Ağzı açıq quyular.. "ölüm maşını"na çevrilir- Elmar Nurəliyev

İllər öncə valideynlər övladlarını etibar edərək evlərindən çox uzağa- dükana, bazara göndərə bilirdilər. İndi isə azyaşlılar evdən bir neçə metr uzaqlaşan kimi gərək valideyn narahat olmağa başlasın və ya heç buna icazə belə verməsin. Evin yaxınlığında elektrik xətləri, qaz boruları və istismara açıq olmayan ərazi varsa, övladınızın yaşama riskini gözardı etməyiniz doğru olmayacaq. Texnologiyanın inkişafı, həyat standartlarının yüksəlməsi, vətəndaş sayının artması daha çox quyunun açılması, elektrik naqilinin çəkilməsi deməkdir. Artan əhali sayına nisbətən isə vətəndaş məsuliyyətsizliyi olduğu kimi qalıb.

Son günlər quyuya düşən uşaqlardan birinin valideyni quyudan bixəbər olduğunu bildirdi. Mümkündür. Ancaq, 10 yaşlı uşaq həmin ərazilərin təhlükəli ərazilər ola biləcəyini gördüyü zaman dərk edə biləcək yaşdadır. Təbii ki, azyaşlılara ən başda evdə valideyn, məktəbdə pedaqoq izah etməlidir ki, bu cür təhlükədən qaçınmalı, tanımadıqları əraziyə girməməlidirlər. Bütün bunlar kənardan əhəmiyyətsiz görünsə də, insan həyatını xilas edəcək qədər əhəmiyyətli məlumatlardır. Cəmiyyət özünə fərd yetişdirdiyi zaman təhsil ocağından yoldan keçənə qədər, hər kəs qarşısındaki azyaşlının maariflənməsi üçün çaba göstərməlidir. Sağlam və təhlükəsiz cəmiyyətin təməli budur.

Əraziyə baxdıqda isə nəinki azyaşlılar, böyüklərin belə asanlıqla həmin quyuya düşə biləcəyinin şahidi oluruq. Ərazini tanımayan istənilən şəxs 50 metrlik bu "məzara" rahatlıqla düşə bilər. Demək ki, biz harasa gedəndə sözün əsl mənasında başıaşağı gəzməliyik ki, hər an canımızdan ola bilərik. Üstü açıq quyular, elektrik naqilləri təkcə evlərdən uzaq ərazilərdə olmur. Kütləvi yaşayış binalarının da yaxınlığında görmək mümkündür. Çox zaman sakinlər öz çabaları ilə quyuların üzərini bağlayır. Məsuliyyət daşıyan qurumlar tərəfindən isə quyular sadəcə tərk edilir. Quyuların sonrakı taleləri ilə bağlı heç kim məsuliyyəti öz öhdəliyinə götürmür.

Məsuliyyət daşıyan qurumların cəzalandırılması problemin həllində böyük rol oynayacaq. İnsan həyatını heçə saymaq, bu qədər böyük faciəyə yol açmaqda ən böyük yükü onlar daşıyır. İstər pul istərsə də, həbs cəzası həyatını itirən azyaşlıları geri qaytarmayacaq. Ən azından vətəndaşlar ayıq-sayıq olub, bu kimi problemlərin həlli üçün çalışmağa diqqət göstərməlidir.

