Yayın bəlası: Dənizdə boğulma halları niyə baş verir?- Elmar Nurəliyev

Yay mövsümündə insanlar istirahət məkanı kimi daha çox çimərliklərə üz tutur. Təəssüf ki, mövsüm başlayan kimi dənizdə boğulma hadisələri yaşanır. Bugünədək əldə edilən məlumata görə, iyun ayının 15-dən bu günə qədər boğulma təhlükəsi ilə üzləşən 78 nəfər xilas edilib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev mövzu ilə bağlı News24.az-a açıqlamasında bildirib ki, çimərliyə gedərkən hava şəraiti mütləq nəzərə alınmalıdır. Ekspet vurğulayıb ki, küləyin sürəti saniyədə 10-12 metri keçərsə, çimərliyə getmək məsləhət görülmür:

"Əlverişsiz hava şəraitində, yəni, hava yağışlı, buludlu, küləkli, günün qaranlıq vaxtı olarsa, həmin gün çimərliyə getmək doğru deyil. Yaxşı olardı ki, vətəndaşlarımız xilasetmə xidməti olan çimərliklərə üz tutsunlar. Çünki belə çimərliklərdə boğulma halları qeydə alınmır".

Ekspert qeyd edib ki, çimərliyə gedərkən üzmə sərhədlərini keçməmək lazımdır:

"Təəssüf ki, bəzən çimərliyi yarış meydançasına döndərirlər. Yəni, kim daha çox üzə bilər?! Bundan başqa, spitli içki qəbul edib suya girmək yolverilməzdir. Qeyd edim ki, hər il dünyada 370 mindən çox insan suda boğularaq həyatını itirir”.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət  və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili News24.az-a açıqlamasında bildirib ki, iyun ayının 15-dən etibarən xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Xidmətin nəzarət etdiyi çimərliklərdə və İdea İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış Bakı şəhərinin Binəqədi, Sabunçu, Xəzər, Səbail və Qaradağ rayonlarında sualtı müayinələr həyata keçirilir. Ümumi 6 ictimai çimərlikdə dalğıclar vasitəsi ilə proses reallaşır. Əgər hansısa çimərlikdə xilasedici yoxdursa, xilasetmə texnika və vasitələri mövcud deyilsə, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və belə yerlərdə təhlükənin olduğunu bildirir. FHN Kiçikhəcmli Gəmilərə Nəzarət  və Sularda Xilasetmə Dövlət Xidməti hələ çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq zəruri təhlükəsizlik tədbirləri həyata keçirib. Belə ki, sualtı baxışlar nəticəsində aşkar olunmuş təhlükələr-yarğanlar, qəfləti dərinliklər xüsusi nişanlarla işarələnib. Həmçinin, üzmə sərhədlərini müəyyən edən nişanlar qoyulub. Vətəndaşların maarifləndirilməsi üçün xüsusi nişanlar yerləşdirilib”. 

Nərmin Murad

news24.az

neymar.az

0.031184911727905