İstehsalat qəzalarında işçi, yoxsa işəgötürən günahkardır? - Elmar Nurəliyev

Xəbər verdiyimiz kimi, Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində 2 nəfər iş görərkən qazdan zəhərlənərək ölüb, 1 nəfər isə qazdan zəhərlənib. Ümumiyyətlə, son vaxtlar bu cür müəssisələrdə, çörəkbişirmə sexlərində bədbəxt hadisələrin yaşandığını müşahidə edirik. 
İş prosesinin icrası zamanı bu kimi fəlakətlərin yaşanmaması üçün hansı addımların atılmalı olduğu maraqlıdır.

Ölümədək gətirib çıxaran belə qəzalarda əsas günahkar kimdir?Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev sahibkarların əvvəlcədən bədbəxt hadisələrə qarşı ehtiyat tədbirləri görməli olduğunu deyib. Mütəxəssis bildirib ki, istehsalat sahəsində çalışan işçilərin müəyyən icazə sənədi olmalıdır:“Bütün iş yerlərində, istər xidmət sahələri, istərsə də istehsalat sahələrində obyektin texniki təhlükəsizlik normativlərinə uyğun olmasına, orada çalışan işçilərin texniki və s. təhlükəsizliyinə obyektin sahibi diqqət yetirməlidir. Müəssisədə işçilərin həyat və sağlamlığı üçün hansısa risk olmalı deyil. İstehsalatda olan bütün avadanlıqların hər birinin texniki pasportu olmalı, texniki baxışdan keçirilməlidir. Avadanlıqlarla çalışan işçilərin bu dəzgahlarla işləməsinə dair icazə sənədi olmalıdır. İstehsalatda çalışan işçilərin sanitar normalar, texniki təhlükəsizlik, əməyin mühafizəsi qaydaları, qaz və elektrik cihazlarından istifadəyə dair normalar haqqında məlumatlı olması mütləqdir”. 

Müsahibimiz işçilərin attestasiyadan keçirilməli olduğunu da sözlərinə əlavə edib:

“İstehsal sahələrində müəssisədə havalandırmanın, işıqlandırmanın, tozun və şüalanmanın norma və standartlara uyğun olması təhlükəsizlik tədbirlərinin bir hissəsidir. İşçilərin texniki təhlükəsizliyə dair bilikləri daimi yoxlanılmalı, onlar hər gün təlimatlandırıldıqdan sonra iş yerinə buraxılmalıdır. İşçilər texniki, əməyin mühafizəsi, yanğın təhlükəsizliyinə dair attestasiyadan keçməlidirlər. Bu attestasiyada uğurlu olmayan işçilər növbəti dəfə işə buraxılmamalıdır”.Ekspert xırda bir detalın diqqətdən qaçırılmasının böyük fəlakətlərlə nəticələndiyini deyib:

“Eyni zamanda texniki təhlükəsizliyə, əməyin mühafizəsinə nəzarət edən müfəttişlərin də işidir ki, istehsalat zamanı işlər standartlara uyğun, təhlükəsizlik qaydaları çərçivəsidə görülsün. İstehsalatda baş verən qəzaların böyük qismi texniki təhlükəsizlik qaydalarının, yanğın və əməyin təhlükəsizliyi qaydalarının pozulması səbəbilə baş verir. Yəni norma və standartlar pozulur və nəticədə bədbəxt hadisə baş verir. Xırda bir detalı diqqətdən qaçırmaq böyük bədbəxt hadisə yaşanmasına gətirib çıxarır. Ona görə, bu tip sahələrdə işə əvvəlcədən ciddi yanaşmaq lazımdır ki, bədbəxt hadisələr yaşanmasın, insanlar həyatlarını itirməsinlər”. 

Əzizə Zeynal

sfera.az

neymar.az

0.028703927993774