"İl ərzində 370 mindən çox insan boğularaq həyatını itirir"- Elmar Nurəliyev

24media.az-ın "1 sual və 1 cavab" rubrikasının budəfəki qonağı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevdir. O, son zamanlarda mediada intensivləşən boğulma hallarından danışıb.
- Dənizdə boğulmalar artıb, bunun səbəbi nədir və dənizdə üzmək üçün can atanlara nə məsləhət görürsünüz?
Yay mövsümü gələndə insanlar sərinləmək, istirahət etmək üçün dənizlərə, göllərə, hovuzlara, çaylara üz tuturlar. Təəssüflər olsun ki, boğulma təhlükəsi ilə üzləşənlər olur, boğulma halları baş verir. Boğulma təhlükəsi bütün dünyada özünü göstərir. Hətta il ərzində 370 mindən çox insan boğularaq həyatını itirir. Bu səbəbdən təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Çimərliyə gedərkən hava şəraiti nəzərə alınmalıdır. Əlverişsiz şəraitdə, yəni küləkli, buludlu, yağışlı havada, gecə vaxtı çimərliyə gedilməməlidir. Havada küləyin sürəti saniyədə 10-12 metri keçərsə, çimərliyə getməmək lazımdır. Çimərlik düzgün seçilməlidir. Hansı çimərlikdə xilasetmə xidməti fəaliyyət göstərirsə, həmin çimərliklərə üz tutmaq lazımdır. Rəsmi statistikalarda göstərilir ki, xilasedicilərin olduğu çimərliklərdə 1 nəfərdə də olsun boğulma halı qeydə alınmayıb. Üzmə sərhədləri daxilində sahilə paralel şəkildə üzmək vacibdir. Əfsuslar olsun ki, boğulma hallarıyla üzləşənlər üzmə sərhədlərini keçənlərdir. Dənizlərdə qayalıqlar arasında üzmək, dəmir konstruksiyalardan suya baş vurmaq, müəyyən oyunlar təşkil etmək təhlükəlidir. Dənizə spirtli içki ilə girmək yolverilməzdir. Sadalanan amilləri nəzərə almalı və nə qədər üzməyi mükəmməl dərəcədə bacarsalar belə, istirahətlərini planlı şəkildə və təhlükəsizlik qaydaları çərçivəsində təşkil etmələri vacibdir.
Lamiyə Cənnətzadə
24media.az
neymar.az