 

Problemlə bağlı ekspertlər "Olaylar"-a danışıblar:

Təhlükəsizlik eksperti Elmar Nurəliyev:

-Ümumiyyətlə, istər neft, istər su, istər kanalizasiya, istərsə də rabitə və kommunikasiya quyuları- bu quyular kimin, hansı qurumun balansındadırsa, onlar tərəfindən quyuların təhlükəsiz istismarı həyata keçirilməlidir. Əgər, quyunun girişini bağlayacaq hər hansı vasitə yoxdursa, qapağı oğurlanıbsa, istismarı həyata keçirilmirsə, içərisinə məişət tullantıları atılıb, çirkab suları axıdılıbsa quyunun sonrakı taleyi ilə mütləq məşğul olmaq lazımdır. İçərisinə insanlarla yanaşı, heyvanlar da düşüb həyatını itirə bilər. Əsasən, gün batdıqdan sonra işıqlı olmayan ərazilər yaxınlıqda yaşayan  azyaşlılar üçün təhlükəli olur. Demək ki, problem özlüyündə kifayət qədər təhlükəni ehtiva edir. Bu  quyular istismar müddəti bitibsə, hansı qurumun balansındadırsa, ətrafına hasar qoyulmalı, üstü örtülməlidir. Ola bilməz ki, quyular kiminsə və ya hansısa qurumun səlahiyyəti altında olmasın. Bu, mümkün deyil. Eyni zamanda "yaxınlaşmaq olmaz" kimi nişanlar ətrafda mütləq olmalıdır. Beləliklə, ətrafda yaşayan insanlar da məsələdən xəbərdar olacaq. Təəssüf ki, belə hallar nəinki təkcə neft, su, kanalizasiya quyularına da aid olur. Quyular nəzarətsiz, açıq halda olur və bu hal günlərlə, aylarla davam edir. Sonda bədbəxt hadisə baş verir. Ən yaxşı halda quyuya düşən adam xəsarət alır. Yalnız  hadisə baş verdikdən sonra quyu nəzarətə götürülür, təhlükə aradan qaldırılır. Yaxşı olar ki, öncədən təhlükəsizlik tədbirləri görülsün ki, insanlar xəsarət almasın, həyatını itirməsin.

Fərqli həyətyanı yaşayış evlərində, fərqli təsərrüfatlarda da bu cür quyulardan geniş istifadə olunur. Lakin, bu quyuların inşası və istismarı təhlükəsizlik qaydalarına, norma və standartlara, istismarı zamanı tələb olunan qaydalara riayət olunmadan həyata keçirilir. İstismar olunmayan zamanlarda quyunun mütləq qapağı olmalıdır. Daimi bağlı saxlanmalıdır. Quyunun ətrafı 150 santimetr radiusda baryerə alınmalı, bir yerdən giriş qapısı olmalıdır. Baryerin hündürlüyü 80 santimetr olmalıdır. İstismar olunmadığı müddətdə baryerində giriş qapısı daim bağlı saxlanılmalıdır.

Sosioloq Elçin Bayramlı:

-Əksər ərazilərdə bu kimi təhlükəli yerlər var. İstər quyu formasında, istər qapısı açıq transformator, istərsə də təhlükəli tullantılar  olan ərazilər hər zaman var. Burada iki məqam var. Birincisi məsuliyyət daşıyan orqanların laqeydliyidir. Belə hallara görə heç zaman heç kim cəzalandırılmır deyə, ərazi üzrə məsuliyyət daşıyan şəxslər məsuliyyətdən boyun qaçırır. İkincisi isə ərazidə yaşayan insanların sosial məsuliyyətinin aşağı olmasıdır. Həmin ərazidə yaşayan sakinlər, oradan keçənlər, qonaq gələnlər olur. Niyə heç kim bunları bilə-bilə bu kimi problemin həlli üçün heç kimi çağırmır?

