektlərində yanğın təhlükəsizliyi ilə bağlı qaydalara ciddi əməl edilmir. İnsanlar bu məsələyə biganə yanaşırlar. Doğrudur, tamamilə yanğın hadisələrindən sığortalanmaq mümkün deyil. Lakin bir sıra məsələlərə diqqət edəndə daha operativ formada bu kimi halların qarşısını almaq olur”. 

Bu gün Dərnəgüldəki taxta bazarında baş vermiş yanğına gəlincə, ekspert belə deyib: 

"Təcrübədə bu kimi hallar var ki, kimsə yanğın hadisələrini zərər vermək məqsədilə qəsdən törədir. Ancaq bunu öncədən demək doğru olmaz. Hər bir halda yanğının nə səbəbdən baş verməsi araşdırmalardan sonra ortaya çıxacaq". 

Aytac Şahin 

yenisabah.az

neymar.az

0.023759841918945