Nə müvafiq idarəni problem ilə bağlı agah edirlər,nə də  ətarfdakı insanlarla birlikdə problemi həll etməyə çalışırlar. Qaz qurğuları, qapısı açıq elektrik yuvaları və bir çox bu kimi təhlükəli şeylər var ki, azyaşlılar üçün ölüm təhlükəsi ilə üz-üzə qalmaq deməkdir. Nə qədər ki, cəmiyyət olaraq laqeyd olacağıq, sosial məsuliyyəti dərk etməyəcəyik, belə halların ardı kəsilməyəcək. Başqasına oldusa mənə nə deyərək yaşamaq prinsipi doğru deyil. Vaxt gəlir, həmin hadisələr insanın özünə, yaxınlarına da zərər vurur. Cəmiyyət olaraq,  bu kimi hadisələrə reaksiya vermiriksə, nə vaxtsa biz də bundan hansısa formada əziyyət çəkəcəyik. Görürəm ki, ümid vətəndaşların özünə qalıb. Konkret olaraq, bir neçə gün əvvəl quyuya düşüb həyatını itirən iki azyaşlıdan danışsaq, onlar da məsuliyyətsizliyin qurbanıdır. Ərazidən minlərlə adam keçib, təhlükəni görüb. İndiyə qədər heç kim düşünməyib ki, həmin quyuya azyaşlılar düşə bilər, qaranlıqda kimsə yıxıla bilər?

Həmin uşaqların  ölümünün günahını başda həmin əraziyə baxan qurum və ərazidə yaşayan laqeyd insanlar daşıyır. Azyaşlılar böyüklərin laqeydliyinin qurbanı oldu. İndiyə qədər çox belə hadisələr baş verib. O deməkdir ki, biz faciələrdən heç bir dərs çıxarmırıq. Hər kəs sadəcə öz darvazasından, qapısından içərini düşünür.Öz darvasından kənarda boru qırılıb kiminsə başını yarsa, yolda çökəklik olsa, yenə də heç kim buna diqqət yetirmir. Darvazasından 2 metr uzaqlıqda baş verənlər heç kimi maraqlandırmır. Öz evindən kənarda tufan qopsa, ölüm olsa, elektrik naqilləri qırılıb küçəyə düşsə heç bir sakin bunu aradan qaldırmağa çalışmayacaq.  Belə halda nə gözləyə bilərik ?

Bundan da dəhşətli faciələr ola bilər. Yaxşı ki, olmur. Belə düşüncəyə sahib cəmiyyətlərdə daha çox faciə əmələ gəlir. Həm vətəndaşların, həm də məsuliyyət daşıyan orqanların laqeydliyi, cəzasızlıq mexanizmi nəzarətsiz halların baş verməsinə gətirib çıxarır. Bunun həll yolu ancaq məsuliyyət daşıyan qurumların cəzalandırılması və insanların sosial məsuliyyətini dərk etməsidir. İnsanlar ətrafda baş verənlərə reaksiya bildirməli, tədbir görməyə çalışmalıdır.

Vəkil Turan Abdullazadə:

-Sabunçu rayonu ərazisində baş vermis hadisə ilə əlaqədar Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda- min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Eyni əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda -
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Burada ilk öncə həmin quyuların hansı dövlət orqanının, hansı özəl qurumun balansında olmasını dəqiq müəyyən etmək lazımdır. 
          Daha sonra həmin ərazilərə nəzarət etməli olan qurumun məsul vəzifəli şəxsləri müəyyən edilməlidir. 
          Yayılmış məlumatlara əsasən, hadisə ilə bağlı SOCAR bildirib ki, həmin quyular Dövlət Neft Şirkətinin balansında deyil.  
Lakin yerli sakinlərin sözlərinə görə,  hazırda istismara yararsız olan quyular SOCAR-ın balansındadır və mühafizəsi həyata keçirilmir.
          Hadisənin baş vermə halı və şəraitinin,təqsirli qurumun və onun məsul şəxslərinin,  eləcə də, iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri aparılmalı və cinayətin baş verməsində şübhəli bilinən şəxslər istintaqa cəlb olunmalıdır. 
  Vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi halları istintaq gedişində toplanmış materiallarla öz təsdiqini taparsa həmin şəxslər barəsində ittiham aktı tərtib olunaraq iş materialları ilə birlikdə müvafiq məhkəməyə göndərilməlidir.

Əfsanə Kamal

olaylar.az

neymar.az

0.029212951660156